Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Nüsrət Məmmədov:  “Son hadisə Azərbaycan-Rusiya münasibətlərini poza bilməz” (Müsahibə)

Nüsrət Məmmədov:  “Son hadisə Azərbaycan-Rusiya münasibətlərini poza bilməz” (Müsahibə)

Ötən ilin iyun ayında isə Aleksandr Lapşin Ukrayna pasportu ilə Gürcüstan ərazisindən Azərbaycana daxil olub. Lapşinin gömrük nəzarətindən keçərək Bakıya gəlməyə nail olmasına səbəb Ukrayna pasportunda onun adının Aleksandr deyil, Ukrayna dilində Oleksandr yazılması olub. Azərbaycan, “Dövlət sərhədi haqqında” qanunu və AR-nın Miqrasiya Məcəlləsini pozduğuna görə, Lapşinlə bağlı beynəlxalq axtarış elan edib. Lapşinlə bağlı AR Cinayət Məcəlləsinin 2 maddəsi ilə – 281.2 (dövlət əleyhinə açıq çağırışlar) və 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi açılıb.

AR CM-nin 281.2 maddəsinə görə, dövlətçilik əleyhinə ictimai çağırışlara görə, 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. CM-nin 318.2-ci maddəsinə görə isə Azərbaycan Respublikasının sərhədini qanunsuz olaraq keçmək 5 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur. Azərbaycanın prosessual qanunvericiliyinə görə, maddələrdə göstərilmiş müddətə görə cəza verilərkən, cəza müddətləri üst-üstə gəlinmir və cəzanın maksimal müddəti götürülür.

Lapşin Belarusda MDB çərçivəsində Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il Kişinyov Konvensiyası əsasında saxlanılıb. Baş prokurorluğun əməkdaşlarının müşayiəti ilə Belarusdan ekstradisiya olunan Rusiya-İsrail bloqçusu Aleksandr Lapşin Heydər Əliyev Beynəlxalq Hava limanına gətirilib. Belarus Baş Prokurorluğu bu ilin yanvarında Lapşini Azərbaycana vermək barədə qərar qəbul edib. Minsk şəhər məhkəməsi Baş prokurorluğun Lapşinin verilməsi barədə qərarını qüvvədə saxlayıb. Qarabağ separatçılarına simpatiya bəsləyən Lapşin rəsmi Bakının icazəsi olmadan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. O, bununla bağlı hələ 2011-ci ildə Azərbaycan XİN-in “qara siyahı”sına düşüb.

Fevralın 8-də Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib. Sputnik Azərbaycan-ın məlumatlına görə, telefon söhbəti zamanı Belarus-Azərbaycan ikitərəfli münasibətlərinin uğurlu inkişafından danışılıb, prezident Lukaşenkonun keçən ilin sonunda Azərbaycana həyata keçirilmiş rəsmi səfəri məmnunluqla xatırlanıb, səfər zamanı əldə olunmuş razılıqların uğurla icra olunduğu qeyd edilib. Siyasi, iqtisadi və digər sahələrdə əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub.

Dövlət başçıları ikitərəfli münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıb, prezidentlər səviyyəsində gələcək görüşlər barəsində danışıblar. İlham Əliyev, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılmış Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən prezident Aleksandr Lukaşenkoya minnətdarlıq edib, bu addımı qanun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib. Aleksandr Lukaşenko minnətdarlığa görə prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Bu və digər məsələlər ətrafında “Bizim Yol”un suallarını Qırğızıstandakı Azərbaycan diasporunun rəhbəri Nüsrət Məmmədov cavablandırıb.

– Nüsrət müəllim, Qarabağ separatçılarına simpatiyası ilə seçilən Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi hansı tədbirlər nəticəsində mümkün oldu?

– Blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan diplomatiyasında müsbət haldır. Bildiyimiz kimi Azərbaycanın Baş Prokurorluğu tərəfindən Aleksandr Lapşinə qarşı cinayət işi açılaraq dövlətlərarası axtarış elan edilmişdi. Lapşinin ekstradisiyası o deməkdir ki, bunun üçün Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən kifayət qədər hüququ əsaslar ortaya qoyulub. Belə olan halda, Lapşinin cinayət məsuliyyətinə cəlb edilməsində qeyri-adi heç nə yoxdur. Onun günahkar olduğu hüquqi əsaslarla müəyyən edilib. Azərbaycan bu əsaslar nəticəsində insanın günahkar olduğunu obyektiv şəkildə sübut etmiş oldu. Çünki, Avropanın hüquq sistemində bunu sübut etmək çox çətindir. Lapşin etdiyi hərəkətin qanunsuz olduğunu və onun hansı nəticələrə gətirib çıxaracağını bilirdi. Çünki, Lapşin özü sosial şəbəkələrdə cinayət etdiyini və bununla qürur duyduğunu etiraf etmişdi. O, cinayətkardır. Cinayətkar qanun qarşısında cavab verməlidir.

– Lapşinin Azərbaycana verilməsi nə kimi bir diplomatik uğur sayıla bilər?

– Əlbəttə, Aleksandr Lapşinin Azərbaycana qaytarılması Azərbaycan dövlətinin, şəxsən Prezdent İlham Əliyevin yüksək beynəlxalq nüfuzunun göstəricisidir. Həm də bu, Belarusla Azərbaycan arasındakı möhkəm dostluq münasibətlərinə söykənir. Lapşinin Azərbaycana qaytarılması Azərbaycan diplomatiyasının qələbəsidir. İrəvanda da artıq Ermənistanın Azərbaycan diplomatiyasına uduzduğunu etiraf etməyə başlayıblar. Lapşinin Azərbaycana ekstradisiyası və məhz Azərbaycan qanunlarına uyğun mühakimə olunması həm də Azərbaycanın işğal altındakı torpaqlarına qeyri-qanuni səfərlər edən şəxslərə də ciddi bir mesaj oldu. Çünki, bundan sonra kim Azərbaycan dövlətinin rəsmi icazəsi olmadan ölkəmizin ərazisinə daxil olarsa, onları da Lapşinin taleyi gözləyir. Prezident İlham Əliyev prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada Azərbaycanın mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir.

– Lapşin həm Rusiya, həm də İsrail vətəndaşlığı daşıyır. Bundan sonra Azərbaycanın həmin iki ölkə ilə münasibətlərinə zərbə dəyə bilərmi?

– Bu hadisənin digər ölkələrlə münasibətlərə zərbə vuracağını zənn etmirəm. Ayrıca, Rusiyanın Dilqəm Əsgərovla bağlı məsələyə Lapşin qədər diqqət etməməsini də qeyd etmək lazımdır. Rusiya Xarici İşlər Nazirliyi blogger Aleksandr Lapşinin məsələsində ikili standartlara yol verir. Rusiya XİN ona görə ikili standartlara yol verir ki, onlar Rusiya Federasiyasının vətəndaşı olan Dilqəm Əsgərovun ermənilər tərəfdən saxlanılması məsələsini qaldırmırlar. Belarus Ədliyyə Nazirliyi isə borcunu vicdanla yerinə yetirərək Rusiya XİN-ə ölkə vətəndaşlarını qorumaqla bağlı konstitusion vəzifəsini xatırladıb. Lapşinin məsələsinə baxılarkən həm də Dilqəm Əsgərovun məsələsinə baxmaq lazım idi. Bu məsələni siyasiləşdirərək Rusiya ilə Azərbaycan arasındakı münasibətləri korlamağa cəhdlər də olacaq. Buna qətiyyən yol vermək olmaz.

– Bu hadisə Ermənistanda necə qarşılanır?

– Mətbuatda verilən məlumatlara görə, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası və s. kimi hallar Ermənistan və Rusiyanın narahatlığına səbəb olub. Bu, Azərbaycanın düşmən üzərində psixoloji qələbəsi olmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyünü qanunsuz keçmək istəyənlərə və əks-təbliğat aparanlara gələcəkdə bu səhvi təkrarlamamaları haqda mesaj idi. Qeyd edək ki, ermənipərəst Aleksandr Lapşin digər ölkədən deyil, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqi olan Belarusdan ekstradisiyası onu göstərir ki, İrəvan bu ölkə ilə gerçək müttəfiq əlaqələrə malik deyil və təşkilatda fikir ayrılıqları var. Bu, həm də Belarusun Azərbaycana verdiyi siyasi dəstəyin nəticəsidir.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi səviyyəsində ekstradisiyaya etiraz etməsinə baxmayaraq, Belarusun Rusiya vətəndaşı olan A. Lapşini Azərbaycana göndərməsi, həmçinin bu ölkənin Rusiyanın artıq siyasəti ilə barışmadığının bariz nümunəsidir. Son günlər prezident Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinin Şərqi Avropa siyasətinə qarşıdır və bu siyasəti tənqid etməkdədir. Təbii ki, baş verənlər Ermənistanda və Rusiyada qəzəblə qarşılanmaqdadır. Hazırda Azərbaycana qarşı, Moskva-Yerevan-Tehran üçbucağı formalaşıb. Ermənistan Moskva və Tehranın dəstəyindən istifadə edərək, bu təxribatları davam etdirərsə, Azərbaycanın ildırım sürətli hücumuna məruz qalması qaçılmaz olacaq. Məncə Aleksandr Lapşinin Azərbaycana ekstradiyası Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində siyasi vəziyyətin gərginləşməsinə də səbəb olacaq.

– Bəzi təhlilçilər iddia edirlər ki, bu məsələ xüsusilə Rusiya ilə münasibətlərdə mənfi izlər buraxacaq. Siz necə düşünürsünüz?

– Əvvəla qeyd edim ki, Dağlıq Qarabağa qanunsuz səfərlər edib separatçı rejimin təbliğatı ilə məşğul olan Aleksandr Lapşinin ekstradisiyası ilə Azərbaycan hökuməti bütün dünyaya “Azərbaycan ərazisinə icazəsiz gələn istənilən şəxsi belə bir aqibət gözləyir” mesajinı verdi. Blogger Aleksandr Lapşindən başqa işğal altındakı ərazilərə qeyri-qanuni səfərlər etmiş və ya bundan sonra edəcək şəxslərin əməllərinə də hüquqi müstəvidə qiymət verilməlidir, onlar da İnterpol xətti ilə axtarılaraq məsuliyyətə cəlb edilməsi yaxşı olardı.

Hər kəs Azərbaycanın qanunlarına hörmətlə yanaşmalıdır. Azərbaycanın qanunları var. Bu ölkə işğal altında olan Dağlıq Qarabağ uğrunda mübarizə aparır. Azərbaycan dövlətinin vəzifələrindən biri Dağlıq Qarabağa gedən əcnəbilərin qanunsuz səfərlərinin qarşısını almaqdır. Hesab edirəm ki, Lapşinlə bağlı baş verən hadisə Dağlıq Qarabağa səfər edənlərə və etmək istəyənlərə dərs olacaq və bu regiona gedənlərin sayı kəskin azalacaq.

A.Lapşin olayının Moskva ilə Bakı arasındakı münasibətlərə təsir edib-etməyəcəyi məsələsinə gəlincə, iki ölkə arasındakı münasibətlər hal-hazırda yüksək səviyyədədir. İnanmıram ki, bu hadisə ikitərəfli münasibətlərə təsir etsin. Əgər Lapşin Azərbaycan həbsxanasında axıra kimi cəzasını çəksə, bu, bəlkə də Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edə bilər. Mən belə düşünürəm ki, ona hökm oxunandan sonra ya əfv olunacaq, ya da cəzasının qalan hissəsini çəkmək üçün vətəndaşı olduğu Rusiyaya təhvil veriləcək. Azərbaycanın bu addımı isə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə səbəb olacaq.

– Ümumiyyətlə, bu hadisə Azərbaycanın başqa dövlətlərlə münasibətlərində hansısa yeni mərhələ yarada bilər?

– Əslində, Azərbaycan bütün beynəlxalq fəaliyyətini və başqa dövlətlərlə münasibətlərini hüquq çərçivəsində qurur. Biz heç vaxt heç kimin haqqına girmirik və kimsənin də bizim haqqımıza girməsinə izn vermərik. Bu mənada Lapşin hadisəsinin beynəlxalq siyasətimizdə ciddi nələrə səbəb olacağını düşünmürəm. Zatən bütün dünya Azərbaycanın hər bir addımını beynəlxalq hüquq və anlaşma çərçivəsində atdığını bilir. Təbii ki, Lapşin məsələsində də rəsmi Bakının davranışı xarici dövlətlər tərəfindən təqdir olunacaq.

– Nüsrət müəllim, bir az xaricdəki Azərbaycan diasporunun vəziyyətindən danışaq. Diaspor təşkilatlarımızın durumu necədir?

– Əvvəla qeyd edim ki, hazırda bəzi xarici ölkələrdəki diaspor təşkilatlarımızla həmin ölkələrdəki səfirliklərimizin arasında soyuqluq var. Bəzi hallarda səfirliklərin fəaliyyəti diasporları qane etmir və bundan Azərbaycan Prezidentinə şikayətlər olunur. Hesab edirəm ki, xarici ölkələrdəki Azərbaycanın diaspor təşkilatları gücləndirilməlidir. Dövlət ən azından diaspor təşkilatlarına mənəvi dəstək göstərməlidir ki, diasporumuz inkişaf eləsin. Azərbaycanlılarımız arasında elm, mədəniyyət xadimlərinin, böyük iş adamlarının sayı çoxalsın. Bunun Azərbaycana, yalnız xeyri olacaq. Səfirliklərimiz olduqları ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə intriqaya girməməli, əksinə onlara dəstək olmalıdır.

Təqdirəlayiq haldır ki, Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycanın səfirliklərində ticarət nümayəndəlikləri açılıb. Hələ çox əvvəllər də bütün yazılarımda qeyd etmişdim ki, Azərbaycanın səfirliklərində yerlərdəki diasporlarla işi Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri aparmalıdır. Buna qərar verilsə, hər kəs qazanar, ən birinci də Dövlətimiz.

– Xaricdəki diaspor təşkilatlarımız, ölkəmizin dünyada tanınması, beynəlxalq nüfuzunun güclənməsi və qarşılıqlı əlaqələrin sıxlaşması baxımından hansı addımları atmalıdır?

– Beynəlxalq və xarici təşkilatlarla əlaqələr qurub Azərbaycanın mədəniyyəti, adət-ənənələri, zəngin tarixi irsimizin dünyaya çatdırılması istiqamətində ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının əvəzsiz rolu olmalıdır. Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri, təşkilat və qurumlarının müntəzəm olaraq təşkil etdiyi bu kimi tədbirlər Azərbaycan mədəniyyəti barədə dünya ölkələrində dəqiq, obyektiv təəssürat yaradır.

– Sizin rəhbərlik etdiyiniz diaspor təşkilatı hansı fəaliyyətləri göstərir?

– Hər şeydən öncə, Qırğızıstanda fəaliyyət göstərən və mənim rəhbəri olduğum Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etməliyəm. Məlumat üçün deyim ki, Fond müntəzəm olaraq öz şəxsi vəsaiti hesabına Azərbaycanın yazıçı və şairlərinin, tanınmış qələm adamlarının kitablarını rus və qırğız dillərinə tərcümə edərək, onların Qırğızıstanda pulsuz yayımını təşkil edir.

Rəhbərlik etdiyim təşkilata gəlincə, biz öz prinsiplərimizə sadiq qalaraq kitablar tərcümə etdirib onların nəşrinə nail oluruq. İndiyə qədər 85 kitab tərcümə və nəşr olunaraq pulsuz paylanıb. Qarşıdakı müddətdə də daha bir neçə kitabın tərcümə edilərək nəşr olunması və pulsuz paylanması nəzərdə tutulur. Məqsədimiz mədəniyyətimizi, tariximizi təbliğ etməkdir. Əgər dünyadakı Azərbaycan diaspor təşkilatlarının hərəsi 5 kitabı yaşadıqları dövlətlərin dilinə tərcümə etdirib onların nəşrinə nail olsa və pulsuz yayımını təşkil etsə, Azərbaycan həqiqətlərini ani bir vaxtda dünyaya çatdırmış olarıq. Bu da Prezidentimiz İlham Əliyevin Dünya Azərbaycanlılarının Dördüncü Qurultayında etdiyi tövsiyələri layiqli yerinə yetirməyimiz deməkdir.

– Bundan sonrakı hədəfləriniz nədən ibarətdir?

– Diqqətinizə çatdırım ki, hazırda tərcüməsi olunub nəşrə hazırlanan kitablar da var. Bunlardan biri – Kanıbəy İmanəliyevin müəllifi olduğu “Qırğızlar (vətən haqqında söz)” kitabı Azərbaycan dilində nəşr olunacaq. Artıq kitab hazırdır. Kitabı Azərbaycan dilinə Fondun sifarişi ilə Münisə Dadaşqızı tərcümə edib. Həmçinin Beqaliyevin “1916-cı il qırğız üsyanı” kitabı Azərbaycan dilində işıq üzü görəcək. Qeyd edilən kitab da artıq hazırdır. Kitabı Azərbaycan dilinə Fondun sifarişi ilə Münisə Dadaşqızı tərcümə edib.

Bundan başqa ingilis, rus, türk və qırğız dillərində ali məktəblər üçün dərs vəsaiti olan “Manas” monoqrafiyası hər dildə, ayrıca kitab şəklində hazırlanıb. Türk dilindən qırğız dilinə tərcümə edilmiş “Osmanlı İmperiyası və Türk Cümhuriyyəti” kitabı da artıq hazırdır. Kitab türk dilindən qırğız dilinə Fondun sifarişi ilə Ömürzakov tərəfindən tərcümə olunub. Rus tarixçi alimi Oleq Kuznetsovun “Transmilli erməni terroru” kitabı, Bəxtiyar Tuncayın müəllifi olduğu “Qafqaz albanlarının əlyazma irsi” kitabının 2 cildi rus dilində hazırlanıb. Eyni zamanda qırğız dilində Azərbaycan xalq nağılları hazırlanıb. Kitabı qırğız dilinə Fondun sifarişi ilə Mukan Asanaliyev tərcümə edib. Həmçinin yazıçı-publisist Yunus Oğuzun “Şah arvadı və cadugər” kitabı qırğız dilində, millət vəkili Musa Qasımlının “Anadolu və Cənubi Qafqaz 1724-1920 illərdə tarixi ədalətin axtarışında” kitabı rus dilində və Rəsul Rzanın seçilmiş əsərlərinin ikicildliyinin 1 cildi qırğız dilində (Mukan Asanaliyev və Bakıt Junusaliyevin tərcüməsində), yazıçı Varisin “Bir ovuc torpaq” və başqa kitablar hazırlanıb.
Rəhbəri olduğum Fond təkcə Azərbaycan müəlliflərinin deyil, həm də qazax və qırğız müəlliflərin əsərlərini tərcümə və nəşr etdirib onların pulsuz yayımını təşkil edir. Misal üçün tanınmış qazax şairi Muxtar Şaxanovun “Həqiqət formulu və məhəbbətin Everest zirvəsi” əsəri Azərbaycan dilinə, S. Beqaliyevin “1916 cı il-qırğız üsyanı”, K. İmanaliyevin “Qırğızıstan”, Qırğızıstan xalq şairi Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanı isə türk dilinə tərcümə etdirilib. Tərcümə etdirəcəyimiz kitabların seçimində xalqlarımızın mədəni əlaqələrinin inkişafında oynayacağı rol əsas götürülür.

Qırğızıstan Respublikası Prezidenti yanında dövlət dili komissiyasının sədri, Qırğızıstanın xalq şairi Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanının türk dilinə tərcümə edilməsində isə məqsədimiz İslamın sülhsevər, tolerant bir din olduğunu oxuculara çatdırmaqdır. Bildiyiniz kimi İslam dini adı altında bəzi sektalar yaradılır və terrorla məşğul olurlar. Beləliklə də İslam dininin terrorçu bir din olmasını beyinlərə yeritməyə çalışırlar. E. Ermatovun qələmə aldığı Məhəmməd Peyğəmbərin həyatından bəhs edən bu dastanda İslam dininin nə qədər gözəl din olduğu nəzərə çarpır. Düşünürəm ki, Eqemberdi Ermatovun “Məhəmməd Peyğəmbər” dastanı dünya ədəbiyyatında öz layiqli yerini tapacaq.

Azinforum.az

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın