Ana səhifə / İqtisadiyyat / Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

Orta Dəhlizdə ortaq maraqlar: “Brüssel ilə Pekin arasında…”

“Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu həm Avropa İttifaqı, həm də Çin Xalq Respublikası üçün ən prioritet layihələrdən biridir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli “Cebhe.info”-ya açıqlamasında Avropa İttifaqı ilə Çinin Orta Dəhliz layihəsi üzərində birgə əməkdaşlığının mümkünlüyü barədə danışarkən bildirib.

Onun sözlərinə görə, qlobal dünyada hazırkı geosiyasi proseslər Orta Dəhliz layihəsinin reallaşmasına təkan verir:

“İndiki dövrdə Rusiya-Ukrayna müharibəsi, həmçinin Qırmızı dənizdə yaşanan gərginlik səbəbindən yeni logistik marşrut xətlərin əhəmiyyəti artıb.Yeni marşrut xətləri arasında Orta Dəhliz daha önəmlidir. Bu dəhliz Çin və Aİ-nin maraqları çərçivəsinə daxil olan prioritet layihədir.

Təsadüfü deyil ki, Aİ Türkmənistan və Qazaxıstanda, o cümlədən Özbəkistanda yeni infrastruktur layihələrinə 10 milyard avro kredit ayırmağı planlaşdırır. Bu o deməkdir ki, Orta Dəhlizin Mərkəzi Asiya hissəsi yenidən qurulacaq. Bu da logistik yüklərin Xəzər dənizi üzərindən Azərbaycana daşınması üçün şərait yaradacaq.

Azərbaycanda isə nəqliyyat infrastrukturu ilə bağlı layihələr daha tez həyata keçirilib. Bakı limanı və Bakı-Tbilisi-Qars dəmir yolu tam olaraq istifadəyə verilib. 

Hər iki infrastruktur Orta Dəhlizin əsas marşrut xətlərindən biri olacaq”.

Orta Dəhlizin Avropa İttifaqının Çinlə münasibətlərinin inkişafına təsirinə gəlincə, N.Cəfərli vurğulayıb ki, Brüssel ilə Pekin arasında ticarət dövriyyəsi 1 trilyon avro civarındadır:

“Bu ticarət dövriyyəsinin bir hissəsi gəmilər vasitəsilə həyata keçirilir. Ancaq Çinin qərb ərazilərindəki logistik yüklərin məhz dəmir yolları vasitəsilə danışınması daha əlverişlidir. Çünki Çinin elə bölgələri var ki, oralardan dəniz limanlarına qədər 3 və 4 min məsafə qət eləmək lazımdır. Bu isə sərfəli deyil və baha başa gəlir.

Ona görə də Çinin Qərb ərazilərindəki logistik yüklərin Orta Dəhliz vasitəsilə Mərkəzi Asiya və Cənubi Qafqaz üzərindən daşınması daha məqbuldur. Azərbaycandakı dəmir yolları buna tam hazırdır.

Ən azı dəmir yolu ilə Çindən Londuna logistik yüklərin 15 və 16 gün ərzində daşınması mümkün olacaq. Hesab edirəm ki, Pekin və Brüssel Orta Dəhliz layihəsinə getdiqcə daha çox önəm verməyə başlayıb”.

Həmçinin oxuyun

Azərbaycan xaricdən 10 milyard dollar borc almaq istəyir

Azərbaycanın xarici dövlət borcunun 10 milyard ABŞ dolları artırılması imkanları nəzərdən keçirilir. Bunu maliyyə naziri Samir Şərifov …