Bazar ertəsi , İyun 27 2022
Ana səhifə / İqtisadiyyat / Partiya sədri: “Poz,qazan”, “Misli” kimi oyunlar gəncliyimizə çox pis təsir edir”

Partiya sədri: “Poz,qazan”, “Misli” kimi oyunlar gəncliyimizə çox pis təsir edir”

“Ölkəmizdə son günlər geniş yayılmış “Poz,qazan”, “Misli” kimi oyunlara qeyri-ciddi baxıram. Bunlar sadəcə olaraq gəncliyimizə çox pis təsir edir. Ümumiyyətlə, onu deyə bilərəm ki, ölkədə təbliğat pis gedir və pis nümunələr çox göstərirlər ki, bunun da artıq qarşısı tamamilə alınmalıdır. Cəmiyyətimizdə yaxşı nümunələrin göstərilməsindən həddindən artıq çox ehtiyac var”.

Bunu açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib. Partiya sədri qeyd edib ki, bu gün bizim kütləvi informasiya vasitələrinin, xüsusilə də televiziyaların yaxşı nümunələr göstərmək üçün böyük imkanları var:

“Təbii ki, onlar yaxşı nümunə göstərməlidirlər ki, yalnız orta yaş nəsil deyil, eyni zamanda yeni gənclik də yaxşı nümunələrdən istifadə etsinlər. Bu gün şəhər küçələrində qumar oyunları baş alıb gedir, televiziyalarda başdan-ayağa ağlaşma verilişləri göstərilir. Bundan başqa, biri ərə gedir boşanır, biri getdiyinin pulunu mənimsəyir, nə bilim gel vururlar və s. kimi belə şeylərlə heç vaxt qabağa gedə bilmərik”. 



E.Musayev bildirib ki, cəmiyyət ilk olaraq belə neqativlərdən qurtulmalı və pozitivliyə söykənməlidir:

“Bu gün cəmiyyətimizin ilk növbədə pozitivliyə ehtiyacı var. Fikir verin ki, sosial şəbəkələrdə, televiziyalarda səhərdən axşamacan neqativ xəbərlər paylaşılır. Ya kimsə intihar edir, kimsə ölür, kimsə kiməsə ilişir və daha nələr. Bundan başqa, 50 yaşlı arvad ərə gedib boşanır və dördüncü dəfə özünə “Həci” tapıb, ona da bahalı bir maşın aldırır və s. Baxın, bu gün cəmiyyətimizə göstərilən nümunələr bunlardır. Bunlar da həqiqətən çox pis nümunələrdir. Ölkəmizdən kənarda çox güclü Azərbaycan gəncləri var, ölkənin daxilində yaxşı işləyən, pul qazanan çoxlu adamlarımız var. Cəmiyyətə bunlar nümunə göstərilməlidir. Nə qədər olar belə şeylər?! Bu gün Azərbaycan televiziyalarında veriliş aparan kimlərdir? Bu gün televiziyanın başında duran adamlar bu millətə ermənilərdən də çox ziyan vururlar. Ona görə də, yaxşı yaşamaq üçün yaxşı idarə olunmaq, yaxşı istiqamətə getmək lazımdır”. 

“Gənclərin asudə vaxtları üçün alternativ şərait yaratmaq lazımdır. İnsanların yaxşı yaşamaq üşün istirahət etməyə imkanları olmalıdır. İqtisadi baxımdan güclü ölkə olmalıyıq. Oğurluq, rüşvət, korrupsiya aradan götürülməlidir. İnsanların məşğulluğu təmin olunmalıdır, orta, xırda biznes inkişaf etməlidir. Bəzi yazıçılar deyir ki, imkan verin kitab kafesi açaq. Norveçdə də belə xırda simvolik bir şey yaradırlar ki, tələbələr asudə vaxtlarını burada keçirirlər.  Bunun üçün də ölkəmizdə 6 aylıq, 1 illik, 5 illik planlar olmalıdır. Bu məşğulluğu təmin etmək lazımdır, özü də süni yox, təbii sürətdə. Bunun üçün də ölkənin iqtisadi sahəsinə baxan komanda yaxşı işləməlidir”.
 
Partiya sədri vurğulayıb ki, bu gün ölkəmizdə yeni nəfəs alan adamlar var ki, onlar ölkəni yaxşı istiqamətə doğru dəyişməlidir:

“İndiyədək Azərbaycanda olan nazirlərin hamısı kef edib, saat 1-dən sonra işləməyiblər. Amma indi ölkəmizdə yeni nəfəs alan adamlar var, onlar ölkəni dəyişməlidir. Bunun üçün də yaxşı üsullar tapmalıdırlar. “Poz, qazan”, “Misli”, “Topaz” kimi qumarla, nə bilim kazino ilə, meyxana ilə olmur heç nə. Bunlar hamısı cəmiyyət üçün neqativ, onu uçuruma aparan nümunələrdir. Bunlar ölkədən yığışdırılmalı, alternativlər tapılmalıdır. Bizim xaricdə olan intellektual gənclərimiz ölkəyə cəlb olunmalıdırlar ki, ölkəmiz öz səviyyəsini yüksəyə qaldırsın. Yoxsa belə şeylərlə ölkə uçuruma gedəcək”.

Həmçinin oxuyun

Büdcəni “pis öyrətməyək” – TƏHLİL

Sirr deyil ki, dövlət büdcəmiz neftdən asılı vəziyyətdədir. Neft-qaz sektorundan gəlirlər olmasaydı, dövlət büdcəmiz bugünki …