Şənbə , Dekabr 10 2022
Ana səhifə / İqtisadiyyat / Ölkəyə 50 min manatdan artıq pul gətirmək və aparmaq QADAĞASI

Ölkəyə 50 min manatdan artıq pul gətirmək və aparmaq QADAĞASI

Rusiyadan Azərbaycana qayıdanlar daşınmaz əmlak ala biləcəklər; bank vasitəsilə pul gətirməkdə məhdudiyyət yoxdur

Rusiyada müharibədə iştirak etmək istəməyənlər ölkəni kütləvi şəkildə tərk edir. Ruslar və orada yaşayan azərbaycanlıların da bir çoxu Azərbaycana can atırlar. İranda baş verən hadisələr də onu deməyə əsas verir ki, oradan da Azərbaycana gəlmək istəyənlərin sayı çoxalacaq. Bununla belə, İran vətəndaşlarından Bakıda ev alan, daşınmaz əmlaka vəsait qoyanların sayı çoxdur və bu proses neçə ildir ki, başlayıb.

Digər tərəfdən, müharibə səbəbindən 7 mindən çox ukraynalının da Azərbaycanda məskunlaşdığı deyilir. Bəs görəsən, bütün bu amillər ölkəmizin daşınmaz əmlak bazarına necə təsir edib?

Mövzu ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev  dedi ki, ətraf ölkədə baş verən proseslər onu göstərir ki, daha çox Rusiyadan Azərbaycana ciddi axın ola bilər: “Rusiya-Ukrayna müharibəsinin ilkin vaxtlarında vətəndaşlar daha çox Türkiyəyə üz tutdular. Türkiyədə 10 minlərlə daşınmaz əmlak daha çox Rusiya vətəndaşları tərəfindən satın alındı. Bu, Türkiyənin turizm zonalarında özünü göstərdi. Bununla bağlı Türkiyə öz qanunlarında da müəyyən dəyişikliklər etdi. Belə ki, daşınmaz əmlak sektoruna böyük məbləğdə yatırım edən xarici vətəndaşlara Türkiyə vətəndaşlığı verilir. Bu rəqəm 250 min dollardan 400 min dollara qalxdı. Azərbaycana gələnlərin böyük əksəriyyəti azərbaycanəsilli Rusiya vətəndaşlarıdır. Onların böyük əksəriyyətinin Azərbaycanda şəxsi evləri, qohumlarının, yaxınlarının evləri var”.

Ekspert qeyd edir ki, Ukraynadan qaçqın kimi gələnlərin sayı isə çox azdır: “Əmlak bazarına təsir etməyəcək dərəcədə azdır. Əmlak sferasına baxsaq, müharibədən əvvəlki illərdə də il ərzində, məsələn, Rusiyadan gəlib 1000 daşınmaz əmlak alırdılarsa, Ukraynadan gələn 10-15 daşınmaz əmlak alırdı. Çünki Rusiyada qazanc daha asandır. Amma Ukraynada həmişə qazanmaq, pul toplayıb əlavə ev almaq çətin olur”.

E.Fərzəliyev onu da qeyd edib ki, Rusiyada müharibəyə çağırış başlayandan sonra rus vətəndaşların bir hissəsi ölkədən çıxmağa çalışır: “Fikrimcə, Azərbaycan bu prosesdən yararlana bilər. Azərbaycanın daşınmaz əmlak sektoru, kirayə bazarı üçün ümid var. Lakin ötən həftə Milli Məclisin qəbul etdiyi qərara görə ölkəyə 50 min manatdan artıq pul gətirilə və çıxarıla bilməz. Bu, qərar olaraq qəbul olunub, amma tam açıqlama verilmir. Əgər bir vətəndaş Azərbaycanın daşınmaz əmlak sektoruna yatırım etmək istəyir, buradan əmlak almaq istəyir. Misal üçün, rus, ukraynalı olsun, fərqi yoxdur, Rusiya vətəndaşı olan azərbaycanlılar olsun, onlar o pulu Azərbaycana gətirib daşınmaz əmlak ala biləcəklərmi? Yoxsa yeni qanun buna icazə verməyəcək? Tam açıqlama verilmədi ki, bu qanun hansı sahələrə şamil olunur. Əgər bütün sahələrə şamil olunsa, təbii ki, biz oradan Azərbaycana gəlib əmlak alacaqlarını gözləməyək. Nağd pul şəkildə buna icazə verilmirsə, təbii ki, bizim əmlak sektorumuza mənfi təsirini göstərəcək. Proses yeni başlayıb, Rusiyadan köç edənlər Türkiyəyə, Gürcüstana üz tuturlar. Rusiyada 2 milyondan çox soydaşımız yaşayır. Müharibə uzanarsa, onların da bir hissəsi Azərbaycana dönəcək.  O ki qaldı oradan gəlib burada kirayə axtaranlara, bəlli məsələdir ki, bu gün Bakıda ucuz  kirayə mənzillər məhdud saydadır. Tələbələr belə ev tapmaqda çətinlik çəkirlər. Nəinki başqa ölkələrdən gələnlər ucuz ev tapsınlar. Təbii ki, olmayacaq, çətinliklər yaranacaq. Kirayə qalan mənzillər yeni tikilən binalarda bahalı mənzillərdir. Azərbaycan tək Bakıdan ibarət deyil. Gələn insanları digər şəhərlərimizə də yönəltmək olar. Gəncə, Mingəçevir, Sumqayıt  şəhərləri, regionlar, turistik zonalara yönəltmək olar. Həmin ərazilərdə də iqtisadi inkişafa səbəb olar.

İranlılara gəlincə, onların gəlişi əmlak bazarında hiss olunmur. Uzun illər əvvəldən İran vətəndaşları Azərbaycandan çox daşınmaz əmlak alıblar. Kirayələrdə də gəlib qalanlar olur. Bir müddət sonra bu proseslərin əmlak bazarına necə təsir etdiyi bəlli olacaq”.

Mövzu ilə bağlı iqtisadçı millət vəkili Aydın Hüseynov deyib ki, xarici vətəndaşların Azərbaycanda əmlak almaq hüquqları və bununla bağlı qaydalar qanunda öz əksini tapıb: “Qanunauyğun onlar əmlak ala bilər. Rusiyada yaşayan Azərbaycan vətəndaşları üçün elə bir məhdudiyyət yoxdur. Misal üçün, Rusiyada yaşayır, Azərbaycan vətəndaşıdır, qayıdıb öz ölkəsinə gəlir. Əcnəbilər üçün isə  daşınmaz əmlakın alınması ilə bağlı mövcud qanunvericilik var. Ona uyğun əmlaklarını ala biləcəklər. 50 min manat isə burada nağd pulun gətirilməsindən və ya aparılmasından söhbət gedir. İndi qeyri-nağd şəkildə köçürmələr mövcuddur. Üstündə nağd pulun gətirilməsindən gedir söhbət. Hər kəs bank vasitəsilə öz vəsaitini köçürürsə, burada elə bir məhdudiyyət yoxdur”. Musavat.com

Həmçinin oxuyun

TAP ilə İtaliyaya 16 mlrd. kubmetr qaz nəql olunub

Kommersiya əməliyyatlarının başlanmasından Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsi ilə Azərbaycandan Avropaya 18,5 mlrd. kubmetrdən çox …