Cümə , Sentyabr 18 2020
Ana səhifə / İqtisadiyyat / Ölkənin “təhlükəsizlik yastığı” təhlükədədirmi – ŞƏRH

Ölkənin “təhlükəsizlik yastığı” təhlükədədirmi – ŞƏRH

Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsi haqqında” Prezidentin 2019-cu il 29 dekabr tarixli 906 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. 

Yeni dəyişikliyə görə, ARDNF-in gəlirlərinin həcmi 12, 4 milyard manatdan 7,  8 milyard manata, xərcləri isə 11, 6 milyard manatdan 12, 4 milyard manata qaldırılıb. Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər 10, 5 milyard manatdan 6,6 milyard  manata qədər azaldılıb.

Bundan əlavə,  dövlət büdcəsinə transfertlərin həcmi üçün nəzərdə tutulan məbləğin həddi 11, 4 milyard  manatdan 12,4 milyard manata kimi artırılıb. Xatırladaq ki, Azərbaycan hökuməti 2020-ci il üzrə dövlət büdcəsində Brent markalı neftin orta qiymətini 55 dollar/barel səviyyəsində götürmüşdü. Lakin neftin qiyməti bu il xeyli ucuzlaşsa da, sonradan optimal həddə qalxdı. Lakin hələ də büdcədə nəzərdə tutulan rəqəmdən aşağıdır.  Bəs görəsən, beynəlxalq iqtisadi vəziyyət bu şəkildə davam edərsə, ölkə daxilində iqtisadiyyatda ciddi islahatlar  aparılmazsa, Neft Fondunun vəsaitləri getdikcə daha sürətlə əriyə bilərmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, Neft Fondunun builki büdcəsini ötən illə müqayisə etmək, rəqəmləri dəyərləndirmək doğru olmazdı: “Çünki Dövlət Neft Fondunun gəlirlərinin azalma səbəbi bəllidir. Bu il dünya bazarında neft qiymətlərindəki azalma Azərbaycan üçün əlverişli səviyyədə olub. Bundan başqa, dövlətin gəlirləri azalsa da, xərcləri stabil qalmayıb. Bu ilin neqativ cəhəti ondan ibarət oldu ki, xərclər də artdı. Dövlət Neft Fondunun, o cümlədən dövlət büdcəsinin gəlirləri azalmaqla yanaşı, xərcləri kəskin artdı. Karantin dövründə əhalinin və biznesin müdafiəsi üçün 5 milyard manata yaxın dəstək paketi ayrıldı və müxtəlif istiqamətlərə yönəldildi. Halbuki ötən ilin sonunda bu ilin büdcəsi təsdiq olunanda bunların heç biri nəzərdə tutulmamışdı. İndiki hadisələrin baş verə biləcəyi belə xəyal edilmirdi. Biz indi ilin 9-cu ayına qədəm qoymuşuq. Vəziyyəti bir qədər ətraflı şəkildə dəyərləndirmək lazımdır. Bu ilin nəticələrini ötən illə müqayisə etməsək belə, o demək deyil ki, bundan narahat olmaq lazım deyil. Narahatlıq üçün əsas var, ancaq növbəti illərlə bağlı hər hansı proqnoz vermək mümkün deyil. Nəinki Azərbaycan iqtisadiyyatı daxilində, o cümlədən beynəlxalq iqtisadiyyatda da vəziyyət qeyri-müəyyəndir. Bu il Dövlət Neft Fondunun yenə də gəlirlərinin azalıb, xərclərinin artacağını proqnoz etmək olmaz. Çünki dünya iqtisadiyyatında vəziyyətin necə dəyişəcəyi ilə bağlı fikir irəli sürmək mümkün deyil”.

Ekspert onu da vurğuladı ki, valyuta ehtiyatlarımızın tükənməsinin qarşısını almaq üçün getdikcə Dövlət Neft Fondundan büdcəyə məcburi xarakterli transfertləri azaltmaq lazımdır: “Dövlətin sosial müdafiə və iqtisadiyyatı canlandırmaq üçün həyata keçirdiyi tədbirlərdə neftdən gələn gəlirlərdən deyil, vergi və rüsumlardan formalaşan dövlət büdcəsi gəlirlərindən istifadə edilməsinə yer verilməlidir. Bu da hökumət tərəfindən nəzərə alınır. Çünki alınmaya bilməz. DNF ölkə iqtisadiyyatında təkcə sosial xərclərin maliyyələşdirilməsi üçün deyil, ümumən ölkə iqtisadiyyatında makroiqtisadi sabitliyin saxlanılması üçün  bir təhlükəsizlik yastığıdır. Ona görə də dövlət bu vəsaitlərin tamamilə itirilməməsinə çalışır”.

Neft Fondunun ehtiyatlarının düzgün investisiya edilməməsinə və itkilərlə idarə olunması iddialarına gəlincə, P.Heydərov bu fikirlə razılaşmadı: “”İtkilərlə idarə olunur” deyərkən, hansı dövlətlə müqayisə edib bu qənaətə gəlirlər? Dövlət Neft Fondunun vəsaitləri əlverişli olmayan sahələrə yerləşdirilsəydi, ötən dövrdə itkilərimiz qat-qat artıq olmalı idi. Neft Fondunun vəsaitləri diversifikasiya olunmuş formada yerləşdirilib. İtkilərimiz isə vəsaitlərin yaxşı yerləşdirilməsi ilə bağlı deyil, qlobal iqtisadiyyatın genişmiqyaslı böhran dalğasına girməsi ilə əlaqədardır. Bütün sahələrdə böhran var, istər daşınmaz əmlak, istər qiymətli kağızlar və sair”.

Manatın məzənnəsinin sabit saxlanılması uğrunda Neft Fondunun valyuta ehtiyatlarının əridilməsinə münasibət bildirən iqtisadçı ekspert vurğuladı ki, Mərkəzi Bankın keçirdiyi hərraclarda satılan valyutanın həcminə baxsaq, elə də böyük vəsait satışı yoxdur: “Ancaq müəyyən aylar var ki, Neft Fonduna təklifdən artıq tələb gəlib. DNF-nin valyuta bazarına çıxartdığı valyuta onun dövlət büdcəsinə ödədiyi vəsaitdir ki, manatla transfer olunur. Ancaq hələ ki nəzərdə tutulan transfer məbləğindən kənara çıxılmayıb. Digər tərəfdən, avqust ayında dövlət büdcəsinə edilən dəyişikliklərə əsasən DNF-dən dövlət büdcəsinə transfertlərin həcmi təxminən 850 milyon manat artırıldı. Bu nəzərdə tutulursa, önəmli bir xərc idi.  Çünki ilin sonuna qədər valyuta bazarı əlavə dollar tələb edə bilər, həmin vəsait sırf bu məqsədlə ayrılmasa da, 850 milyon manatın qarşılığındakı dollar satışı ilin sonuna kimi milli valyutanı hazırkı vəziyyətdə saxlayacaq. Ancaq əgər gələn il manatın məzənnəsi ilə bağlı hər hansı təhlükə yaranarsa, Mərkəzi Bank və hökumət manatın saxlanılmasına 2015-2016-cı illərdəki qədər vəsait xərcləməyəcək. Bu il manatın məzənnəsi ilə bağlı heç bir dəyişiklik gözlənilmir. Ancaq növbəti il bu vəziyyət davam edərsə, neftin qiyməti ilə bağlı dövlət gəlirlərimizin kəskin enməsi baş verərsə, dövlət 2015-ci ildəki kimi manatı saxlamaq üçün milyardlarla dollar xərcləməli ola bilər”.

Ancaq ekspert bu dəfə belə addımın atılacağını real hesab etmir.

Həmçinin oxuyun

Maliyyə amnistiyası niyə düyünə düşüb? – ŞƏRH

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın təsirlərindən tez çıxmaq, ölkə iqtisadiyyatını mümkün qədər qısa müddətdə bərpa …