Ana səhifə / İqtisadiyyat / Novruz ərəfəsi qiymətləri oliqarx məmurlar qaldırır

Novruz ərəfəsi qiymətləri oliqarx məmurlar qaldırır

Novruz bayramına artıq sayılı günlər qalıb. Çox adam bayram hazırlığına indidən başlayıb. Bu günlərdə həm bazarlara, həm də marketlərə axın edənlərin sayı çoxdur. Lakin vətəndaşlar bayram ərəfəsində qiymətlərin artımından ciddi narazılıq edirlər.

Bayram ərəfəsində qiymətlər niyə qalxır?
Əhalini narahat edən məsələ ilə bağlı Bakupost.az -a Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli açıqlama verib.

Onun sözlərinə görə, monopolist qüvvələr bayram ərəfəsində süni qiymət artımına yol verirlər:

“Azərbaycanda çox pis bir ənənə var ki, bayramlardan öncə qiymətlərdə həmişə süni şəkildə yüksəlmə olur. Əgər xarici ölkələrdə bayram ərəfəsində endirim kampaniyaları baş tutursa, Azərbaycanda Yeni il və Novruz bayramlarında əks halın şahidi oluruq. Eyni zamanda, ailələr çalışır ki, bütün çərşənbələrdə bayram süfrəsi aça bilsin. İlaxır çərşənbə, az qala, Novruz bayramı səviyyəsində qeyd olunur. Bütün bunları nəzərə alsaq, 4 nəfərlik ailənin bayram boyunca süfrə təşkil etməsi üçün ən azı 500-600 manat vəsaitə ehtiyac olur ki, bu da kifayət qədər ciddi məbləğdir”.

A.Nəsirli bayram ərəfəsində süni qiymət artımının səbəblərini açıqlayıb:

“Qiymətlər ona görə qalxır ki, ölkədə rəqabət mühiti mövcud deyil. Hökumətin rəqabət mühiti yaratmadan, inhisarçılığı aradan qaldırmadan ölkənin bütün bazarlarına nəzarət edib, qiymətləri aşağı salması real və mümkün deyil. Yəni hər məmur bazarın bir seqmentini tutub, onları da alıcının büdcəsi maraqlandırmır. Onlar yalnız dövriyyəyə nəzarət edirlər. Yəni məhsul satışı nə vaxt artırsa, həmin vaxt sahibkarlar daha çox qazanmaq üçün qiymətləri qaldırırlar. Əgər rəqabət mühiti olsa, bu vektor tam əksinə fırlanacaq. Çünki rəqabət olsa, satıcı öz alıcısını itirməkdən qorxacaq, qiymət artımına yox, daha çox məhsulun keyfiyyətinə diqqət ayıracaq. Rəqabət olan iqtisadiyyatda sahibkarın ən çətin işi qiyməti qaldırmaqdır. Azərbaycanda isə bir seqmenti bir qrup məmur tutub və onların rəqibi yoxdur. Ona görə də satış çoxalanda onlar qiymətləri qaldırırlar”.
A.Nəsirli hökumətin nəzarət mexanizminə də diqqət çəkib:

“Hökumət deyir ki, bazara nəzarət edir. Lakin onlar bazara nəzarət edə bilməz. Azərbaycanda minlərlə bazar, satış, istehsal müəssisəsi var. Bunların hamısına nəzarət etməkdən ötrü xeyli sayda əməkdaş lazımdır ki, bu da qeyri-ciddi səslənir. Bazar iqtisadiyyatında dövlətin qiymət qoyması isə nəzəriyyəyə ziddir. Sahibkar qiyməti qoymaqda sərbəstdir. Monopolist sahibkarlar da bunu bilirlər, qiyməti istədikləri kimi qaldırırlar. Dövlət Tarif Şurasının siyahısında olan məhsullardan başqa məhsula qiymət qoya bilməz. Dünyada bazar iqtisadiyyatı şəraitində hökumətin nəzarət elədiyi yeganə bir məsələ monopoliyadır. Yalnız inhisarçılıq və monopoliya aradan qalxdıqdan sonra bazar iqtisadiyyatı ölkəmizdə mümkün olacaq”.

Ağ Partiyanın sədri Tural Abbaslı bayram ərəfəsində süni qiymət artımının əhali arasında gərginlik yaratdığını vurğulayıb.

O bildirib ki, Novruz bayramı ərəfəsində süni şəkildə qaldırılan qiymətlər daha sonra da olduğu kimi saxlanlılır:

“Uzun illərdir ki, həm Yeni il, həm də Novruz bayramı ərəfəsində qiymət artımı olur və cəmiyyətdə buna ciddi etiraz var. Lakin hökumətin də buna reaksiyası demək olar ki, yoxdur. Bir qədər üzərlərinə gedəndə deyirlər ki, bazar qiymətlərini dövlət tənzimləmir. Amma bilirik ki, dövlətin buna istər nəzarət etmək, istərsə də tənzimləmək üçün kifayət qədər mexanizmləri var. Bu ərəfələrdə süfrəyə düzülən məhsullar var ki, onların qiymətləri artıq “əl yandırır”. Bu məhsulların böyük əksəriyyətini oliqarx məmurlar gətirib saxlayır, daha sonra bayram ərəfəsində standart qiymətdən baha satırlar”.

T.Abbaslının sözlərinə görə, məmurların özləri qiymət artımının marağındadırlar:

“Çünki bu məhsulların nəzarəti, monopoliyası o məmurlardadır. Dövlət buna kifayət qədər nəzarət edə bilər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti var ki, onların işi məhz bu nəzarət mexanizmini layiqli şəkildə həyata keçirməkdir. Amma görünən odur ki, bayram ərəfəsindəki qiymət artımı onların marağında deyil. Əslində, bayram ərəfəsində qiymətlər əvvəlki günlərdən daha ucuz olmalıdır. Çünki insanlar öz maddi imkanları daxilində bu bayramı qeyd edə bilməlidir. Heç olmazsa, ildə bir dəfə həmin məhsulları öz süfrələrinə qoya bilməlidirlər. Bunu etməklə həm də cəmiyyətdə, vətəndaşlar arasında olan gərginliyi də azaltmaq olar. Lakin bizdə isə əksinə, hər Novruz bayramında qiymətlər artır və cəmiyyətdə əlavə gərginlik yaranır. Dövlətin də müvafiq strukturlarının buna səssiz qalması isə təəssüf doğurur”.

Həmçinin oxuyun

İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan”ı məhkəməyə verdi

Azərbaycan İqtisadiyyat Nazirliyi “McDonald’s Azerbaijan” Qapalı Səhmdar Cəmiyyətini məhkəməyə verib. İqtisadiyyat Nazirliyinin tərkibində olan Əmlak …