Şənbə , May 21 2022
Ana səhifə / İqtisadiyyat / Ölkələr defolt təhlükəsi ilə üz-üzə: Bəs Azərbaycanda durumu necədir?

Ölkələr defolt təhlükəsi ilə üz-üzə: Bəs Azərbaycanda durumu necədir?

2022-ci ildə dünyanın kasıb ölkələri kreditlərlə bağlı ödəmələri xeyli artırmalı olacaq.

Belə ki, kasıb ölkələrin 60 %-nə qədərinin borcları restrukturlaşdırılmalıdır.

Bu barədə Dünya Bankının hesabatında bildirilir.

Belə ki, dünyanın 74 kasıb ölkəsi borcları ilə bağlı 2020-ci ildə ödədikləri vəsaitdən 10,9 milyard ABŞ dolları (45 %) çox məbləğ ödəməli olacaqlar. Nəticədə bir çox hallarda defolt baş verəcəyi qeyd olunur.

Defolt ehtimalının ən yüksək olduğu ölkə Şri-Lanka, daha sonra isə Qana, El Salvador, Honduras olduğu bildirilir.

Hesabat müəlliflərinə görə, bu borc böhranının başlıca səbəbi kasıb ölkələrin pandemiya dövründə beynəlxalq təşkilatlardan yox, kapital bazarında vəsait götürdükləridir.

Hazırda Dünya Bankının prezidenti David Malpassın qeyd etdiyi kimi, kasıb ölkələrin borclar üzrə ödəniş etmək üçün lazımi ehtiyatları yoxdur.

Bəs bu mövzuda Azərbaycanın durumu necədir?

Bununla bağlı iqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirib ki, Azərbaycanın maliyyə ehtiyatlarının həcmi xaricə olan borcdan dəfələrlə çoxdur:

“Xarici dövlət borcu məsələsində Azərbaycan dünyanın çox nadir ölkələrindən biridir ki, bizdə xarici dövlət borcu ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir.

Bizdən də qat-qat inkişaf etmiş ölkələr var ki, başda dünya iqtisadiyyatının aparıcı ölkəsi olan ABŞ, Yaponiya, Avropa ölkələrindən Böyük Britaniya və digərlərinin xarici dövlət borcu ümumi daxili məhsulun az qala 100 faizi həcmindədir. Ümumi götürdükdə xarici dövlət borcunun səviyyəsi ümumi daxili məhsulun 30 faizi həcminə çatarsa və ya onu keçərsə, bu, kritik hədd sayılır. Azərbaycan bu mənada “qoçaq” ölkələrdən biridir. Bunu pandemiya şəraiti bir daha sübut elədi.

Təsəvvür edin ki, 2020-ci ildə pandemiya ilə əlaqədar olaraq, ilin birinci yarısında dünyanın 150-dən çox ölkəsi beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşdülər və borc vəsaitləri cəlb etməyə məcbur qaldılar”.

İqtisadçı ölkənin pandemiya böhranından uğurla çıxdığını deyib:

“Azərbaycan pandemiya şəraitində də yeganə ölkələrdən oldu ki, bir qəpik də olsun kənardan borc vəsaiti cəlb etmədi. Bu, çox mühüm hadisə idi. Ona görə də dünya bankının rəhbərinin söylədikləri Azərbaycana aid edilə bilməz.

Azərbaycan bundan çox-çox uzaq mövqeyə sahib bir ölkədir. Bizim valyuta ehtiyatlarımızın həcmi xaricə olan borcumuzu dəfələrlə üstələyir. Yəni biz istəsək, borcları bağlaya da bilərik. Məhz beynəlxalq maliyyə qurumları Azərbaycanı maliyyə tərəfdən çox imkanlı bir ölkə kimi tanıyırlar”.

Həmçinin oxuyun

Partiya sədri: “Poz,qazan”, “Misli” kimi oyunlar gəncliyimizə çox pis təsir edir”

“Ölkəmizdə son günlər geniş yayılmış “Poz,qazan”, “Misli” kimi oyunlara qeyri-ciddi baxıram. Bunlar sadəcə olaraq gəncliyimizə …