Çərşənbə , İyun 19 2019
Ana səhifə / İqtisadiyyat / Neft bazarında gözlənilməz ucuzlaşma: Nə qədər davam edəcək? – ŞƏRH

Neft bazarında gözlənilməz ucuzlaşma: Nə qədər davam edəcək? – ŞƏRH

Neft qiymətləri ABŞ-dakı xam neft ehtiyatların artması və ticarət gərginliyinin təsiri ilə düşür. 

“Brent” neftinin qiyməti 70 dollardan, ABŞ xam neftinin qiyməti isə 60 dollardan aşağı düşüb. Son məlumata görə, “Brent” neftinin qiyməti 5,2 faiz ucuzlaşma ilə 67,47 dollara geriləyib. ABŞ xam neftinin (WTI) qiyməti isə mart ayından bəri ilk dəfə 60 dollardan aşağı düşüb. ABŞ xam nefti 6,3 faiz ucuzlaşıb və barelinin qiyməti 57.82 dollara geriləyib.

ABŞ-ın neft ehtiyatlarındakı artım təklif çoxluğu narahatlıqlarını artırıb. Eyni zamanda dünyanın ən böyük iki iqtisadiyyatı (Çin və ABŞ) arasında tam əhatəli bir ticarət müharibəsinin yaşanması neftə olan tələbə mənfi təsir edə bilər. ABŞ-ın neft ehtiyatları keçən həftə 4.7 milyon barel artaraq  2017-ci ilin ortasından bəri ən yüksək səviyyəsinə qalxıb.

Analitiklər bildirirlər ki, nə Orta Şərqdə gərginliyin yüksəlməsi, nə də OPEC-in hasilatın azaldılması müqaviləsini uzatması neft qiymətlərini “dar intervaldan” yüksəldə bilmədi. Ticarət müharibəsinin qlobal iqtisadi artım üzərindəki təsirinə dair narahatlıqlar və güclənən dollar neft qiymətlərini məhdudlaşdırır.

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, neft 75 dollardan yuxarı da qalxa bilər ki, bu, çox təhlükəli hədd olar:

“OPEC və müttəfiq dövlətlərin Ciddə görüşündə neft hasil edən dövlətlərin enerji nazirləri etiraf etdilər ki, 2016-cı ildən bəri qarşıya qoyduqları hədələrə nail ola bilməyiblər. Yəni dünyanın bütün enerji bazarlarında komersiya təyinatlı neft ehtiyatları mövcuddur. Bu, bazarda tələbatdan artıq neft həcmləri deməkdir. OPEC+ müqaviləsinin iştirakçıları hələ də neft bazarlarında balans yarada bilməyiblər. Buna görə də bazarda ağırlıq mərkəzi daimi dəyişir. Yəni  ağırlıq mərkəzi ya ABŞ-a meyl edir, ya da OPEC-ə tərəf. Ona görə də neftin qiymətində artımlar müşahidə olunur, ardınca elə hadisə baş verir ki, qiymət aşağı düşür. ABŞ-ın neft ixrac kütləsinə nəzər salsaq, idxal həcmləri 6.9 milyon bareldir, bu, çox azdır. Komersiya ehtiyatları 470 milyon bareli keçib. Hələ bura strateji neft ehtiyatların da əlavə etsək, 640 milyon bareldən çoxdur. ABŞ-ın aktivində komersiya və strateji neft ehtiyatlarının həcmi 1 milyard bareldən yuxarıdır. Hətta Rusiyanın “Drujba” neft kəmərində 11 milyon bareldən yuxarı toksit neftin ortaya çıxması, Belarusiyanın, Polşanın, Macarıstanın, Almaniyanın, Avstriyanın “Urals” markalı neftdən birmənalı şəkildə imtina etməsi, Venesuela və İran ətrafında baş verən hadisələr, eləcə də Liviyadakı qeyri-müəyyən vəziyyət neftin qiymətini yuxarı çəkə bilmədi. Bunun bir səbəbi var, o da bazarda hesablamalardan daha çox neft ehtiyatlarının mövcud olmasıdır”.

Ekspert onu da vurğulayıb ki, bazar iştirakçıları Amerika və Çin arasında ticarət müqaviləsinin hansı sonluqda başa çatacağına əmin deyillər: 

“Əgər bu müqavilə baş tutmasa, o zaman neftə olan tələbat kəskin şəkildə aşağı düşəcək. Bir neçə gündən əvvəl neftin qiyməti 72 dollardan yuxarı idisə, indi 68 dollara düşüb. Bazarlarda balans yaranan vəziyyətdə neftin qiymətində böyük artım və azalma müşahidə oluna bilməz. Ən yaxşı halda, 50-60 sent arasında dəyişikliklər ola bilər. Amma ciddi artım sonrası qiymətlərin sürətlə aşağı düşməsi onu göstərir ki, hələ bazarda tarazlıq bərqərar olmayıb. Ona görə də neftin qiymətində daim dalğalanmalar müşahidə olunacaq”.

Həmçinin oxuyun

Azərbaycanlı turistlərin Antalya-Bodrum sevdası: Onları necə geri qazanaq?

Azərbaycandan xaricə turist səfərləri artmaqdadır. Vətəndaşların böyük əksəriyyəti isə istirahət üçün Türkiyəni seçir. Azərbaycan Turizm …