Cümə axşamı , İyun 20 2019
Ana səhifə / İqtisadiyyat / Neft bahalaşır – faydaları nə olacaq…s

Neft bahalaşır – faydaları nə olacaq…s

 

Fikrət Yusifov: “Neftin qiymətinin artması milli valyutanın məzənnəsinin möhkəmlənməsinə qarantiya olacaq”

Noyabrın 4-də ABŞ-ın mütəffiqləri İrandan neft idxalını dayandırarlarsa, qiymət 100 dollara yüksələcək.

Bunu “FACTS Global Energy”nin direktoru Fereidun Fesharaki bildirib.  Onun sözlərinə görə, İrandan tədarük tamamilə kəsilərsə, digər böyük istehsalçılar bu boşluğu asanlıqla bağlaya bilməyəcəklər. Nəticədə “Brent” markalı neftin qiyməti 100 dolları keçəcək: “ABŞ-ın qaya qazı və neft istehsalçıları tam gücü ilə işləyirlər. Lakin ABŞ-ın qaya qazının İranın bazardakı yerini dolduracağına inanmaq əsassızdır”.

O deyib ki, sanksiyalar tətbiq edilməzsə, neftin qiyməti 70 dollara düşəcək.

Məlumat üçün bildirək ki, “Brent” markalı neftin qiyməti 2014-cü ildən sonra 100 dollar olmayıb.

İqtisadçı ekspertlərin neftin qiymətinin 100 dollara qalxıb-qalxmayacağı ilə bağlı proqnozları müxtəliflik təşkil edir. Əgər bu baş verərsə, hansı nəticələr verəcəyi barədə fikirlər də birmənalı deyil. Bunun inflyasiyaya səbəb olacağını düşünənlər də var, faydalar verəcəyini deyənlər də.

Fikrət Yusifov ile ilgili görsel sonucu

Sabiq maliyyə naziri, iqtisadçı ekspert Fikrət Yusifov “Yeni Müsavat”a bildirdi ki, son vaxtlarda baş verən hadisələrin gedişatı neftin qiymətlərinə ciddi şəkildə təsir edir: “Bəzi ekspertlərin apardıqları araşdırmalardan sonra verilən rəylər bundan ibarətdir ki, neftin bugünkü qiymətləri haradasa 85 dollar civarındadır və bu, neftin real qiymətlərindən təxminən 10 dollar və ya ondan bir az artıqdır. Siyasi müstəvidə hadisələrin inkişafı, noyabrın əvvəllərində vəziyyətin gərginləşə biləcəyi, İrana qarşı noyabrın əvvəllərində qoyulacaq sanksiyalar bazarda neftin həcminin azalmasına səbəb olacaq. Bu da nəticə etibarı ilə neftin qiymətlərinin artmasında mühüm rol oynayacaq. Amma bu sanksiyaların nə dərəcədə real işləyə bilməsi zamanla məlum olacaq. Çünki İran tərəfi də buna cavab olaraq Hörmüz boğazının bağlanması barədə qərar verə bilər. Bunun da çox ciddi nəticələri olar. Çünki dünya bazarına çıxarılan neftin 20%-i bu boğaz və Fars körfəzi vasitəsilə çıxarılır. Qarşıdurma nə ilə nəticələnəcək, hadisələr hərbi münaqişəyə çevriləcəkmi kimi suallar ortada var. Yaxud ABŞ noyabrın 4-nə qədər İran rəhbərliyi ilə hansısa danışıqlara gedəcəkmi kimi suallar da az deyil. İndiki Amerika rəhbərliyinin taktiki gedişlərində belə məqamlar var. Necə ki, Donald Tramp Şimali Koreya rəhbəri ilə dil tapıb bir dəfə görüşdü. Bu günlərdə də ikinci görüşün baş tutacağı gözlənilir. İndidən proqnozlar vermək çox çətindir. Amma siyasi müstəvidə hadisələr deyilən kimi baş verəcəksə, İran neftinə qoyulan embarqo nəzərdə tutulan səviyyədə icra ediləcəksə, bu, neft bazarında qiymətlərin artması demək olacaq. Bu günlərdə Amerika prezidenti öz twitter səhifəsində OPEK üzvü ölkələrində neftin qiymətlərinin aşağı salınması təşəbbüsü ilə çıxış etdi. Amma OPEK üzvü ölkələrinin xarici işlər nazirləri bir araya gəldi və bu təşəbbüsə heç bir reaksiya vermədilər, neftin hasilatının eyni səviyyədə saxlanılması üzərində qərarlaşdılar. Bütün bu gedişat verilən rəylərin haradasa məntiqi əsasını təşkil edir. Neftin qiyməti yaxın zaman içərisində, hətta yaxın aylarda 90 və ya 100 dollara qədər qalxa bilər. Amma bir daha təkrar edirəm ki, bu, neftin real qiyməti deyil. Dünya iqtisadi müstəvisində baş verən proseslərə uyğun qiymətdir. Sadəcə olaraq, siyasi faktorlarla, hadisələrlə bağlı olan bir vəziyyətdir. Adətən belə vəziyyətlər çox da uzun sürmür. Haradasa bir kompramisə gəlinir, münaqişənin həlli yolları tapılır. Nəticədə də vəziyyət normal axarına düşür. Həqiqətən də yaxın aylarda neftin qiymətinin artması gözlənilir”.

Sabiq nazir neftin qiyməti deyilən dərəcədə qalxarsa, hansı nəticələrinin olacağına dair bunları dedi: “Təbii ki, neft hasilat edən ölkələr dünya bazarlarında neftin qiymətinin bu şəkildə qalxmasından daha çox bəhrələnəcəklər. Xüsusilə bu, Rusiya üçün daha çox sərfəlidir. Çünki Rusiya neft ixracına görə dünyanın əsas aparıcı ölkələrindən biridir. Səudiyyə Ərəbistanı, Amerika kimi ölkələrlə bir sırada dayanır. Neft qiymətlərinin artımı neft ölkələrinə valyuta ehtiyatları formalaşdırmağa imkan verəcək. