Bazar ertəsi , Oktyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / Neftin yüksək qiyməti dünya iqtisadiyyatına zərər, Azərbaycana xeyir gətirir… – ŞƏRH

Neftin yüksək qiyməti dünya iqtisadiyyatına zərər, Azərbaycana xeyir gətirir… – ŞƏRH

Dünya bazarında  neft bahalaşmaqda davam edir. Londonun ICE birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,18 dollar artaraq 69,07 dollar, Nyu-Yorkun NYMEX  birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar bahalaşaraq 64,89 dollar təşkil edib.

Azərbaycanın “Azeri LT CIF” markalı xam neftinin 1 barelinin qiyməti 0,57 dollar və yaxud 0,81% artıb. Hazırda “Azeri LT CIF” markalı neftin qiyməti 70,90 dollar/barelə bərabər olub.

Xatırladaq ki, “Azeri LT” neftinin minimal qiyməti 2001-ci ilin dekabr ayında, 19,15 dollar səviyyəsində, maksimal qiyməti isə 2008-ci ilin iyul ayında, 149,66 dollar səviyyəsində qeyd edilib.

Dünyanın qabaqcıl investisiya banklarından olan “Goldman Sachs” 2018-ci il üzrə neftin qiymətinə dair proqnozunu artırıb. “Goldman Sachs” bu il üzrə “Brent” markalı xam neftin qiymətinə dair 3, 6 və 12 aylıq proqnozunu 62 dollar/bareldən müvafiq olaraq 75 dollar/barel, 82,5 dollar/barel və 75 dollar/barelə yüksəldib.

Bank ABŞ-da şist nefti istehsalının artması ilə əlaqədar olaraq “qara qızıl” qiymətinin yenidən düşə biləcəyi barədə xəbərdarlıq edib. “Şist neftinin, eləcə də OPEC-ə üzv və qeyri-OPEC ölkələrdə hasilatın artması qiymətin yenidən aşağı düşməsinə səbəb olacaq” deyə, “Goldman Sachs”ın məlumatında bildirilir.

Neftin bahalaşması və  qiymət artımının bundan sonra da davam edəcəyi ilə bağlı proqnozlar isə beynəlxalq analitikləri, iri neft hasilatçılarını narahat etməyə başlayıb. Onlar artan qiymətlər fonundan dünyada neft hasilatının kəskin artacağından  və bir müddət sonra təklifin tələbi kəskin üstələməsi ilə neftin qəfil ucuzlaşacağından narahatdırlar. Bundan başqa, neftin bahalaşması dünyada qeyri-neft məhsullarının istehsal xərclərini də artırır ki, nəticədə bahalaşma  və inflyasiya güclənir.

Buna baxmayaraq, hazırda  neftin bahalaşması Azərbaycan iqtisadiyyatın müsbət təsir göstərir. Bir tərəfdən ölkənin valyuta ehtiyatlar güclənir, milli valyutamız bunun hesabına sabitliyini qoruyub saxlaya bilir, digər tərəfdən valyuta axını iqtisadiyyatı, xüsusən də qeyri-neft sektorunu vəsaitlə təmin edir.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da vurğuladı ki, neftin çox ucuz qiymətləri təhlükəli olduğu kimi, çox yüksək qiymətləri də dünya iqtisadiyyatı üçün arzuolunmazdır: “2017-ci ilin IV rübündən, daha dəqiq desək oktyabr ayının 27-dən neft 60 dolları keçdi. 2018-ci il yanvar ayının əvvəlindən artıq  70 dolları ötdü.  Belə bir təəssürat  var idi ki, neftin qiymət artımı bundan sonra da davam edəcək. Davos Forumunda ”Lukoil” prezidenti Vahid Ələkbərov tərəfindən belə bir fikir səsləndi ki, əgər 2016-cı ildə OPEK və qeyri-OPEK ölkələri yığışıb bir araya gəlib neftin qiymətinin  tənzimlənməsi və ədalətli qiymət çərçivəsində gəlməsi istiqamətində addımlar atırdılarsa və bunun 60 dollara qədər olmasını məqbul hesab edirdilərsə, indi belə bir təəssürat yaranıb ki, onları heç 70 dollar da qane etmir. Neft qiymətlərinin bundan sonrakı artımına cəhdlər var. Bu fonda  dünyanın aparıcı iqtisadi dərgilərində çoxlu məqalələr yazılır, aparıcı iqtisadçılar, neft şirkəti rəhbərləri, analitiklər bu mövzunu araşdırırlar. Gəldikləri ortaq məxrəc budur ki, neftin qiymətlərinin yenidən əvvəlki kimi 100 dollar həddinə çatması dünya iqtisadiyyatı üçün heç də yaxşı perspektiv vəd etmir. Bu yüksəlişdən sonra yenidən bir çöküş başlayacaq. Neftin kəskin ucuzlaşması necə təhlükəlidirsə, kəskin bahalaşması da bir o qədər təhlükəlidir”.

İlham Şaban ile ilgili görsel sonucu

İlham Şaban qeyd etdi ki, nefti hasil edən ölkələrin böyük bir qisminin iqtisadiyyatı monoiqtisadiyyatdır, yəni neftdən, xammaldan asılı olan ölkələrdir: “2014-cü ilin ikinci yarısında neftin kəskin ucuzlaşması fonunda onların atdığı addımlar, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı qərarlar da göstərdi ki, həmin ölkələrin qeyri-neft sektorlarına sərmayə yatırılması, inkişafı və neft sektoruna bərabər səviyyədə gəlir gətirməsi üçün nəinki illər, bəlkə də minilliklər lazımdır. Nefti istehlak edən ölkələrin böyük əksəriyyəti isə inkişaf etmiş ölkələrdir. Onlar üçün qiymətinin kəskin dəyişməsi  iki baxımdan təhlükəlidir. Əvvəla, neft qiymətinin yüksəlməsi bu ölkələrdə yanacağın kəskin bahalaşması deməkdir. Qiymətlərin kəskin bahalaşması isə üçüncü dünya ölkələrində alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə nəticələnir. Alıcılıq qabiliyyətinin aşağı düşməsi neft istehlakçısı olan inkişaf etmiş ölkələrə təsir edir. Çünki onlar qeyri-neft ixracyönümlü ölkələrdir. Ona görə də, bu ölkələrin marağı ondadır ki, hər hansı qızıl orta tapılsın, həm hasilatçı, həm istehlakçı arasında uzunmüddətli dövr üçün balanslı bir qiymət yaransın. Bu hər iki tərəfi qane edəcək bir yanaşmadır ki, istehlakçı ölkələr nefti enerjini alırlar, onun hesabına öz iqtisadiyyatlarını inkişaf etdirirlər. Mal və xidmətləri isə hasilatçı ölkələrə təklif edirlər, onların da yetərincə maliyyə resursları olur ki, həmin məhsulların haqqını ödəyə bilirlər. Beləcə də dövriyyə yaranır və dünya iqtisadiyyatı inkişaf edir. Qlobal baxış belədir”.

Azərbaycana gəlincə, iqtisadçı bildirdi ki, 20 il öncə də, 10 il öncə də, ötən ilin yekunların görə də, enerji sektoru, neft, neft məhsulları və təbii qaz ölkə ixracatının 90 faizini təşkil edir: “Doğrudur, əvvəl Azərbaycanda qaz ixracı yox idi, təkcə neft idi. İxracatın 86 faizi neft, 4 faizi də neft məhsulları idi. İndi isə ixracatın 75 faizi xam neftdir, 12 faizi təbii qazdır, qalan hissəsi isə neft məhsuludur. Bizdə neft məhsullarının ixracı kifayət qədər azalıb.  Qeyri-neft sektorunun ixracı yenə də 1-in 10-a nisbətindədir. 2020-ci ildən sonrakı dövrə baxsaq, ”Şahdəniz 2″ maksimum layihə gücünə çatacaq və qazın ixracı artacaq. Digər yataqlardan çıxarılan qaz hesabına ixracatda payı 12 faizdən 20 faizə qədər artacaq. İkinci tərəfdən, 2020-ci ildə Heydər Əliyev adına Neftayırma Zavodunun modernizasiya prosesi başa çatır. Bundan sonra, neft məhsullarının ixracı da artacaq. Hazırda 1,7 milyon ton neft məhsulu ixrac ediriksə, birdən-birə 3 milyon tona çatacaq, avtomobil benzini ixracı yenidən başlayacaq. Həm neft məhsulu, həm də qaz  ixracı kifayət qədər artacaq. Ümumi enerji sektoru öz mövqelərini heç zaman faktiki olaraq  heç zaman tərk etməyəcək”.

İlham Şabanın fikrincə, neftin qiymətinin artması Azərbaycan üçün  o baxımdan faydalıdır ki, hasilatın azalmasını kompensasiya edir: “Belə ki, ölkəmizdə hasilat azalsa da, ötən il Neft Fonduna gələn mənfəət  1,2 milyard dollar artıb. Bu da ötən il 2016-cı illə müqayisədə neft qiymətlərinin daha yüksək olması ilə bağlı idi. Cari ildə hökumət neft hasilatının 1 milyon ton azalmasını proqnoz edib. Bu il neftin orta qiyməti 60 dollar olsa, hasilatı azalması ilə bağlı itkini də doldura bilirik. Nəinki ötən ilki gəlirlərimizi saxlayırıq, əksinə bir qədər artıra da bilirik. Neftin bahalaşması bizim üçün bu baxımdan önəmlidir ki, hasilatın azalmasını kompensasiya edə bilirik. Ancaq 2019-cu ildən ”Şahdəniz 2″ layihəsi hesabına kondensant artımı olacaq, o zaman stabilləşmə yaranacaq”.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …