Ana səhifə / İqtisadiyyat / Oliqarxlar torpağı “dincə qoyub”: Ətin bahalaşmasını gözləyirlər

Oliqarxlar torpağı “dincə qoyub”: Ətin bahalaşmasını gözləyirlər

Azərbaycan hökuməti də 2 ildən çoxdur ki, qeyri-neft sektorunun inkişafını prioritet elan edib. Amma görülən işlər gözlə görülə biləcək inkişafa səbəb olmayıb.
Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərliyi icra edilməli olan layihələrin öhdəsindən lazımınca gələ bilmədi. Xüsusilə də heyvandarlıq sahəsində ciddi problemlər mövcuddur. Əsas narazılıqlar isə heyvandarlığın inkişafı üçün zəruri olan otlaq sahələrinin olmamasıdır. Son iki ildə otlaq sahələrinin ciddi şəkildə azalması regionlarda heyvandarlıqla məşğul olanların sayını da azaldıb. Bir çox fermer mal-qarasını sataraq bu sahə ilə məşğul olmaqdan imtina edib. Nəticədə kənd təsərrüfatı məhsullarının qiymətində bahalaşma yaranıb.
Belə ki, 2018-ci ilin yanvar-mart ayları ərzində kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətlərində 6.4 faizlik artım baş verib. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə bu da daha çox bitkiçilik məhsullarının bahalaşması (6.6 faiz) hesabına olub. Birillik bitkilərin qiyməti dövr ərzində 9 faiz bahalaşıb. Heyvandarlıq məhsullarında 6.2 faiz qiymət artımı qeydə alınıb.Mal əti 8.4, qoyun əti 5.1 faiz bahalaşıb. Eyni dövrdə qiymətlər meşə təsərrüfatı məhsulları üzrə 1.5 faiz, balıq və sair balıqçılıq məhsulları üzrə isə 7.9 faiz artıb. Rəsmi rəqəmlərdən də göründüyü kimi kənd təsərrüfatı məhsullarında bahalaşma tendensiyası davam edir. İqtisadi qanunlara görə bahalaşma məhsul qıtlığının yaratdığı amildir. Kənd təsərrüfatı məhsullarının bahalaşması Heydər Əsədovun nazir olduğu dövrdə görülən işlərin “bəhrəsidir”. Yeni kənd təsərrüfatı naziri İnam Kərimova isə böyük ümidlər bəslənilir. Ehtimal olunur ki, bu sahədə yaranan problemlər onun fəaliyyəti nəticəsində müsbətə doğru dəyişiləcək. Nəzərə alsaq ki, İnam Kərimov hələ qısa müddətdir nazir təyin olunub və hələ ki, kadr islahatları ilə işə başlayıb.
İqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında kənd təsərrüfatı sahəsində mövcud olan əsas problemlərdən danışıb: “Azərbaycanda iqlimə uyğun olmayan kənd təsərrüfatı sahələrinə daha çox meyil olunur. Məsələn, soya bitkisinin əkilməsi təşəbbüsü və s Azərbaycan üçün ənənəvi olmayan sahələrdir. Pambığı Azərbaycana sovet hökuməti gətirib. Ondan da heç bir mənfəət götürülməyib. Sadəcə, SSRİ böyük dövlət idi, əhalinin başını qatmaq üçün pambıq əkirdi. İndi bunu ənənəvi sahə hesab edirlərsə, 1-2 il əkdikdən sonra mənfəət əldə olunmursa, dayandırmaq lazımdır. Dünyanın heç bir yerində ölkənin fermerləri kənd təsərrüfatının bütün sahələri ilə məşğul olmur. Hansı iqlimə, şəraitə uyğundur, o sahə ilə məşğul olurlar ki, bu da inkişafa səbəb olur.
Bütün dövrlərdə Azərbaycanda maldarlığın inkişafına dəstək verilib. Bu da öz səmərəsini verir. Amma son iki ildə müşahidə etdik ki, fermerlərin əlində olan otlaq sahələrini şumladılar, ləğv etdilər. Fermerlər də əlində olan mal-qaranı bazara çıxarıb satdı. Bununla da heyvandarlıq sahəsi məhvə getdi. Heyvandarlıqla məşğul olmaq üçün geniş otlaq sahələri olmalıdır. Azərbaycanda bu sahənin inkişafına zərbə vuran digər bir məsələ də torpaqların 20 faizinin işğal altında olmasıdır. Çünki Azərbaycanda heyvandarlıqla məşğul olan insanlar əvvəllər mal-qaranı yayda əsasən Laçın və Kəlbəcərə aparardılar. O ərazilərdə geniş otlaqlar var ki, isti aylarda heyvandalıq üçün çox əlverişli idi”.
Akif Nəsirli kənd təsərrüfatının inkişafı üçün görülməli olan zəruri işlər haqqında da danışıb. Ekspert bu istiqamətdə müəyyən təkliflər də səsləndirib: “Heyvandarlıq ənənəsi Azərbaycan hökuməti tərəfindən dəstəklənməlidir. Çünki Azərbaycanda heyvandarlıqla məşğul olmaq çox səmərəlidir, rentabellidir. Geniş otlaq əraziləri də var, ancaq son zamanlar həmin ərazilər müxtəlif bitkilərin əkilməsi adı altında bəzi məmurlar tərəfindən zəbt olunub. Ola bilsin ki, onlar da gələcəkdə heyvandarlıqla məşğul olacaqlar. Ancaq hazırda hökumətin prioritet elan etdiyi pambıqçılıq sahəsindən istifadə edirlər. Nəticə də bəllidir, son iki ildə ətin, süd və süd məhsullarının, otun qiymətinin qalxması məhz bununla bağlıdır. Təklif edərdim ki, hazırda pambıq sahələrinin hamısı, taxıl sahələrinin isə yarı faizi otlaq sahələrinə çevrilsin. Çünki Azərbaycanda pambıq ümumiyyətlə, səmərəli deyil, taxılda isə istənilən keyfiyyətə nail olmaq mümkün olmur. Yüksək keyfiyyətə malik olmayan ərzaq buğdası isə müasir un zavodlarında keyfiyyətli məhsul əldə etməyə imkan vermir. Ona görə də Azərbaycanın daxilində istehsal edilən buğdanın yarıdan çoxu heyvandarlıq məhsulu kimi istifadə edilməlidir”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …