Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Neft bazarında təlatüm: Büdcəyə risk var? – ŞƏRH

Neft bazarında təlatüm: Büdcəyə risk var? – ŞƏRH

Amerikada hasilat artımı fonunda dünya birjalarında neftin qiyməti düşüb. Noyabrın 23-ə olan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir bareli 0,77 dollar geriləyərək 61,83 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir bareli isə 1,42 dollar ucuzlaşaraq 53,21 dollar olub. Beynəlxalq səviyyədə “qara qızıl”a olan ehtiyac yenə də yüksək olaraq qalır. Xarici ekspertlər hesab edirlər ki, hər şey dünya neft bazarının üç lideri tərəfindən həyata keçirilən ədabaz geosiyasi oyundan asılıdır.ABŞ, Səudiyyə Ərəbistanı və Rusiya eyni vaxtda istehsalı artırıb ki, bu da bazarı tarazlıqdan çıxarıb.

Martda İrana qarşı Amerika sanksiyaları elan edildikdən sonra belə bir təəssürat yaranmışdı ki, bir neçə dəfə 80 dollarlıq səviyyəyə çatan nefti daha heç nə saxlaya bilməz.Treyderlər hesab edirdilər ki, bir milyon bareldən çox İran neftinin itirilməsi onsuz da gərgin olan neft bazarında vəziyyəti uzun müddət kəskin şəklə salacaq və qiymətləri 90, hətta 100 dollara gətirib çıxaracaq.Amma hər şey əksinə olub.Tələb yüksək olaraq qalır, lakin neft hasilatı ilə məşğul olan bütün ölkələr eyni vaxtda hasilatı artırıblar, bazarı ehtiyacı olmadığı neft həcmi ilə doldurublar.

Qlobal neft bazarında  tarazlığın pozulduğu bir vaxtda  Azərbaycanın da dünya bazarına çıxardığı satdığı “Azeri LT CIF” markalı xam nefti ucuzlaşıb. Belə ki, noyabrın 23-də “Azeri LT CIF” markalı xam neftin 1 bareli 0,46 dollar və yaxud 0,70 faiz azalaraq 64,98 dollar təşkil edib.

Qeyd edək ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Məlumat üçün bildirək ki, 2019-cu ilin dövlət büdcəsi layihəsində neftin 1 barelinin qiymətinin 60 dollardan götürülməsi nəzərdə tutulur. Büdcə zərfində 2019-cu il üçün dövlət investisiya proqramı 6 milyard 825 milyon 300 min manat həcmində qiymətləndirilir. Bu vəsaitin 5 milyard 129 milyon 600 min manat əsaslı vəsait qoyuluşu hesabına, 1 milyard 695 milyon 600 min manat xarici kreditlər hesabına cəlb ediləcəyi gözlənilir. Gələn il dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub ki, bu da büdcənin 33,4 faizini təşkil edir. Dövlət investisiya proqramına əsasən gələn il infrastruktur layihələrinə 4 milyard 960 milyon 674,6 min manat yönəldiləcəyi proqnozlaşdırılır.

Bəzi ekspertlər hesab edir ki, neftin 55 dollara qədər ucuzlaşması nə ödəmələr balansı, nə də büdcə baxımından ciddi risk yaratmır. Bu qiymət səviyyəsində yalnız hökumətin Neft Fonduna gələn il üçün planladığı 3 milyard manata yaxın yığım mümkün olmaya bilər – yəni ən pis variantda Neft Fondunun gələnilki gəlirləri tamamilə xərclənər. Amma 50 dollar isə riskli həddir.Bu nöqtədə hökumət 2015-cii ildə olduğu kimi Neft Fondunun ehtiyatlarını büdcəyə cəlb etməmək, büdcədə balansı təmin etmək üçün dövlət büdcəsinin xərcləri ən azından 2 milyard manat ixtisar etməli olacaq, ya da ehtiyatlara əl atmaq lazım gələcək.50 dollar ölkənin ödəmələr balansında tarazlığı qorumaq üçün də yetərli deyil.Bu hədd Mərkəzi Bankın bazara daimi müdaxiləsi üçün siqnalın başladığı nöqtədir.

Maraqlıdır, neft qiymətindəki azalmalar nə ilə bağlıdır və nə qədər davam edə bilər?2014-cü ilin “neft şoku” yenidən təkrarlana bilərmi?

İqtisadçı-alim Vüqar Bayramov bildirib ki, İrana tətbiq edilən sanksiyaların yeni mərhələsində ABŞ-ın 8 ölkəyə “yandırdığı yaşıl işıq” göstərdi ki, okeanın o tayında neft bazarındakı siyasi dalğalanmaları belə tənzimləyə bilirlər:

“Oktyabrdan bəri 20 faizə yaxın dəyər itirən “qara qızıl”ın qiymətinin hətta indiki intervalda stabilləşəcəyinə inanların sayı azalıb. 

Neftin dünya bazar qiymətinin aşağı düşməsi qlobal təklif artıqlığı ilə bağlı olsa da, dünya iqtisadiyyatındakı geriləmələr də “qara qızıl”a tələbi azaltmaqla yanaşı, bazara psixoloji təsirlər də etməkdədir.Qiymət azalmaları məhz Çin birjalarında səhmlərin qiyməti aşağı düşməyə başladıqdan sonra sürətləndi.Bu qlobal böhran və bu kontekstdən neftə tələbin kəskin azala biləcəyi mesajı idi.ABŞ-ın 8 ölkəyə İran neftini idxal etməkdə istisna tətbiq etməsi də neft bazarının sanksiyaların qıtlıq yaradacağı gözləntilərinin üstündən xətt çəkdi. Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin üçüncü rübündə neftə olan gündəlik tələb 99.8 milyon barel, təklif isə 100.74 milyon barel olub. Rəqəmlərin sadə müqayisəsi bazardakı vəziyyəti qiymətləndirməyə kifayət edir”.

Analitik qeyd edib ki, noyabrın 22-də “JP Morgan” şirkəti Brent markalı neft üçün qiymət proqnozunu 2019-cu il üçün hər bareldə 10 dollar aşağı salıb:

“Neftin qiymətinin 2019-cu ildə əvvəllər 83 dollar olacağını düşünən “JP Morgan” ekspertləri indi 73 dollar orta qiymət proqnozlaşdırırlar. Amma qiymət azalmaları davam edəcəyi halda gələn il üçün proqnozun daha da azaldılacağı istisna edilmir. Qiymət azalmalarına görə, Səudiyyə Ərəbistanına təşəkkür edən və aşağı qiymətlərin “dadını çıxartmağa” səsləyən Tramp, əslində ABŞ-ın adını da öz twitində qeyd etməli idi. 2018-ci ildə hasilatı kəskin artıran ABŞ dünyada ən çox neft istehsal edən ölkəyə çevrilib.Hətta yaxın gələcəkdə ABŞ-ın Səudiyyə neftinə ehtiyacının qalmayacağı da proqnozlaşdırılır”.

Vüqar Bayramov hesab edir ki, OPEC 2014-cu il “neft şoku”nun təkrarlanmasına imkan verməməyə çalışsa da, neft bazarı 4 il əvvəlki vəziyyətə istiqamətlənməkdədir:

“Digər tərəfdən, neftin bir barelinin daha 10 dollar aşağı düşməsi və bir müddət həmin intervalda qalması dünyada yeni şokun yaradılması üçün yetərlidir. Əslində, gələn il neft bumu proqnozlaşdıranlar yeni qiymət şokuna hazır olmalıdırlar. Doğrudur, OPEC+ gələn ay neft hasilatını azaltmaqla bağlı razılaşma əldə etməyə çalışır.Amma hələlik bu potensial məhdudiyyətlər də bazardakı vəziyyətin kardinal dəyişməsi üçün yetərli deyil”.

“Gələnilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədəuyğun deyil”

Ekspertin qənaətincə, neft bazarında volatilliyin yüksək olduğunu nəzərə aldıqda 2019-cu il üçün Azərbaycan dövlət büdcəsində neftin qiymətinin 60 dollar deyil, aşağı götürülməsi daha məqsədəuyğundur:

“Maliyyə Nazirliyinin hazırladığı gələn ilki büdcə gəlirlərimizin 60 faizi neft sektorunun payına düşəcəyini nəzərə alsaq, 60 dollar riskli qiymət kimi xarakterizə oluna bilər. Maliyyə Nazirliyi 2019-cu ildə neft bazarındakı potensial fors-majorlara indidən hazır olmalıdır və bu baxımdan gələn ilki büdcədə neftin qiymətinin 55 dollardan yüksək götürülməsi məqsədə uyğun deyil. Hətta gələn il neftin qiyməti 60 dollardan yüksək olsa da belə, il ərzində büdcəyə dəyişiklik etməklə qiyməti optimallaşdırmaq mümkündür. Buna görə də, büdcə layihəsində neftin qiymətinin 60 dollardan 55 dollara endirilməsi daha arzuolunandır.Beləliklə, neft bazarı ilin son ayında heç də nikbin əhval-ruhiyyə ilə yaxınlaşmır. Bütün hallarda, Beynəlxalq Enerji Akademiyasının rəhbərinin bəyan etdiyi kimi, neft ölkələri üçün neftdən asılılığın aradan qaldırılması və iqtisadiyyatın şaxələnməsi “şokların təsirlərindən” sığortalanmağın yeganə və alternativsiz yolu olaraq qalmaqdadır”.

İqtisadçı-ekspert Cəfər İbrahimli isə “Cümhuriyət” qəzetinə bildirib ki, hazırda dövlət büdcəsinin təxminən 50 faizi ARDNF-nun transfertləri hesabına formalaşdırılır:

“Eyni zamanda ölkəyə daxil olan valyutanın da böyük hissəsi neft ixracından daxil olur. Neft qiymətinə təsir edən en böyük faktor qlobal iqtisadiyyatdakı aktivlik və ya zəifləmə gözləntiləridir.Hələlik qlobal iqtisadiyyatda zəifləmə meyilləri müşahidə olunsa belə, neft tələbini dəstəkləyəcək aktivlik davam edir və ən azı 2020-ci ilin ortalarına qədər ciddi problemin olacağı proqnozlaşdırılmır”.

Ekspert hesab edir ki, İrana tətbiq edilən sanksiyalar və OPEC-in hasilat azaltma tədbirləri neft qiymətlərinin Azərbaycanı qane edəcək səviyyədə qalmağını dəstəkləyir:

“Bu da 2019-cu ilin büdcə icrasında ciddi çətinliklərin olmayacağını deməyə əsas verir. Fors-major halı olub əgər neftin qiyməti kəskin düşərsə (bu təxmin olunmur), cari ildə yüksək neft qiymətləri hesabına artırılan valyuta rezervləri ilə 2019-cu il büdcə gəlirləri kompensasiya oluna biləcək”.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …