Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Oliqarxlarımız Lvovu alır

Oliqarxlarımız Lvovu alır

Neft bumunun faktiki başa çatmasının ardınca manatın devalvasiyası və “oliqarxqeyt” adı alan Beynəlxalq Bank qalmaqalı Azərbaycanda bəzi oliqarxların əllərindəki külli miqdarda “ölü kapitalı” ölkə sərhədindən kənarda “diriltməyə” vadar edib. Rusiyanın iqtisadi sanksiyalara məruz qalmasından sonra bu ölkəyə sərmayə qoymaq da böyük riskə çevrilib və bu səbəbdən də indi oliqarxlar yeni bazarlar axtarışındadırlar.

 
 
Məlumatlara görə, oliqarxlarımızın bu il sərmayə qoyduğu ölkələr sırasında ilk yerdə qonşu Türkiyədir. 2015-ci ilin yanvar-aprel aylarında Türkiyədə Azərbaycan kapitallı 60 şirkət, o cümlədən 16 səhmdar cəmiyyət yaradılıb. Bu barədə Türkiyənin Palatalar və Birjalar Birliyindən bildirilib. Səhmdar cəmiyyətlərin kapitalında Azərbaycan oliqarxlarının  iştirakı 76,5%-dir (4 milyon 391,5 min lirə). Azərbaycan sahibkarları məhdud məsuliyyətli şirkətlərin kapitalına isə 3 milyon 392 min lirə qoyublar. Oliqarxlar əsasən ticarət, ictimai iaşə, turizm, nəqliyyat və s. sahələrə sərmayə yatırırlar. 
Nəzərə alsaq ki, söhbət kifayət qədər iri kapitalın qardaş ölkəyə yatırılmasından gedir, o zaman yaradılan bu 16 səhmdar cəmiyyətin arxasında məmur-oliqarxların “qara para”sının dayanması şübhə doğurmur. Ölkəmizdən Türkiyəyə pul axınının artması və təkcə bu ilin ilk 4 ayı ərzində 60 Azərbaycan kapitallı şirkətin yaradılması da şübhəsiz ki, yuxarıda qeyd etdiyimiz yeni iqtisadi şərtlərin diktəsidir. Artıq azərbaycanlı oliqarxlar üçün Türkiyə  həm biznes, həm də həyat şərtləri baxımından daha əlverişli və cəzbedici görünür.
Məlumatlara görə, oliqarxlarımız Türkiyə ilə yanaşı Ukraynaya da ciddi kapital qoyurlar. Çexiya Respublikasına axan para indi istiqamətini, nə qədər qəribə də olsa, Ukraynaya doğru dəyişməkdədir.

Ukrayna Rusiya ilə müharibə şəraitində olsa da, turistlərin daha çox üz tutduğu Qərbi Ukrayna-Lvov vilayəti münaqişə zonasından kənardadır. Azərbaycanlı oliqarxları Ukraynaya para axıtmağa həvəsləndirən ən mühüm səbəb nə qədər qəribə səslənsə də, bu ölkədə məmur-oliqarxlara qarşı başlanmış mübarizədir. 
Prezident Pyotr Poroşenko bir neçə aydır ki, Ukrayna iqtisadiyyatında hökmranlıq edən oliqarxlarla mübarizəyə başlayıb. Ukraynalı milyarder İqor Kolomoyskiy Dneprpetrovsk qubernatorluğundan uzaqlaşdırıldıqdan sonra onun  biznesinə də əl qoyulub və o, faktiki Ukraynadan çıxarılıb. Ukrayna hökuməti antioliqarx kampaniyasına başlayandan sonra Kolomoyskiyin payçısı olduğu 2 dövlət neft şirkətinin idarəsindən uzaqlaşdırdı, yaxınları isə ölkənin  bütün biznes strukturlarından sıxışdırıldı. Onun şəriki Gennadi Boqolyubovun da biznesi ciddi itkilərə məruz qaldı. Prezident Pyotr Poroşenko bu yaxınlarda ictimaiyyətə ünvanlanan müraciətində hökumətin əsas hədəflərindən danışarkən deyib: “Hökumətin əsas məqsədi iqtisadiyyatı oliqarxlardan qurtarmaqdır. Biz çalışırıq ki, ölkədə asayişi təmin edək, amma oliqarxlar xaos yaradır”.
 
Məlumatlara görə, Poroşenko “şişmiş oliqarxların” əl-ayağını yığmaqla ölkədə Rusiyanın maraqlarına xidmət edən böyük bir şəbəkənin əlindəki kapitalı hökumətin nəzarətinə almağı planlaşdırır. Onların yerini isə hakimiyyət iddiası olmayan postsovet respublikalarının varlıları, eləcə də Ukraynaya qonşu Avropa ölkələrinin biznesmenləri tutur. Odessa qubernatoru Saakaşvilinin də dediyi kimi, indi Ukrayna hakimiyyətinin əsas işi bu ölkəyə xarici investorları cəlb etməkdir. Yeri gəlmişkən, bizimkilər məhz Saakaşvili vasitəsilə Odessaya da sərmayə yatırırlar.
İkinci Dünya müharibəsinə qədər Polşaya məxsus olan Lvov 1939-cu ildə Sovet İttifaqının və Almaniyanın arasındakı razılaşma nəticəsində (Molotov – Ribbentrop paktı) Ukrayna SSR-nin tərkibinə daxil olub.
Lvov dünya turistləri üçün çox cazibədardır. 2009-cu ildə şəhərə Ukraynanın Mədəni paytaxtı adı verilib. Əhalinin sayına görə Lvov Ukraynada yeddinci şəhəridir. Lvovdan 80 km aralıda Ukraynanın tanınmış Truskavets kurortu yerləşir və azərbaycanlılar arasında bu kurort çox populyardır. Üstəlik, burada qiymətlər də əlverişlidir ki, bu da azərbaycanlı oliqarxları Ukraynaya cəlb edir. 
Xəbərlərə görə, məmur-oliqarxlar bir neçə aydır ki, ən inanılmış adamlarını  Qərbi Ukraynaya göndərib və burada əsasən hotellər və iaşə obyektləri  alırlar. Xəbərdə deyilir ki, oliqarxların bu cür işlərlə məşğul olan agentləri az qala qarşılarına çıxan hər şeyi alırlar. Mənbə deyir ki, digər MDB ölkələrindən olan zənginlər də bu işdə fəaldır. Bildirilir ki, Lvovda çoxsaylı hotellər və istirahət mərkəzlərinin əksəriyyəti artıq azərbaycanlı məmur-oliqarxların əllərinə keçib.
Hazırda azərbaycanlı investorlar Ukraynanın kurort bölgələrində daşınmaz əmlaka yatırım qoymaqda da liderlik edirlər. Məlumata görə, vaxtilə bu sahədə ruslar liderlik edirdisə, indi Azərbaycan və yaxın postsovet ölkələrindən olan zənginlər də qiyməti xeyli ucuz olan kotteclər, apartamentlər, hotellər və villalar almaqda fəaldır. “Vurulmuş” oliqarxlara bağlı olan ukraynalı biznesmenlər isə həmin obyektləri ucuz qiymətə sataraq hökumətin bunlara da əl qoyacağından ehtiyat edirlər.
 
“Yeni Müsavat”

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın