Bazar , Oktyabr 25 2020
Ana səhifə / İqtisadiyyat / Neft Fondunun aktivləri 2 milyard dollara yaxın azaldı

Neft Fondunun aktivləri 2 milyard dollara yaxın azaldı

Bu ilin I rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) neft və qaz sazişləri ilə bağlı daxilolmaları 3 772,1 milyon manat təşkil edib. 

Bu daxilolmaların tərkibində mənfəət neftinin və qazın satışından gəlirlər 2 997,9 milyon manat təşkil etmişdir ki, bu gəlirlər dəfyuçersmüqaviləsi şərtlərinə uyğun olaraq xam neftin qiymətlərinin büdcədə nəzərdə tutulan qiymətdən daha yüksək olduğu dekabr, yanvar və fevral aylarına aid partiyaların satışlarından formalaşıb. 
Bu aylar üzrə xam neftin ortaçəkili xalis mədaxil qiyməti 59 ABŞ dolları təşkil edib. Eyni zamanda bu dövr ərzində bonus ödənişləri 767,8 milyon manat, tranzit gəlirləri 4,9 milyon manat,akrhesabı ödənişlər 1,5 milyon manat olub.
Yanvar-mart aylarında ARDNF-nin büdcə xərcləri isə 4 697,8 milyon manat təşkil edib. Bu müddət ərzində xam neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, ARDNF makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyalarının icrasını təmin edib Belə ki, ölkənin valyuta bazarında xarici valyutaya artan tələbin qarşılanması məqsədilə 2020-ci ilin yanvar-mart aylarında ümumilikdə 2 771,8 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb, bunun müqabilində 4 712,1 milyon manat vəsait satın alınıb. Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 631,0 milyon manat, o cümlədən vaxtından əvvəl 1793,5 milyon manat vəsait transfer edilib. Eyni zamanda 60,9 milyon manat məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin maliyyələşdirilməsinə yönəldilib. Bu müddət ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 5,9 milyon manat təşkil edib.
Ötən rüb ərzində ARDNF-nin aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı qısamüddətli bazar dəyəri dəyişkənliyindən yaranan mənfi fərq 2148,6 milyon manat olub. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq isə ARDNF-nin büdcədənkənar xərci kimi 281,1 milyon manat təşkil edib.
“Məlum olduğu kimi koronavirus pandemiyası cari ilin ilk rübü ərzində dünya iqtisadiyyatı üçün olduqca ciddi təhdidlər yaradıbr. Belə ki, bütün dünya ölkələri üzrə tələb/təklifdə olduqca ciddi geriləmələr müşahidə olunur, işsizliyin səviyyəsi artır, nüfuzlu beynəlxalq maliyyə qurumları ilin sonu üçün ümumdünya iqtisadi artımındaciddi yavaşlamanın olacağını proqnozlaşdırırlar. Nəticə etibarilə qeyd edilənlərin təzahürü olaraq beynəlxalq maliyyə bazarlarında, o cümlədən inkişaf etmiş ölkələrin fond birjalarında ciddi dalğalanmalar müşahidə olunur. Bu müddət ərzində dünya səhm indekslərinin dəyərində təxminən 20%-25%-lik enmə müşahidə olunub ki, vəsaitlərinin aktivlər üzrə bölgüsündə səhm investisiyalarının əhəmiyyətli hissəni təşkil etdiyi bir çox analoji suveren fondlar üçün də bu təqribən mənfi 14%-16%-lik gəlirliliyə səbəb olub. Bütün bunlar təbii ki, ARDNF-nin investisiya portfelinə də təsirsiz ötüşməyib. Daha əvvəl də qeyd etdiyimiz kimi ARDNF-nin investisiya portfelinin 80%-dən çoxunun yüksək likvid və daha az qiymət dəyişkənliyi ilə xarakterizə olunan sabit gəlirli qiymətli kağızlar və qızıldan ibarət olması mümkün təsirləri ciddi şəkildə azaltmağa imkan yaradıb.
Beləliklə vaxtından əvvəl transfert ödənişləri, habelə ARDNF-nin investisiyalarının bazar dəyərində qeydə alınan qısamüddətli dəyişkənlik nəzərə alınaraq 2020-ci ilin birinci rübünün sonuna ARDNF-nin aktivləri 41 349,5 milyon ABŞ dollarına bərabər olub”, – deyə məlumatda qeyd olunub. 
Qaynarinfo xatırladır ki, bu rəqəm ötən ilin sonuna 43 323,3 milyon ABŞ dolları təşkil edib. Başqa sözlə, Fondun aktivləri I rübdə 1 973,8 milyon ABŞ dolları azalıb. 

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …