Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Otellərin artan qazancı: Həm bahalaşma, həm də…

Otellərin artan qazancı: Həm bahalaşma, həm də…

Bu ilin I yarısında Azərbaycandakı mehmanxana (otel) və mehmanxana tipli obyektlər 147 milyon manat gəlir əldə edib. 

Dövlət Statistika Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 63,1 % çoxdur. 6 aylıq gəlirin 58,4 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,5 %-i ictimai iaşə xidmətlərindən, 3,2 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,9 %-i isə digər xidmətlərin göstərilməsindən əldə olunub. Hesabat dövründə mehmanxana və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 12,4 % səviyyəsində olub ki, bu da 1 il əvvələ nisbətən 3,4 faiz bəndi çoxdur. Bu göstərici Şabranda 90 %, Naftalanda 27 %, Beyləqanda 26,7 %, Qubada 26,5 %, Ağcabədidə 19,6 %, Bakıda 18,6 %, Lənkəranda 17,6 %, Sabirabadda 17,2 %, Şuşada 17,1 %, Qusarda 16,4 %, Qəbələdə 16,4 %, Göyçayda 12,8 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub. 

Qeyd edək ki, cari ildə ötən son iki illə müqayisədə turist sayında bir qədər artım müşahidə edilsə də, hələ də istənilən nəticəni əldə edə bilməmişik. Xüsusilə də yay turizm mövsümü bu sektorda daha çox canlanmanın yarandığı bir dövrdür. 

Cari ildə ölkədəki otellərin gəlirlərinin bir qədər artması ölkəyə gələn turist sayının artması, yoxsa xaricə gedə bilməyən Azərbaycan vətəndaşlarının daxili turizmə üstünlük verməsi ilə bağlı yaranıb? Otellərin gəlirlərinin artmasında qiymət artımının rolu varmı? 

“Skal İnternational Baku” Beynəlxalq Turizm təşkilatının prezidenti, turizm üzrə ekspert Ceyhun Aşurov Cebhe.info-ya bildirdi ki, Azərbaycanda statsistik məlumatlara görə, cari ilin yanvar-iyun ayı ərəfəsində otellərin gəlirləri 63 faiz, gecələmələrin sayı isə 50 faizə yaxın artıb: 

“Bu, təbii ki, ötən illə müqayisədə məhdudiyyətlərin daha çox aradan qaldırılması ilə bağlı özünü göstərir. Baxmayaraq ki, hələ də quru sərhədləri bağlıdır, ancaq hava yolu ilə uçuşların sayında artım var. Quru sərhədlərinin bağlı olması təbii ki, gələnlərin sayına təsir edir. Nəzərə alsaq ki, ölkəyə gələnlərin ümumi sayında qonşu ölkələrdən olan xarici vətəndaşlar üstünlük təşkil edir. Ancaq gecələmələrə baxsaq, daha çox Körfəz ölkələrindən, İsrail, Oman, ərəb ölkələri, Pakistandandan olan vətəndaşlar üstünlük təşkil edir ki, onlar da daha çox qohum və dost ziyarəti deyil, hotellərdə gecələyirlər. Bu da ümumi artıma təsir göstərib ki, ötən illə müqayisədə oteldə qalmanın sayına təsir edib. Regionlarda Azərbaycan vətəndaşlarının hesabına ötən il doluluq müşahidə olunurdu. Lakin bu il xarici turistlərin sayı da buraya əlavə olunub. Baxmayaraq ki, Azərbaycan vətəndaşlarının ötən illə müqayisədə bir çoxu xaricə səfər edib”. 

Ancaq yenə də böyük bir qismi öz istirahətlərini ölkə daxilində keçirməyə üstünlük verirlər: 

“Bu artım həm bizim ölkə vətəndaşlarının bölgələrə səfərləri, eyni zamanda gələn turistlərin sayında, müvafiq olaraq hotellərdə qalmalarının sayına görə yaranıb”. 

C.Aşurov deyir ki, gəlirlərin artmasında tələbat rol oynayır və qiymətlərin də müəyyən qədər artması buna təsir göstərir: 

“Xüsusilə də regionlarda sıxlıq olan yerlərdə və yaxud da beşulduzlu hotellərdə qiymətlərdə artım müşahidə olunur. Təbii ki, bu da gəlirə təsir göstərir. Gəlirlərin artması paralel olaraq xərclərin də artmasıdır. Çünki otellərin özünün də paralel olaraq, xərcləri, o cümlədən ərzaq, təmizlik xərcləri də artıb”. 

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …