Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Neftin həssas balansı: Sonrakı istiqamət necə olacaq – TƏHLİL

Neftin həssas balansı: Sonrakı istiqamət necə olacaq – TƏHLİL

OPEC+ ölkələrinin razılaşmasından sonra ən böyük sual odur ki, neftin qiyməti yenidən bahalaşacaqmı? Bəri başdan deyim ki, bahalaşmadan söhbət gedə bilməz. Sabitləşmə ola bilər ki, bu da artıq, adı çəkilən quruma üzv ölkələrin yenidən ortaya gəldikləri gündən özünü büruzə verməyə başlayıb.

Məsələ ondadır ki, məqsəd də məhz bu idi: Qiymətlərin kəskin enişinin qarşısını almaq və ifrat ucuzlaşmaya son qoymaq. Bu da təsadüfi deyil. Qiymətlər 20 ABŞ dollarınadək enmişdi və hətta dada aşağıya getmək təhlükəsilə üzbəüz qalmışdı. Doğrudur, deyilə bilər ki, qiymətlərin 20 dollardan aşağı vaxtı da olub. Məsələn, keçən əsrin 90-cı illərinin əvvəlində, habelə, 2001-ci ildə 17-18 dollar qeydə alınıb. Lakin bir məqam var ki, həmin dövrlərdə ABŞ valyutasının alıcılıq qabiliyyəti indikindən artıq idi və 20-30 il bundan qabaq məsələn, 20 dollar indiki təqribən, 30-32 dollar gücündə idi. Odur ki, real olaraq neftin 20 dollardan aşağı olması dünya neft bazarı tarixində ən “faciəvi” hədd sayıla bilərdi. Üstəlik, digər tərəfdən də, pandemiya fəlakəti… Buna müşahidəçi kimi yanaşmaq, dünya iqtisadiyyatı üzərindən koronovirus bəlası tamamilə sovuşub getsə belə, onu bərpa etmək üçün azı 2021-ci ilin sonunadək gözləməyin lazım gələcə biləcəyi demək idi. Çünki neftin qiyməti qlobal iqtisadiyyatın nə dərəcədə oksigenlə təmin edildiyini göstərir. Ona görə də, xam neft üzrə dünya bazarının nəzarətdən çıxması qlobal iqtisadiyyat və onun aparıcı ölkələri üçün arzuolunmaz nəticələr doğurar, idarəetmənin itməsi demək olar.

Bütün bu qeyd olunanlar səbəbindən, birinci növbədə ABŞ özü narahat olmağa başladı. Martın 31-də ABŞPrezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olduğu haqda yayılan məlumatda hər iki dövlət başçısının neftin dünya bazarlarında mövcud qiymət səviyyəsinin nə ABŞ, nə də Rusiya üçün sərfəli olmadığının dilə gətirildiyi heç də təsadüfən qeyd olunmadı. Bununla bağlı yazıda qeyd etmişdim ki, vəziyyətdən çıxmaq üçün hər iki ölkənin dövlət başçılarının nə kimi addım atacaqları bəlli deyil. Lakin mövcud vəziyyətdən bütün tərəflərin əziyyət çəkdiyi – ABŞ-da neft sənayesinin çökməkdə olduğu, Rusiyada bütün növ makroiqtisadi göstəricilərin, dayanıqlığın tənəzzülə uğramağa başladığı, Səudiyyə Ərəbistanında isə investisiya imkanlarının tükənməyə doğru getdiyi aydın idi. Bu, bütün dünya iqtisadiyyatı üçün əyləcin basılması və qısaqapanma demək idi.

Bilavasitə neft bazarının koronavirusun yaratdığı təsirlərə bundan sonra duruş gətirmək imkanı maksimum 3-4 ay ola bilərdi. Bəla ilin sonunadək davam etsə, neftin qiyməti 2022-ci ilə qədər 30 dollara çatmayacaqdı. Bütün bunlardan ən çox əziyyət çəkən isə təbii ki, ilk növbədə Birləşmiş Ştatlar olacaqdı. Çünki ABŞ-ın enerji sektorunda 10 milyondan çox adam çalışır.

Odur ki, OPEC+ ölkələrinin bir araya gəlməsində ABŞ-ın böyük rolu oldu. Bunu sonuncu razılaşmada Meksikanın nümayiş etdirdiyi “ərköyünlüyünün” də əvəzini məhz ABŞ-ın çıxacağı və bunu da öz boynuna götürməsi əyani sübut etdi. Belə ki, Meksika gündəlik hasilatı 400 min barel əvəzinə 100 min azaldacaq ki, yerdə qalan 300 min bareli də ABŞ əlavə azaltmağa boyun olub.

Diqqəti çəkən digər məqam isə OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın məhz 2 il ərzində – mayın 1-dən 2022-ci ilin aprelinədək 3 mərhələ üzrə – 9,7-8-6 milyon barel azaldılması haqda qərarın qəbul edilməsidir.

Bütün bunlar göstərdi ki, əsas məqsəd xam neft üzrə dünya bazarında nəzarətsizliyə yol verməmək, baş vermiş parçalanmanın dərinə işləməsinin qarşısını almaqdır. Çünki OPEC+ ötən müddət ərzində – 2017-2019-cu illər ərzində bazarda böyük tənzimləyici gücə malik olduğunu əyani göstərib. 2014-2016-cı illərdə neftin ucuzlaşmasının qarşısını OPEC+ ölkələri aldı. 2017-2019-cu illər ərzində ABŞ bu qurumun mövqeyinin əleyhinə çıxırdı. Lakin göründüyü kimi, indi Vaşinqton özü OPEC+ ölkələrinin martın əvvəllərində məlum parçalanmadan sonra təkrar bir araya gəlməsində həlledici rol oynadı.

Sözün qısası, OPEC+ ölkələrinin razılığa gəlməsi neftin qiymətinin 20 ABŞ dollaradək və bundan aşağı düşməsinin qarşısını aldı. Amma, qiymətlərin normal tempə qayıtması üçün isə qlobal iqtisadi aktivliyin bərpa olunması lazımdır. Yəni, koronavirus məsələsi yox olmalıdır. Əks təqdirdə, neftin qiyməti yenə 20 dollara doğru və bundan da aşağıya doğru dartıla bilər. Pandemiyanın nə vaxt bitəcəyi isə hələ ki məlum deyil.

Pərviz Heydərov

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …