Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / İqtisadiyyat / Ödəmək məcburidir: Öz eviniz olsa da, qazancı ancaq sizin deyil

Ödəmək məcburidir: Öz eviniz olsa da, qazancı ancaq sizin deyil

Evlərini kirayə verən əmlak sahiblərinin heç də hamısı vergi ödəyicisi kimi qeydiyyata durmayıblar. Bəzi vergi ödəyiciləri kirayə müqavilələrində icarə haqqının məbləğini faktiki məbləğdən az göstərir, bir çox hallarda isə mənzillər heç bir rəsmiləşmə olmadan icarəyə verilir. Bəs, şəxsi evini kirayəyə verən vətəndaş nə qədər vergi ödəməlidir və vergini ödəməyən şəxslərə cərimə tətbiq edilirmi?

İqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib ki, ümumiyyətlə, istənilən gəlirə görə vergi ödənilməlidir: “Vətəndaş və ya fiziki şəxs gəlir əldə edirsə, həmin gəlirə görə verginin ödənilməsi vacibdir və həmin gəlirə görə birmənalı şəkildə vergi ödənilməlidir. O cümlədən vətəndaş şəxsi evini kirayə verirsə, gəlir əldə edirsə, vergi ödəməlidir. Əgər kirayəçi fiziki şəxsdirsə, VÖEN-i varsa, o halda kirayəçi özü ödəniş edə bilər. Kirayəçi fiziki şəxsdirsə, VÖEN-i varsa, bu, imkan verir ki, evi kirayə verən deyil, kirayə götürən ödəniş edə bilsin. Amma əgər fiziki şəxs deyilsə, VÖEN-i yoxdursa, bu zaman daşınmaz əmlakın icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Həmin vergi artıq kirayəyə verən şəxsin üzərində qalır”.

“Kirayəçi tələbədirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olmursa, VÖEN-i yoxdursa, o halda evi kirayə verən şəxs vergi ödəməlidir. Əks halda isə kirayəçi özü ödəyir. Təəssüf ki, aparılan monitorinqlər evini kirayə verənlərin çoxunun bu ödənişi etmədiyini göstərir. Bu da əslində vergidən yayınmadır. Qanunvericiliyə əsasən bu halda cərimə tətbiq olunur. Hazırda bu istiqamətdə Vergilər Nazirliyi tərəfindən nəzarətin gücləndirilməsi müşahidə olunur. Amma bu, heç də asan proses deyil. Çünki bəzi hallarda kirayədə qalan deyir ki, evi kirayə verən şəxsin qohumuyam, tanışıyam və kirayə haqqı ödəmirəm” – deyə o qeyd edib.

O bildirib ki, amma vergi ödəmək məcburidir, vergini ödəməyənlərə cərimələr tətbiq olunur: “Vergi Məcəlləsinə əsasən daşınmaz əmlakın icarəsinə görə 14 faiz vergi məcburidir və əmlakını, evini icarəyə verən hər bir şəxs həmin 14 faiz vergini ödəməlidir. Bu sahədə stimullaşdırıcı tədbirlər kimi, burada vergi dərəcəsi azaldıla bilər. Məsələn, burada 14 faiz deyil, 8 faiz vergi tutulması mümkündür”.

Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsinin məlumatına görə, əmlak icarəsindən əldə edilən gəlir fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab edilir: “Fiziki şəxsə icarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi qeydiyyatda olduğu halda, ödəmə mənbəyində 14 faiz məbləğində vergi tutmalı və bu barədə vergi orqanına rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq hesabat təqdim etməlidir. Həmçinin icarə haqqını ödəyən şəxs vergiödəyicisi kimi qeydiyyatda olmadığı halda, əmlakın sahibi vergi orqanında qeydiyyata durmalı, əldə etdiyi gəlirdən illik 14 faiz həcmində gəlir vergisi ödəməli və vergi orqanına “Gəlir vergisi bəyannaməsi” təqdim etməlidir. Bu məqam Vergi Məcəlləsinin 99.3-cü maddəsində əksini tapıb”.

“Məcəllənin 124-cü maddəsində isə göstərilib ki, daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidən gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı və royaltidən gəlir əldə edən fiziki şəxslərdən Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq vergi tutulmuşdursa və ya onun tərəfindən ödənilmişdirsə, həmin gəlirlərdən bir daha vergi tutulmur” – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmçinin bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin (o cümlədən, ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …