Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / İqtisadiyyat / Onlar vergi ödəsələr də, pensiya almayacaqlar… – ŞƏRH

Onlar vergi ödəsələr də, pensiya almayacaqlar… – ŞƏRH

Məlum olduğu kimi, Vergi Məcəlləsinə son dəyişikliklərlə bərbərlər, dərzilər, ofisiantlar sabit vergi ödəyiciləri sırasına daxil edilib.

Layihədə fərdi qaydada sahibkarlıqla məşğul olan fiziki şəxslərin, yəni sabit vergi ödəyicilərinin siyahısının genişləndirilməsi nəzərdə tutulur. Hazırda sabit vergi ödəyicisi siyahısına fərdi yaşayış evlərində və mənzillərdə çalışan ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşpaz, gözətçi və digər analoji işlər və nəqqaşlıqla məşğul olan şəxslər daxildir.

2019-cu ildən artıq bu siyahıya bərbərlər (sabit məbləğ 20 manat), dərzilər (sabit məbləğ 10 manat) və ofisiantlar (sabit məbləğ 10 manat) da daxil ediləcəklər. Bununla da onların vergi yükü xeyli azalacaq, baxmayaraq ki, sabit məbləğlərə əmsallar da tətbiq ediləcək. Nəzərdə tutulan əmsallar isə dəyişməz olaraq qalacaq. Belə ki, Bakı şəhərində bu əmsal (kənd və qəsəbələr daxil olmaqla) 2.0, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1.5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1.0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0.5 olacaq. Məsələn, Bakıda işləyən bərbər 40 manat (20 manat sabit məbləğ x 2 əmsal), dərzi və ofisiantlar isə 20 manat (10 manat sabit məbləğ x 2 əmsal) ödəyəcəklər. Digər bir misal: bu qaydaya əsasən, Gəncədə bərbər 30 manat (20 manat sabit məbləğ x 1.5 əmsal), dərzi və ofisiantlar isə 15 manat (10 manat sabit məbləğ x 1.5 əmsal) vergi ödəyəcəklər.

Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, əslində yeni qanun böyük bir şey tələb etmir: “Fərdi qaydada işləyən şəxslər əvvəllər də vergi ödəyicisi idilər, dəyişikliklər qüvvəyə mindikdən sonra onlar sabit qaydada vergi ödəyəcəklər”.

Qeyd olunub ki, bu yeniliklər fərdi qaydada sahibkarlıqla məşğul olan şəxsləri əlavə vergi inzibatçılığından azad edəcək: “Qanun Milli Məclis tərəfindən qəbul edilib və qüvvəyə mindikdən sonra fərdi qaydada işləyən sahibkarlar bu barədə məlumatlandırılacaq”.

Nazirlikdən bildiriblər ki, yeni qayda əslində sahibkarlar üçün çox əlverişlidir: “Məsələn, hazırda Bakıda işləyən bərbər gəlirin 4%-ni (digər bölgələrdə – 2%) ödəyirsə, 2019-cu ildən o, gəlirindən asılı olmayaraq vergini sabit formada ödəyəcək. Bu ona görədir ki, fərdi qaydada işləyən şəxslər əlavə vergi inzibatçılığından azad edilsin, həm də vergi yükü yüngülləşdirilsin. Bu, kiçik sahibkarlığa edilən güzəştlərdən biridir. Bununla yanaşı, onlar vergi orqanına hər rüb uzrə bəyannamənin təqdim edilməsindən də azad ediləcək”.

Vergilər Nazirliyindən bu kiçik sahibkarlara  güzəşt hesab edilsə də, məlumdur ki, fərdi qaydada adıçəkilən fəaliyyətlə məşğul olan şəxslərin böyük bir qismi indiyədək vergi ödəyiciləri deyildi. Onların arasında xüsusilə ev şəraitində işləyənlər müvafiq nazirliyə ödəniş etmirdilər. Bəs onlar vergiyə cəlb olunduqları halda məcburi dövlət sosial sığora haqları ilə məsələ necə həll olunacaq? Dövlət xəzinəsinə vergi ödənişi edən bu kimi şəxslərin məcburi dövlət sosial sığorta ödəyicisi olmaması  onların pensiya təminatına necə təsir edəcək?

İqtisadçı ekspert Nazim Bəydəmirli “Cümhuriyət” qəzetinə açıqlamasında xatırlatdı ki,  dövlət 63 və 65 yaşına çatmış hər bir Azərbaycan vətəndaşına minimum pensiya verir: “Onlara pensiyanın baza hissəsi, yəni 122 manat verilir. Sosial sığorta ödənişi həyata keçirən vətəndaşlar isə baza hissəsindən əlavə sığorta və yığım hissəsini də alırlar. Qanunvericilikdə dəyişiklik edildi ki, işlədiyi dövrdə 16 min manat sosial sığorta haqqı yığa bilməyən vətəndaşlara bu hissə verilməyəcək. Ona görə də günəmuzd işləyənlər gələcək pensiyaları haqqında özləri düşünməlidirlər. Bizdə sosial dövlət anlayışı var. Bu, dövlətin vətəndaşın minimum yaşayış təminatını həll etməsinə imkan verir. Hesab edirəm ki, sığorta haqqı vətəndaşların öz  boynuna məcburən qoyulub. Ödəyəcəklərsə, alacaqlar, ödəməyəcəklərsə almayacaqlar. Məntiqlə belə çıxır”.

“Belə olduğu halda onların məcburi vergi ödəyicisinə çevrilməsi ədalətlidirmi?” sualına cavabında iqtisadçı deyib ki, fəaliyyət göstərən və gəlir əldə edən istənilən şəxs vergi ödəməlidir:“Bu, fəaliyyətdən ödənilən vergidir. Mən hər bir şəxsin vergi ödəməsinin tərəfdarıyam.  Qeyd olunan məbləğin də böyük olmadığını düşünürəm. Hesab edirəm ki, bu, keçid variantı olaraq, məcburiyyətdən irəli gəlib. Vergilər Nazirliyinin bu məcburi addımını dəstəkləyirəm, vergi nizam-intizamının yaranmasına səbəb ola bilər. Amma Azərbaycan iqtisadiyyatında bu tipli məsələlərin həlli təkcə Vergilər Nazirliyinin xətti, vergi qanunvericiliyi ilə yox, kompleks addımlarla həll olunmalıdır. Ona görə də hökumətin bir çox ciddi iqtisadi islahatlar aparmasına ehtiyac var”.

Həmçinin oxuyun

Azərbaycanla İran “Ordubad” və “Marazad” SES-ləri ilə bağlı anlaşdı

Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-cü iclası …