Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Onlarla türk generalını “terrorçu” kimi həbsxanaya doldurdu və… Ermənistana qaçdı

Onlarla türk generalını “terrorçu” kimi həbsxanaya doldurdu və… Ermənistana qaçdı

Türkiyədə bir vaxtlar baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən silahlı qüvvələrin yüksək rütbəli mənsublarını kütləvi şəkildə həbs edərək “Ergenekon terrorçusu” adı altında həbsxanaya doldurmağa sanksiya verdiyinə görə zirehli avtomobillə mükafatlandırılan prokuror Zəkəriyyə Özün Ermənistana qaçdığı ortaya çıxıb.

Virtualaz.org saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, avqustun 10-da prokurorluq Zəkəriyyə Özün, habelə qalmaqallı “Ergenekon” işinin digər prokuroru Cəlal Kara  barəsində mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaq və hökuməti devirməyə cəhd göstərmək ittihamı ilə həbs sanksiyası verib.

Lakin məlum olub ki, həbs sanksiyasının çıxarılmasına az qalmış Zəkəriyyə Öz və Cəlal Kara Gürcüstana qaçıb.

Türkiyə tərəfi Gürcüstan polisini prokurorların bu ölkəyə qaçdığına dair məlumatlandırıb. Daha sonra məlum olub ki, prokurorlar Gürcüstanda duruş gətirməyiblər və oradan Ermənistana keçiblər.

Zəkəriyyə Özün və Cəlal Karanın Ermənistana keçdiyi barədə Artvin vilayətinin valisi Kemal Cirit Twitter bloqundan elan edib. Valinin bildirdiyinə görə, Zəkəriyyə Öz yerli vaxtla saat 03:46-da, Celal Kara isə 04:19-da Sarp sərhəd-keçid məntəqəsindən Gürcüstanın Batumi şəhərinə keçib.

“Sözügedən şəxslərin daha sonra Gürcüstan üzərindən Ermənistana keçdikləri təsbit olunub”– vali bildirib.

Zəkəriyyə Öz yaxın keçmişə qədər Türkiyənin siyasi sistemində hakim mövqeyə malik olan Fətullah Gülənin (Gülən camaatının lideri) ən sadiq əsgərlərindən biri idi.

“Ergenekon” adlı mifik terror təşkilatı barədə cinayət işi qaldıran, bu cinayət işi çərçivəsində əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin istefada olan generallarını, digər yüksək rütbəli zabitlərini, Atatürkçü ziyalıları, jurnalistləri, daha sonra həbsləri Türkiyə ordusunun xidmət başında olan komandanları barədə sanksiyalar çıxarmaqla davam etdirən məhz Zəkəriyyə Öz olub.

Zəkəriyyə Öz ordu generalları, əksər qoşun növlərinin komandanları , o cümlədən silahlı qüvvələrin Baş qərargah rəisi İlkər Başbuğ barəsində “terror təşkilatı qurmaq və ona başçılıq etmək” kimi ağır ittihamla cinayət işi qaldırıb onları bir-birinin ardınca Silivri həbsxanasına göndərirdi.

Silivri həbsxanası Özün həbs etdirdiyi generallarla, ziyalı və jurnalistlərlə doldurulmuşdu, onların əksəriyyətini ömürlük həbs cəzası gözləyirdi. Və “Ergenekon” məhbusları üzərində qurulan məhkəmə proseslərində onların əksəriyyətinin barəsində belə hökmlər çıxarılmışdı.

Zəkəriyyə Özün Fətullah Gülənin Türkiyədə təriqət dövləti qurmaq planlarına mane ola biləcək hər kəsi “terrorçu” adı altında həbsxanalara doldurması düz 2013-cü ilə – Ərdoğanla Gülən arasında münasibətlərin pozulmasına qədər davam etdi.

2013-cü ilin dekabrında Gülənin ordusu-Türkiyənin polis və ədliyyə sistemində kök salmış fətullahçılar bu dəfə Ərdoğanın özünü devirmək üçün hərəkətə keçdi. Onun hökumətinin nazirlərinin korrupsiya əməlləri ortaya çıxdı, ilk həbslər aparıldı və hətta Ərdoğanın oğlu Bilal barəsində həbs sanksiyası çıxarıldı. Ancaq Ərdoğan əks-hücuma keçərək Türkiyənin polis və ədliyyə sistemində fətullahçıları kütləvi şəkildə işdən azad etməyə başladı.

Bir vaxtlar Ərdoğanın hakimiyyət müttəfiqi olan Fətullah Gülənin şəbəkəsi “paralel dövlət” adı alaraq zəiflədildi.

Ərdoğanla Gülən arasındakı qarşıdurma “Ergenekon” məhbusları üçün də həbsxana qapılarını açdı. Onlara qarşı ittihamların saxta olduğu etiraf edildi.  İstanbul Cümhuriyyət prokuroru işləyən Zəkəriyyə Özü ucqar rayonlardan birinə prokuror təyin etdilər, səlahiyyətlərini əlindən aldılar. Öz isə yeni iş yerinə getmədi, Ərdoğanın hakimiyyətinə qarşı ara-sıra çıxışlar etdi.

İndi onun özü bir vaxtlar Türkiyə ordusunu ciddi şəkildə zəiflədən həbs əməliyyatları zamanı istifadə edilmiş ittihamla – hökuməti devirməyə cəhd və mütəşəkkil qruplaşma yaratmaq ittihamları ilə üzləşib. Və prokuror Öz həbs sanksiyası barədə əvvəlcədən məlumat alaraq Ermənistana qaçıb. Niyə məhz Ermənistana qaçıb, bu haqda hələ ətraflı məlumat yoxdur.

Ancaq bir vaxtlar NATO-nun ikinci ən güclü ordusu hesab edilən türk ordusunun komandanlarını “terrorçu” kimi həbs edən birinin Ermənistana qaçması olduqca ibratamiz görünür…

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın