Ana səhifə / İqtisadiyyat / Ömür Oral və Aslan İsmayılovla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq

Ömür Oral və Aslan İsmayılovla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq

 Əziz Ələkbərli: “Azərbaycandan qazanılaraq erməni kisəsinə doldurulan milyonların bu illər ərzində güllələrə, mərmilərə çevrilərək Azərbaycan əsgərinə tuşlanmadığına və gələcəkdə də tuşlanmayacağına kim zəmanət verə bilər?”
Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi azərbaycanlıları erməni adlandıran türk iş adamı və onun vəkili Aslan İsmayılov ilə bağlı hüquq mühafizə orqanlarına müraciət hazırlayıb. Türkiyənin aparıcı şirkətlərindən olan ”Əmrə piliç” şirkətinin təsisçisi, Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin üzvü Ömür Oralın Bakıya gələrək burada mediya nümayəndələrini toplayıb, mətbuat konfransı keçirməsi və bu mətbuat konfransında Qərbi Azərbaycan qaçqınlarını və bütün Qərbi Azərbaycan əsilli insanları təhqir etməsi ölkə vətəndaşları, xüsusən qərbi azərbaycanlılar tərəfindən birmənalı qarşılanmayıb. Ömür Oral mətbuat konfransında çıxış edərək, təsisçisi olduğu şirkətin ortaqlarından ikisinin erməni əsilli olduğunu etiraf etmiş, lakin İstanbul doğumlu olduqlarına görə onları türk, Ermənistanda doğulan qərbi azərbaycanlıları isə erməni adlandırmışdır. Sitat: “Mən indi sual vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?”
Erməni düşüncəsindən qaynaqlanan bu çıxışdan sonra ölkənin aparıcı media orqanlarında türk iş adamı Ömür Oral və onun hüquqlarını müdafiə edən Aslan İsmayılov qınaq obyektinə çevrildi. Bir çox siyasətçilər bunu Azərbaycan xalqına təhqir kimi qiymətləndirdi. Azərbaycan Qaçqınlar Cəmiyyəti isə türk iş adamının ölkəmizdən qovulması tələbi ilə bəyanat yaydı. İndi isə adıçəkilən durumla bağlı hüquq mühafizə orqanlarına müraciət olunacaq. Bu barədə CNNBaku-ya açıqlamasında Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli məlumat verib. O, bildirib ki, müraciət artıq hazırlanıb və gələn həftə hüquq mühafizə orqanlarına göndəriləcək.
“2008-ci ildən Azərbaycanda ticarət qurub, illər boyu buradan milyonlar qazanan bir adamın yüz minlərlə Qərbi Azərbaycan doğumlu Azərbaycan vətəndaşını bu cür təhqir etməsini, ortaqları Arto Sevan Oskayanı və Andranik Raffi Bozaçıyanı isə türk adlandırmasını Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey hesab etmirik. Cənab Ömür Oral heç olmasa ortaqlarının “yan” soyadından və “Sevan”, “Andranik” adlarından utanıb xəcalət çəkməli və yadına salmalı idi ki, Bozaçıyanıın adını daşıdığı Andranik 1914-1915-ci illərdə Sarıqamışda, Türkiyənin başqa bölgələrində yüz minlərlə türk vətəndaşını, uşağını, gəncini, qadınını, qocasını vəhşicəsinə qətlə yetirib”.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli “Azərbaycandan qazanılaraq erməni kisəsinə doldurulan milyonların bu illər ərzində güllələrə, mərmilərə çevrilərək Azərbaycan əsgərinə tuşlanmadığına və gələcəkdə də tuşlanmayacağına kim zəmanət verə bilər?” – deyərək Ömür Orala və Azərbaycanda onu və onun erməni şəriklərini müdafiə edənlərə qarşı dərhal müvafiq tədbirlər görülməsini vacib hesab edir.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin martın 30-da Azərbaycanlıların soyqırımı günü münasibətilə Beynəlxalq Mətbuat Mərkəzində keçirəcəyi “Azərbaycanlıların soyqırımı: dünən və bu gün” adlı tədbirdə bu məsələ bir daha gündəmə gətiriləcək.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın