Çərşənbə , İyun 29 2022
Ana səhifə / İqtisadiyyat / “Neft, qaz gəlirlərinin artması ölkəmizin xeyrinədir, amma…”

“Neft, qaz gəlirlərinin artması ölkəmizin xeyrinədir, amma…”

Ukrayna-Rusiya müharibəsi neftin və qazın qiymətini böyük ölçüdə  bahalaşdırıb. Müharibə və eləcə də enerji resurslarının qiymətinin yüksəlməsi dünya çapında bütün tələbat mallarının qiymətlərini tətikləməkdə və durmadan yüksəltməkdədir.

Bəzi təhlilçilərə görə, böyük böhran qapıdadır və qaçılmazdır.

Bu böhranın əhatə dairəsi və davamiyyət müddəti haqqında ekspertlər nələr düşünürlər? Eyni zamanda ən aktual sual – Azərbaycanın da istehsal etdiyi neft-qazın qiymətlərinin qalxması nəticəsində ölkəmizə daxil olan əlavə milyardlar ölkəmizi və xalqımızı böyük böhrandan qorumağa yetərli olacaqmı?  Bundan əvvəl iki böhrandan yayınan Azərbaycan bu dəfə də bacaracaqmı?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli məsələni bu cür dəyərləndirdi: “Dünyada enerjidaşıyıcılarının qiymətlərinin artmasının səbəbləri çoxdur. Pandemiyadan sonrakı dövrdə, yəni 2021-ci ildə artıq bu problem yaşanmağa başladı, yəni həm neft, həm də qazda qiymətlər kəskin artdı. Ukrayna-Rusiya müharibəsi bu problemi daha da dərinləşdirdi.

Natiq Cəfərli ON REAL CAVAB - YouTube

Natiq Cəfərli 

Təbii ki, enerjidaşıyıcılarının qiymətinin artması dünyada inflyasiyanı yüksəldən amildir. Yəni qiymətlər sürətlə artdıqda, bu, iqtisadi aktivliyi aşağı salır. İqtisadi aktivlik, insanların alıcılıq gücü zəiflədikcə dünyada iqtisadi böhran genişlənir. Belə olan halda insanlar daha az xərcləməyə məcbur olur, daha az mal və məhsul alır, nəticədə istehsal azalır, ardınca bu bütün tədarük “zəncirlərinə” təsir edir. Yəni problem iqtisadiyyatın bütün sahələrinə halqavari öz təsirini göstərir.

Artıq dünyada iqtisadi böhranın işartılarını müşahidə edirik. Yüksək həcmli iqtisadiyyatlar, o cümlədən ABŞ, Avropa Birliyi iqtisadiyyatları daralmağa başlayıb. Yəni iqtisadi artımdan iqtisadi azalmağa keçiblər və bu da dünya iqtisadiyyatı üçün kifayət qədər ciddi problemdir”.

İqtisadçı qeyd etdi ki, Azərbaycana gəldikdə, neft, qaz gəlirlərinin artması ölkəmizin xeyrinədir: “O mənada ki, ölkəmizə daha çox valyuta ehtiyatları gəlir və gəlir əldə olunur. Lakin ölkə idxaldan asılıdır. Bizdə çox az istiqamət var ki, ölkəmiz özü-özünü təmin edə bilir. Buna görə də  xaricdən aldığımız məhsulların qiyməti baha olanda bu, ölkə iqtisadiyyatına kifayət qədər mənfi təsir göstərir, inflyasiyanın həcmini artırır, xaricdən asılılıq artır, əhalinin alıcılıq qabiliyyəti azalır. Hər halda, digər ölkələrlə müqayisədə Azərbaycanın valyuta gəlirlərinin çox olması müəyyən kəskin problemləri sığortalamağa imkan və fürsətlər yaradır”.

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək?Pərviz  Heydərov yazır... » Sedanews.az

Pərviz Heydərov

İqtisadçı Pərviz Heydərov isə qeyd etdi ki, dünyada və Avropada enerjidaşıyıcılarının qiymətinin artması Azərbaycan kimi, yəni enerji resursları üzərində qurulmuş iqtisadiyyata malik ölkələrin xeyrinədir: “Çünki neft, qazdan gələn gəlirlərin hesabına bu cür ölkələrin qazancı çoxalır. Hazırda həmin ölkələr sırasındayıq ki, neft və qazdan nəzərdə tutduğumuzdan iki dəfə çox gəlir əldə edirik. Lakin burada başqa bir məqam var, dünyada enerjidaşıyıcılarının qiymətlərinin qalxması bütün sahələrdə bahalaşma yaradır. Yəni yanacaq iqtisadiyyatda əsas rol oynayır. Yanacağın qiymətinin qalxması avtomatik olaraq xərcləri artırır, dünya müxtəlif sahələrdə istehsal olunan məhsulların da qiymətini yüksəldir və bütün bunlar nəticədə balansı pozur. Bir sözlə, neftdən, qazdan gələn gəlirlər artsa da, digər tərəfdən inflyasiya yaranır.  Ölkəmiz nəzərdə tutulandan lap 2-3 qat çox pul əldə etsə də, perspektiv baxımından iqtisadiyyatda qeyri-neft  sektorunun inkişafında yaxşı heç nə gözlənilmir.  Hesab edirəm ki, qarşıda daha böhranlı, dumanlı iqtisadi şərait gözlənilir. Ona görə də pul şəklində aldığımız bugünkü gəlirlərimizin sabah inflyasiyanın  lehinə çevrilməməsi ehtimalı azalır. Yəni  sabah biz bu pulları iqtisadi böhranla əlaqədar, əhalinin sosial vəziyyətini müdafiə etmək, onu dövriyyəyə buraxıb əmək haqlarını vermək, pensiya, sosial müavinətləri artırmaq, mövcud olacaq iqtisadi çətinlikləri aradan qaldırmaq üçün sərf etmək məcburiyyətində qalacağıq. Bu da məntiqlə o deməkdir ki, bu gün çox qazansam da sabah həmin pulları xərcləmək üçün deyil, yaranacaq iqtisadi böhrandan sığortalanmaq üçün sərf edəcəm.

Ona görə də dünya üzrə enerjidaşıyıclarının qiymətlərinin qalxması  ilk baxışdan Azərbaycanın dövlət gəlirlərinin genişlənməsi və artması üçün şərait və zəmin yaratsa da və bu müsbət qiymətləndirilsə də, gələcək baxımından bu qədər də yaxşı hal deyil”.

Həmçinin oxuyun

Baramamızın içinə düşən “qurd”- istehsal niyə azalıb?

Azərbaycanda barama istehsalı kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənən istehsal istiqamətlərindən biridir. Bu sahənin dirçəldilməsinə 2016-cı …