Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Ölkəmizdə inflyasiyanın həddi yüksələ bilər – Ekspertlər

Ölkəmizdə inflyasiyanın həddi yüksələ bilər – Ekspertlər

2018-ci ilin 11 ayında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 28 milyard 214 milyon 292 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin aylıq hesabatında qeyd olunur ki, yanvar-noyabr dövründə idxal əməliyyatları üzrə 10 milyard 295 milyon 487 min ABŞ dolları, ixrac əməliyyatları üzrə 17 milyard 918 milyon 806 min ABŞ dolları məbləğində ticarət qeydə alınıb. Saldo müsbət 7 milyard 623 milyon 318 min dollar təşkil edib.

İqtisadçı-ekspert Rövşən Ağayev “Reytinq”ə deyib ki, bu il ixrac 5.4 mlrd. dollar (43.5%) artıb, özü də artım əsasən neft sektoru hesabına baş verib.

Müsahibimiz bildirib ki, gömrük statistikasına görə, neftin hər barelinin orta ixrac qiyməti 22 dollar (40%) yüksək olub və 11 ayın yekunlarında 76 dollar təşkil edib: “Təbii qazın hər 1000 kubmetrinin ixrac qiyməti 195 dollar təşkil edib, yəni 16 faiz ( 27 dollar) yüksək olub. Qiymətlərin yüksəlişi nəticəsində neft sektorunun ixracı ölkəyə əlavə 5.270 mlrd. dollar – ötən ilə nisbətən 47 faiz artıq valyuta gətirib. İxracın ümumi artmının 97.5 faizi neft-qaz ixracatı, cəmi 2.5 faizi qeyri-neft sektoru hesabına təmin edilib. Qeyri-neft məhsullarının ixracı 10 faiz (145 mln. dollar) artıb və 1.532 mln. dollar təşkil edib. Ölkənin ümumi idxalı 2.5 mlrd. dollar (32%) artıb”.

Ölkəmizdə inflyasiyanın həddi yüksələ bilər

Rövşən Ağayev: “Neftin qiymətinin 50 dollar olması Azərbaycan iqtisadiyyatı üçün kritik həddir”

R. Ağayevin sözlərinə görə, artımda dövlət sektorunun idxalının kəskin genişlənməsi həlledici rol oynayıb. Belə ki, dövlət müəssisə və təşkilatlarının idxalı ötən ilin 11 ayında 1 mlrd. dollar idisə, bu il təxminən 2.4 mlrd. dollar təşkil edib. İdxalın ümumi artımının 56 faizi dövlət, 44 faizi özəl sektor hesabına təmin edilib: “Yadınızdadırsa 2016-cı ildə böhranın dərinləşən, neftin qiymətinin enən vaxtlarında dövlət sektorunun idxalı üçün sərt məhdudiyyətlər qoyulmuşdu və bunun nəticəsində idxal kəskin azalmışdı. Deyəsən, həmin məhdudiyyətlər neftin qiyməti ilə tarixdə qaldı”.

Açıqlanan gömrük statistikasına görə zinət əşyalarının idxalı kəskin şəkildə artıb. Yoxsa bu məhsullar da uzun illər gizli idxalın əsas mənbələrindən biri olub?

R. Ağayevin fikrincə, “mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar” adlanan əmtəə qrupu üzrə idxalın dəyəri 2016-cı ilin 9 ayında 23.3 mln. dollar, 2017-ci ilin 9 ayında 25.5 mln. dollar olub. 2018-ci ilin eyni dövründə birdən-birə 20 dəfəyədək artaraq 477 mln. dollara çatıb: “Nəticədə əgər 2017-ci ildə idxalda bu qəbildən olan zinət əşyalarının payı cəmi 0.4 faiz olmuşdusa, bu il 5.2 faizə çatıb. Dünya tarixi yəqin ki, idxalda belə sıçrayışlı inkişaf görməyib. Ölkədə iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin artmadığı, əksər ailə təsərrüfatlarının qazancının gündəlik mallar səbətinə yetdiyi bir şəraitdə ev təsərrüfatlarının zinət əşyalarına tələbatın 1 ildə 20 dəfə artması hər halda heç kimə inandırıcı gəlməz. Kim bilir, bəlkə ölkədən pul çıxışına sərt məhdudiyyətlər qoyulması və lazımi adamların kapitalının elə hakimiyyətin özü tərəfindən izləməyə götürüilməsi səbəbindən zənginlərin “qara kapitalı” zinət əşyalarına çevirməkdən başqa sərfəli alternativi qalmayıb? Hər halda maraqlı statistikadır”.

Ölkəmizdə inflyasiyanın həddi yüksələ bilər

Natiq Cəfərli: “2019-cu ildə də məmləkətin gözü-qulağı neft qiymətlərində olacaq”

Real Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə əməkdaşımızla söhbətində deyib ki, 2018-ci ilin 11 ayında xarici ticarət əməliyyatlarının həcmi 28 milyard 214 milyon 292 min ABŞ dolları təşkil etməsi müsbətdir. Amma ekspert hökumətə sual ünvanlayaraq, nə qədər ixrac etdiyimizi soruşub: “Məlumata görə, bu ilin ötən dövründə 17 milyard 918 milyon 806 min ABŞ dolları məbləğində mal ixrac eləmişik. Adam lap sevincindən ağlamaq istəyir, düşünürsən ki, yəqin qeyri-neft iqtisadiyyatı nəhayət ki, çalışmağa başladı. Bəs nə ixrac eləmişik?

2018-ci ilin 11 ayı ərzində 14 milyard 621 milyon 241 min dollarlıq xam neft, 1 milyard 256 milyon 132 min dollarlıq təbii qaz ixrac olunub – ixracın 88 faizini xam neft və qaz təşkil edib. Xub, bəs yerdə qalan 12 faiz nəmənədir? 500 mln. dollarlıq neft məhsulları ixrac etmişik – bu da əlavə 3 faizə yaxın edir. Tamam, oldu 91 faiz, bəs qalan 9 faiz nədir? Elektrik enerjisi 0,5 faizə yaxın, bir az qızıl, bir az metal – oldu 93 faiz. Bəs dollar 78 qəpik olanda ixracın neçə faizi neft-qaz-neft məhsulları-elektrik enerjisi-metal idi? Bəli, yenə həmin 93 faiz civarı! Bəs Samir Şərifov deyirdi ki, bahalı manat ixracata mane olur? Necə olur ki, ixracatın strukturu dollar 78 qəpik olanda da, 1 manat 70 qəpik olanda da dəyişmir?! Hə, indi soruşursunuz ki, bəs Yol xəritələri, islahat, qeyri-neft sektoru, pambıq sevdası nə oldu? Utanmırsız, adam da belə sual verər? İnanmırsız hökumətə? Heç bilirsiz bu ilin 11 ayında nə qədər pambıq ipliyi xrac olunub?! Düz 21 milyon dollarlıq, bu ixracın tam da 0,12 faizini təşkil edib! Birdən soruşarsız ki, ixrac valyuta ifadəsində artıb axı, buna nə sözün?! Məsləhətdir ki, soruşmayasız, ayıb olur, tək səbəb odur ki, neft bu il bahalaşıb, 11 aya orta qiyməti 70 dollardan yuxarı olub”.

Gələn ilin gözləntilərinə diqqət yetirən N.Cəfərli deyib ki, 2019-cu ildə də məmləkətin gözü-qulağı neft bazarında, neft qiymətlərində olacaq. Onun sözlərinə görə, ağır il gəlir, Vergi Məcəlləsinə edilən düşünülməmiş və qavranılması, tədbiqi çətin olan dəyişikliklər biznesə mənfi təsir edəcək:

“Yeni qaydaların işlək olması çətin görünür, Vergilər Nazirliyi yeni qaydalarla vergi toplaya bilməyəcək, ilk 6 aydan sonra vəziyyətin bədbad olduğunu görəcək, ya özlərində güc tapıb normal məcəllə qəbul edəcəklər, ya da biznesin üzərinə hücuma keçib büdcəni yalan-doğru doldurmağa çalışacaqlar. Neftin qiyməti 50 dollar civarına düşsə, bütün makroiqtisadi göstəricilər pisləşəcək – ÜDM azalacaq, xarici ticarətdə mənfi saldo yaranacaq, inflyasiya yüksələcək, məzənnəyə təzyiqlər artacaq”.

Ölkəmizdə inflyasiyanın həddi yüksələ bilər

Onu da qeyd edək ki, bir müddət öncə Mərkəzi Bank ilin 9 ayı üzrə tədiyə balansının nəticələrini açıqlayıb. Neft və təbii qazın yüksək dünya bazar qiymətləri hesabına cari hesablar balansının müsbət saldosu ötən ilə nisbətən 5 dəfəyə yaxın artıb – təxminən 5.1 mlrd. dollar təşkil edib.

Bu məsələyə də münasibət bildirən R. Ağayev deyib ki, xidmətlər balansı həmişə olduğu kimi kəsrdə qalıb, amma ötən ilə nisəbətən defisitin həcmi 2 dəfə azalıb və 1.3 mlrd. dollar təşkil edib. O xatırladıb ki, ötən il bu rəqəm təxminən 2.6 mlrd. dollar olub: “Yəni, xidmətlərin idxalı 800 mln. dollara yaxın azalıb, xidmət ixracı 500 mln. dollara yaxın artıb. Əksəriyyət üçün turizm sahəsində vəziyyət maraqlıdır. Turizm xidmətləri ixracı 150 mln. dollara yaxın artsa da, turizm xidmətlərinin idxalı da 120 mln. dollar genişlənib. Yəni əcnəbilərdən turst kimi qazandığımız əlavə vəsaitləri elə öz vətəndaşlarımız da turist kimi xaricdə xərcləyib. Xidmət idxalında azalma əsasən neft sektoru ilə bağlı olub – bu il neft-qaz fəaliyyətilə bağlı tikinti xidmətlərinin idxalı 1.032 mlrd. dollar olub (ötən il 1.9 mlrd. dollardan bir az çox). Xarici neft-qaz şirkətləri mənfəət formasında ölkədən 1.8 mlrd. dollar çıxarıb (ötən il 1.2 mlrd. dollar). Xarici kreditlərdən istifadəyə görə 290 mln. dollar (ötən il 332 mln. dollar), borc qiymətli kağızlarına görə əcnəbilərə 358 mln. dollar faiz (ötən il 278 mln. dollar) ödənib. Xaricdən ölkə vətəndaşlarına göndərilərn pul baratlarının həcmi 801 mln. dollar olub (ötən il 726 mln. dollar). Maliyyə hesabında 2.463 mlrd. dollar defisit yaranıb (ötən il 290 mln. dollar profisit olmuşdu). Bu bölmə üzrə böyük məbləğdə defisitin yaranmasının əsas səbəblərindən biri ölkəyə birbaşa investisiyaların kəskin azalmasıdır: ötən il 4.5 mlrd. dollar birbaşa sərmayə gəlmişdisə, bu il 2.9 mlrd. dollara enib. Digər səbəb xarici neft-qaz şirkətlərinin ölkədən çıxardıqları investisiyaların çoxalmasıdır: ötən il investisiya repatriasiyası 2.1 mlrd. dollar, bu il isə 2.4 mlrd. dollar təşkil edib”.

İqtisadçı onu da nəzərə çatıdırb ki, 9 ay ərzində ölkədən xarici kredit borclarına görə ödənən vəsaitlərin həcmi ölkəyə həmin dövr ərzində xaricdən cəlb olunan kreditlərin həcmindən 445 mln. dollar çox olub. Müsahibimizin fikrincə, tədiyə balansının ümumi saldosu 3.664 mlrd. dollar, ötən il isə 2.207 mlrd. dollar olub. 9 ay ərzində xarici neft-qaz şirkətləri Azərbaycan hökumətinə 450 mln. dollar bonus ödənişi edib.

