Ana səhifə / İqtisadiyyat / Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL

Pandemiyanın iqtisadiyyata vurduğu ağır zərbə və zərərlərin müqabilində yeganə bir xeyri oldusa, bu da hesablaşmalarda nağdsız əməliyyatların çoxalmasıdır. Düzdür, bu sahədə bir çox ölkələr hələ illər öncədən bizi xeyli qabaqlayıblar. Həmin ölkələrdə də elektron və yaxud rəqəmsal pul vahidinin tam hökmran olacağı gün bir az yaxına çəkildi. Necə ki, bizdə hesablaşmalarda nağdsız əməliyatların genişlənməsi üçün illərlədir ciddi səylər göstərildiyinə baxmayaraq, məhz keçən il böyük irəliləyiş əldə olundu.

Ölkədə plastik ödəniş kartlarının sayında hər il baş verən artım getdikcə daha sürətli şəkildə davam etməklə yanaşı, keçən ildən etibarən nağdsız ödənişlərin də həcmi genişlənməyə başlayıb. Avqust ayının əvvəlində dövriyyədə olan ödəniş kartlarının sayı 10.400.000 olmaqla, 52 faizindən təmassız ödənişlər üçün istifadə edilir.

Ümumiyyətlə, ilin birinci yarısında ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 22,3 faiz artaraq, 15.900.000.000 manat, bunun daxilində də nağdsız ödənişlər 55,6 faiz artaraq, 4.500.000.000 manat təşkil edib. Ödəniş kartları ilə aparılmış ölkədaxili əməliyyatlarda nağdsız hesablaşmaların xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz yüksələrək, 28,1 faizə çatıb. Başqa sözlə desəm, qeyd olunan müddətdə ödəniş kartları ilə aparılan hər 100 manatlıq əməliyyatın 28 manatı nağdsız, 72 manatı isə nağd əməliyyatların payına düşüb. 2020-ci ilin birinci yarısında isə bu rəqəmlər müvafiq olaraq 22 və 78 manat nisbətində olub.

Təkrar edirəm, ölkədə qeyri-nağd hesablaşmaların genişlənməsi üçün rəsmi səviyyədə artıq neçə illərdir genişmiqyaslı işlər aparılsa da, istənilən nəticə əldə olunmurdu. Düzdür, bunun obyektiv səbəbləri də var. Əvvəla, nağdsız ödənişlərin çoxalması qısa müddət ərzində həllini tapacaq iş deyil. İkincisi, bunun üçün gərək, hər cür praktik şərait də mövcud olsun. Məsələn, bütün xidmət və ticarət obyeklərində POS-terminallar olmalı və durmadan artmalıdır. O cümlədən, digər infrastruktur imkanlar da həmçinin… Ancaq başqa şərtlər də var.

Birincisi, vətəndaşların buna marağı olmalı, ikincisi, stimullaşdırıcı elementlər genişmiqyaslı xarakter daşımalı, üçüncüsü isə, əhalinin gəlirləri də tələb olunan səviyyəyə çatmalıdır. Bunlar məsələnin ümumi tərəfləridir.

Son statistik göstəricilərə bir daha diqqət yetirək. Nəyə görə ilin birinci yarısının yekunlarına əsasən Azərbaycanda debet və kredit kartları ilə əməliyyatların həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 57 faiz artaraq, 4,3 milyard manat təşkil edib? Buna pandemiya zəmin yaradıb. 2020-ci il ərzində debet və kredit kartları ilə əməliyyatların həcmi üzrə rəqəmin 6,1 milyard manat təşkil etməsi də bunun nəticəsi oldu. Bu il qeyd olunan rəqəm yəqin ki, bir az da böyüyəcək.

Ölkədə hesablaşmalarda nağdsız əməliyyatlara üstünlük verilməsinə nail olmaq əslində, daha genişmiqyaslı tədbirlər görülməsini tələb edir. Bunların sırasında müvafiq inzibati metodların tətbiqi və qanunvericiliyin sərtləşdirilməsi də təmin olunmalıdır. O cümlədən, maaş və pensiya kartlarında saxlanan vəsaitlərə faiz hesablanması da vətəndaşların pullarını kartlarda saxlamalarına böyük stimul verə bilər.

Yeri gəlmişkən, bir məsələyə də diqqəti çəkim. Əvvəllər vətəndaşlar alış-veriş zamanı ödəniş çeklərinə mənasız bir kağız parçası kimi yanaşırdılar. Yəni, nə tələb edir, nə də ki verəndə götürürdülər. İndi ödəniş çekləri ƏDV-nin bir hissəsini geri almaq imkanına görə qiymətli bir sənədə çevrilib. Qeyri-nağd ödənişlər də həmçinin… Bu, həm dövriyyəyə nəzarət etmək və büdcəyə vergiləri yerindəcə təmin etmək üçün dövlətə və hökumətə xeyirdir, həm də vətəndaşlara faydalı və mənfəətlidir. Amma bundan ötrü gərək, vətəndaşın nəzərini çəkəsən… Bunun da yolu stimullaşdırıcı tədbirlərdən keçir.

İki il öncə, “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” təsdiqlənmişdi. Bu sənədə əsasən, 2021-ci ilədək ölkədə nağdsız dövriyyənin həcmi 17 milyard manata çatmalı idi. Proqramın müddəti artıq başa çatır, biz isə hələ təkrar edirəm, keçən ilin yekununa əsasən 6,1, cari ilin birinci yarısına 4,3 milyard manat səviyyəsindəyik. O da pandemiyanın sayəsində.

Pərviz Heydərov

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …