Cümə , Fevral 3 2023
Ana səhifə / İqtisadiyyat / Neft büdcə qiymətindən aşağı düşdü – Manata risklər varmı?

Neft büdcə qiymətindən aşağı düşdü – Manata risklər varmı?

Dünya neft bazarında qiymət volatilliyi getdikcə artır. Son günlərdə Brent markalı etalon neftin 1 bareli 77-78 dollar ətrafında dəyişərkən, Azərbaycanın dünya bazarına çıxardığı “AzeriLihgt” markalı neft 80 dollara qədər ucuzlaşıb. 2022-ci ilin ikinci yarısında neftin orta qiymətinin 85 dollar götürüldüyünü nəzərə alsaq, dünya bazar qiymətinin bundan 5 dollara yaxın az olduğunu görərik.

Qeyd edək ki, “AzəriLayt” yanvara 82,49, fevrala 94,20, marta 102,30, aprelə 112,33, maya 110,70, iyuna 127,48, iyula 123,40, avqusta 105,97, sentyabra 99,67, oktyabra 91,68, noyabra 95,50, dekabra 87,82 dollarla başlayıb.

OPEK+ çərçivəsində qəbul edilən razılaşmaya əsasən, Azərbaycanın gündəlik hasilat norması 684 min barreldir. Lakin reallıqda gündəlik xam neft hasilatı yanvarda 580,9 min barrel, fevralda 566,3 min barrel, martda 579,4 min barrel, apreldə 579,1 min barrel, mayda 571,3 min barrel, iyunda 523,5 min barrel, iyulda 549,9 min barrel, avqustda 554 min barrel, sentyabrda 543 min barrel, oktyabrda 547,2 min barrel təşkil edib.

Cari ilin büdcə layihəsində Azərbaycanda 34 milyon 830,3 min ton neft hasil olunacağı proqnozlaşdırılmışdı. Lakin on aylıq hasilat həcmi 27,2 milyon ton təşkil edib ki, bunun da 21,9 milyon tonu ixraca nəql edilib. Beləliklə, on ayda hasilat keçən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalıb.

Göründüyü kimi, Azərbaycanda neft hasilatı azalır və bu prosesin 2023-cü ildə də davam edəcəyi gözlənilir. Bu günlərdə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2022-2023-cü illər üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə növbəti proqnozunu açıqlayıb. Qurum 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilat həcmini 640 min barel gözləyir ki, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdir. Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 670 min barel təşkil edəcək ki, bu da noyabrdakı proqnoz  göstəricisinə bərabərdir. Bu proqnozdakı həcm kondensat hasilatını da nəzərə alır.

Neftin qiymətinin 50 dollardan aşağı düşməsi manata necə təsir edəcək? -  BBC News Azərbaycanca

Onu da bildirək ki, Azərbaycanda manatın məzənnəsi bilavasitə neftin dünya bazar qiymətlərindən aslıdır. 2015-ci ildə ölkədə iki dəfə devalvasiyanın baş vermə səbəbi neftin dünya bazar qiymətlərinin aşağı düşməsi ilə əlaqədar oldu. Həmin ildən sonra manatın məzənnəsinin 1.70 həddində sabitləşməsinin də səbəbi yenə neftin dünya bazar qiymətlərinin stabilləşməsi ilə əlaqədardır. Dünya bazarında neftin qiymətinin Azərbaycanın dövlət büdcəsində nəzərdə tutulandan yuxarı olması ölkəmizin valyuta bazarında sabitliyinin qorunub- saxlanılması, manatın stabil qalması deməkdir. Bu baxımdan, ölkədə makroiqtisadi sabitliyin saxlanması üçün hasilatın azalması fonunda dünya bazarında qiymətlərin əlverişli olması çox vacibdir.

Azərbaycan hökuməti 2023-cü il dövlət büdcəsini hazırlayarkən mühafizəkar yanaşma nümayiş etdirərək büdcə gəlirlərini neftin dünya bazar qiymətini 50 dollardan götürməklə hesablayıb. Bu, büdcəyə daxilolmaların stabilliyinin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin qlobal iqtisadiyyatda, xüsusilə Çin, Avropa Birliyi kimi nəhəng istehlakçıların iqtisadiyyatında qeydə alınmaqda olan ciddi problemlər dünya bazarında neftə olan tələbatın azalması ehtimallarını gücləndirir. Bu ehtimalları yüksək qiymətləndirən bazar hətta 4 həftədir ABŞ-da neft ehtiyatlarının davamlı olaraq azalmasına belə pozitiv reaksiya verə bilmir. Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 5 milyon 187 min barel azalaraq, 413 milyon 897 min barel təşkil edib. ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 3 milyon 305 min barel azalacağını proqnozlaşdırırdı.

EIA-nın hesabatının açıqlanması dünya bazarında qiymətlərə heç bir dəyişiklik yaratmayıb. Hətta Qərbin qiymət tavanı qərarına qarşı Rusiyanın hasilatı və ixracı azaltmaq vədi belə bazarda qiymətlərin sürətli enişinin qarşısını ala bilməyib.

Beynəlxalq analitik mərkəzlərin gözləntilərinə əsasən ənənəvi enerjidaşıyıcılarının yüksək qiyməti, Ukraynada müharibə başlayandan sonra yaranan gərginlik dünyada alternativ enerji layihələrinə investisiyaları kəskin artırıb. Beynəlxalq Enerji Agentliyi (IEA) mütəxəssisləri bildirirlər ki, qlobal enerji böhranı bərpa olunan enerjinin inkişafına misli görünməmiş təkan verib və dünya növbəti 5 ildə son 20 ildə əldə olunan həcmdə bərpa olunan enerji istehsal güclərini artırmağa hazırlaşır. Agentliyin hesabatına əsasən, Rusiya-Ukrayna münaqişəsi nəticəsində yaranan enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar ölkələri qiymətləri kəskin şəkildə bahalaşan idxal olunan ənənənvi yanacaqlardan asılılığı azaltmaq üçün günəş və külək kimi bərpa olunan enerji mənbələrinə daha çox müraciət etməyə sövq edib.

Qeyd olunur ki, 2022-2027-ci illər ərzində qlobal bərpa olunan enerji tutumunun 2 400 giqavat (GW) artacağı gözlənilir ki, bu da bugünkü Çinin bütün enerji istehsalı gücünə bərabərdir. Gözlənilən artım cəmi bir il əvvəl proqnozlaşdırılan artım göstəricisindən 30 faiz yüksəkdir.

Hesabatda göstərilir ki, bərpa olunan mənbələrin inkişafı qarşıdakı beş il ərzində qlobal elektrik enerjisi sahəsində artımın 90 faizdən çoxunu təşkil edəcək. IEA-nın icraçı direktoru Fatih Birolun fikrincə, bərpa olunan enerji mənbələri artıq sürətlə genişlənirdi, lakin qlobal enerji böhranı onları daha sürətli böyümənin qeyri-adi yeni mərhələsinə atdı, çünki ölkələr öz enerji təhlükəsizliyi faydalarından yararlanmağa çalışırlar: “Bu, mövcud enerji böhranının daha təmiz və daha təhlükəsiz enerji sisteminə doğru tarixi dönüş nöqtəsi ola biləcəyinin bariz nümunəsidir”.

Sənədə görə, Ukraynadakı münaqişə hökumətlərin və bizneslərin sürətlə Rusiya qazını alternativlərlə əvəz etməyə çalışdığı Avropada bərpa olunan enerji mənbələri üçün həlledici məqamdır. Avropada 2022-2027-ci illər arasında əlavə edilən bərpa olunan enerji potensialının həcminin əvvəlki beş illik dövrlə müqayisədə iki dəfə çox olacağı proqnozlaşdırılır, bu da enerji təhlükəsizliyi narahatlıqları və iqlim ambisiyalarının birləşməsindən irəli gəlir.

Türkiyə iqtisadiyyatı güclü rəqabət imkanlarına malikdir” –

Pərviz Heydərov

İqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, enerjidaşıyıcıları bazarında, xüsusilə neft bazarında böyük qeyri-müəyyənlik var: “Bu gün qlobal səviyyədə inflyasiyanın görünməmiş həddə çatmasının əsas səbəblərindən biri məhz enerjidaşıyıcıların qiymətindəki bahalaşmadır. İnkişaf etmiş ölkələrin inflyasiyanı cilovlamaq üçün sərt monetar siyasətə keçməsi, mərkəz bankların uçot dərəcəsini sürətlə artırması istər-istəməz iqtisadiyyatın daralmasına, inkişafın ləngiməsinə səbəb olur. Təsadüfi deyil ki, ABŞ və Avropa İttifaqı üçün 2023-cü ilin birinci yarısı iqtisadi resessiya proqnozlaşdırılır. İnflyasiyaya qarşı addımların təsiri ilə qlobal iqtisadi artım sürətinin azalması neftə olan tələbatı azaldır. Bu azalmanın yeni ildən daha da sürətlənməsi gözlənilir. Lakin eyni zamanda enerjidaşıyıcılarının qiymətini kəlləçarxa çıxaran amil – Rusiyanın Ukraynada apardığı müharibə da davam edir. Hansı ki, bu müharibəyə görə Qərb dövlətləri Rusiya neftini almaqdan imtina edib, digər ölkələrin alışı üçün isə qiymət maksimumu təyin ediblər. Rusiya bəyan edir ki, ondan tavana uyğun qiymətə neft istəyən ölkələrə məhsul satmayacaq, lazım gəlsə, hasilatı azaldacaq. Bu isə yanvardan etibarən dünya bazarına çıxarılan gündəlik neft həcminin 2 milyon bareldən çox azalmasına səbəb ola bilər. Belə azalma olarsa, neft qiymətləri yenidən 100 dollar, bəlkə ondan da yuxarı həddə çata, dünyada inflyasiya prosesləri yenidən sürətlənə bilər. Demək istədiyim odur ki, neft bazarında qeyri-müəyyənlik yüksək həddə olduğuna görə hətta bir ay sonra qiymətlərin hansı istiqamətdə dəyişəcəyini söyləmək, hər hansı proqnozlaşdırma aparmaq mümkün deyil”.

Ekspertin sözlərinə görə, hətta dekabrın sonunadək Azərbaycan nefti 85 dollardan aşağı qiymətə satılsa belə, bunun cari ilin dövlət büdcəsinin gəlirlərinə ciddi təsiri olmayacaq: “Ötən 11 ayda neftin orta qiyməti 90 dollardan yuxarı olub. Bir aydan da az müddətdə, qiymətin 80 dollar civarında olması heç bir mənfi fəsada səbəb olmayacaq. 2023-cü ildə isə büdcə 50 dollarlıq qiymətlə hesablanıb. Bu isə o deməkdir ki, neft qiyməti bir neçə ay davamlı olaraq 50 dollardan aşağı düşərsə, büdcədə hər hansı problem yarana bilər. Hansı ki, belə azalma ən azı 2023-cü il ərzində gözlənilmir. Daha uzunmüddətli dövrdə isə neftin ucuzlaşması gözləniləndir, bəlkə də qaçılmazdır. Və Azərbaycanın öz iqtisadiyyatını buna hazırlaması üçün çox az vaxtı var”.

Qeyd edək ki, ilin sonuncu ayı olmasına baxmayaraq Azərbaycanda xarici valyutaya tələbin ənənəvi kəskin artımı müşahidə olunmur. Dekabrın 8-də Mərkəzi Bankda (AMB) Dövlət Neft Fondunun iştirakı ilə keçirilən valyuta hərracında tələb 61,3 milyon ABŞ dolları olub və tam təmin edilib. Düzdür,  bu hərracda tələb dekabrın 6-da keçirilən əvvəlki hərracla müqayisədə 24,6 faiz və ya 12,1 milyon ABŞ dolları artıb. Lakin bu il ərzində dollara olan tələbin ötən illə müayisədə kəskin azalması fonunda dekabrda valyuta satışının ikiqat artması belə milli valyutanın məzənnəsi üçün təhlükə formalaşdırmır. Musavat.com

Həmçinin oxuyun

Soğan müvəqqəti olaraq gömrük rüsumundan azad edildi

Baş (adi) soğan və şalot soğanı (yaşıl soğan, habelə örtülü şəraitdə yetişdirilən və (və ya) …