Cümə , Oktyabr 22 2021
Ana səhifə / İqtisadiyyat / Oqtay Əsədovun qardaşı oğluna 20 milyonluq sifariş

Oqtay Əsədovun qardaşı oğluna 20 milyonluq sifariş

Səhiyyə Nazirliyi “Arash Medical Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 19 426 498.6AZN təşkil edən üç satınalma müqaviləsi bağlayıb. 
Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 7 544 747.25 AZN olan birinci müqavilədə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) nəzərdə tutulur. 
Maliyyə dəyəri 6 322 729.34 AZN təşkil edən ikinci müqavilə isə 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının tikintisi (tibbi avadanlıqlarla təchizatı) ilə bağlıdır. 
Maliyyə dəyəri 5 559 022.01 AZN təşkil edən üçüncü müqavilədə isə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 2 nömrəli Doğum evinin əsaslı təmiri (tibbi avadanlıqlarla təchizatı) nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Arash Medical Company” QSC 22 iyun 2011-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, ev 26-da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Kamran Abid oğludur. Açıq mənbələrdə onunla bağlı hər hansı məlumat yoxdur.
Mediada yayılan xəbərlərdə iddia edilir ki, “Arash Medical Company” MMC-nin faktiki sahibi Milli Məclisin keçmiş spikeri Oqtay Əsədovun qardaşı oğlu Cavid Əsədovdur. Məlumat bu günə qədər təkzib olunmayıb. 
Jurnalist Cavanşir Həsənlinin bir müddət əvvəl QSC ilə bağlı araşdırma materialında şirkətin 2011-ci ildə yaranmasına baxmayaraq, 2010-cu ildən tenderlərdə iştirak etdiyi bildirilib. Jurnalist həmçinin qeyd edir ki, şirkət 2010-2019-cu illərdə ümumi maliyyə dəyəri 250 milyon manat təşkil edən 366 tenderin qalibi olub. Satınalmaların əhəmiyyətli hissəsi Səhiyyə Nazirliyinə məxsus olub. Cavid Əsədova gəlincə, onun adı Elnur adlı şəxsin törətdiyi dələduzluq əməllərində hallandırılırdı. Bildirilirdi ki, Elnur yüksək vəzifəli şəxslərə məxsus şirkətlərdən iri məbləğlərdə pul alaraq ölkəni tərk edib. Bu məsələdə deputat Elmira Axundovanın oğlu Həbib Axundovla yanaşı, Cavid Əsədovun da fiqurant olduğu iddia edilirdi. 

Həmçinin oxuyun

Bahalaşmanın əsas səbəbləri nələrdir? – VİDEO

Son dövrlər ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Ekspertlər qeyd edirlər ki, bunun …