Məlum olduğu kimi, ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) 2 gün davam edən növbəti iclasının yekununda qərarını açıqlayıb. Qərara əsasən, uçot dərəcəsi 0,25 faiz artırılıb. Bununla da dərəcə 2-2,25 faizdən 2,25-2,5 faizə qaldırılıb. Ekspertlərin fikirincə, bu qərar dünya bazarında dolların bahalaşmasına yol aça bilər.

R. Ağayev isə deyir ki, hər bir milli valyutanın arxasında onu təmsil edən iqtisadiyyat, o iqtisadiyyatın gücü və şaxələnmə səviyyəsi var. “Məsələn, bu gün Gürcüstanda larinin sabitliyini şərtləndirən amillər, eyni zamanda, onun sabitliyinə təminat verən əsas iqtisadiyyat sahələri ilə Azərbaycan manatının arxasında duran sabitliyi şərtləndirən amillər və iqtisadi sektorlar tamamilə fərqlidir. Ona görə də Gürcüstanda lari son 15 ildə üst-üstə 30-35 faiz dəyər itirməyib, ancaq Azərbaycan manatı iki dəfədən çox dəyər itirib. Bu da, dediyim həmin spesifik amillərlə bağlıdır. Manatın sabitliyinə təminat verən ən başlıca amil neftdir, çünki Azərbaycan iqtisadiyyatı neftdən əhəmiyyətli dərəcədə asılıdır. Doğrudur, milli gəlirin formalaşmasında statistika göstərir ki, neftin payı böyük deyil, təxminən 40 faiz ətrafındadır. Ancaq maliyyə və ixrac göstəricilərində neftin payı həddindən artıq yüksəkdir. İxracda neftin payı 91-92 faiz ətrafında formalaşır. Əlavə olaraq, dövlət büdcəsində neftin payı 60 faiz ətrafında dolaşır”, – deyə iqtisadçı əlavə edib.

Nəzərə çatdıraq ki, son günlər neftin qiymətinin də enmə tendensiyası ciddi narahatlıq yaratmaqdadır. Bu səbədən Azərbaycan iqtisadiyyatı üçün də təhdidlər var.

Ölkəmizdə inflyasiyanın həddi yüksələ bilər

Ekspert hesab edir ki, əgər büdcədə neftin payı 25-30 faiz, ixracda payı 40-50 faiz arasında olsaydı, Azərbaycan iqtisadiyyatı neftin 40-45 dollar qiymətinə də dözərdi: “Rusiyada büdcə 40 dollara hesablanıb, neft 40 dollara düşsə də Rusiya hökuməti bəyanat verir ki, iqtisadiyyatımız dayanıqlı olacaq. Ancaq bütün analizlər, göstəricilər onu deməyə əsas verir ki, neftin qiymətinin 50 dollar olması Azərbaycan iqtisadiyyatı üçün kritik həddir. Neftin qiyməti yüksək olacaqsa, mən düşünürəm ki, manatın sabitliyi üçün elə bir risk olmayacaq. 2015-16-cı illərdəki kimi neftin qiyməti ucuzlaşacaqsa, xüsusilə də 50 dollardan aşağı düşərsə, bu artıq bizim üçün ciddi makroiqtisadi riskdir”.

R. Ağayev təəssüflə qeyd edib ki, qlobal neft birjalarında baş verənlərdə iqtisadi proseslər arxa plandadır. İqtisadi amillər həlledici rol oynamış olsaydı, indi iqtisadçılar rahatlıqla o amillərdən çıxış edib, neft bazarındakı vəziyyəti iqtisadi amillərə görə proqnozlaşdıra bilərdilər. “Dünyada bu dəqiqə neft bazarına ən çox təsir edən siyasi məsələlərdir.

Bununla belə, mən bazarda neft artıqlığı gözləyirəm və bu təklif bolluğu olarsa, neftin qiymətinin 50 dollardan aşağı düşmə riski böyükdür. O halda Azərbaycan kimi neftdən asılılığı yüksək olan ölkələrin iqtisadiyyatında çox ciddi problemlər yarana bilər”, – iqtisadçı fikrini tamamlayıb.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …