Rusiyanın “Lukoil” şirkətinin Özbəkistan ofisinin vəzifəli şəxsi
özbək fəhlələri “qoyun sürüsü” adlandırıb və onlardan “öz qışlaqlarına
getməyi” tələb edib.
İnsident Qaşqadərya vilayətindəki “Carkuduk” qaz kompleksində baş verib.
Qeyd
edək ki, Azərbaycanda da əvvəllər neft sektorunda işləyən xarici
şirkətlərin yerli fəhlələri təhqir etməsi, onlarla kobud davranması
hallarına rast gəlinib. Hətta bununla bağlı məhkəmə çəkişmələri də baş
verib.
Bu durum indi də davam edirmi?
Neftçilərin
Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı
Cebhe.info-ya açıqlamasında deyib ki, Azərbaycanda fəaliyyət göstərən
xarici şirkətlərdə çalışan azərbaycanlılara qarşı hələ də diskriminasiya
var:
“Bəzi
xarici şirkətlər hələ Azərbaycana ayaq basanda, onlarda ölkəmiz haqda
qəribə təsəvvür yaranmışdı. Düşünürdülər ki, müharibə şəraitidir, ağır
durumdur və fəhlələr olduqca kütdür. Elə o səbəbdən də davranış və
hərəkətlərində belə hallara yol verirdilər. Çox təəssüflər olsun ki, o
vaxt Azərbaycanda fəaliyyət göstərən qeyri-hokumət təşkilatları,
Həmkarlar İttifaqı bu məsələyə biganə yanaşırdılar. Bu və ya digər
xarici şirkəti tənqid edəndə, onlar elə bilirdilər ki, bu, dövlətçilik
əleyhinədir. Yalnız bizim təşkilat müəyyən addımlar atırdı. Çox
insanlarda anlayış yox idi ki, dövlətin qanunları var və bu qanunlar
çərçivəsində öz haqlarını tələb edə bilərlər. Əmək Məcəlləsinin 5-ci
bəndində göstərilir ki, ölkəmizdə fəaliyyət göstərən bütün şirkətlər,
fiziki şəxslərin hamısı qanunlarımıza riayət etməlidir. Onlarla bağlanan
müqavilələrdə başqa hal göstərilməyib. Sadəcə, biznes sahəsində hansısa
fərq ola bilər”.
QHT
sədri qeyd edib ki, Azərbaycan fəhlələrinə qarşı bu tip hal və
şikayətlərlə qarşılaşdıqları zaman məsələni nəzarətə götürür,
məhkəmələrə müraciət edirlər:
“Son
vaxtlar belə hallar bir qədər azalıb. Amma bu yaxınlarda da bir
şirkətdən şikayət daxil olub. Söhbət BP tərəfdaşı PD&MS şirkətindən
gedir. SOCAR-ın milliləşmə siyasəti var, amma xarici şirkətlər buna
qətiyyən əməl etmir, şirkətə gətirilən əcnəbilərin əksəriyyətinin ali
təhsili yoxdur. Məlum olduğu kimi, hər hansı bir peşə üzrə ölkədə yerli
mütəxəssis olmadığı halda əcnəbi mütəxəssis ölkəyə dəvət olunmalıdır,
amma bu qaydaya da riayət olunmur. Ən pisi odur ki, əcnəbilər yerli
işçilərlə qul kimi davranırlar. İstədikləri işçiləri səbəbsiz yerə işdən
çıxarırlar. Bütün menecment əcnəbilərdir. Şirkət ölkəyə 2014-cü ildə
gəlib, BP-nin platformalarında qazma hissəsində mühəndis, təmir, dizayn
işləri görür.
Yəni
belə hallara təsadüf olunur, diskriminasiya var. Hətta davam edəcək.
Hazırda bu məsələdə ictimai nəzarət çox zəifdir. Həmkarlar Təşkilatının
adı var, özü yoxdur. Düzdür, bu hallar əvvəlki kimi kütləvilik daşımasa
da, belə faktıların mövcudluğu üzə çıxır. Sadəcə, işçilər tiraz etmir,
qorxurlar”.
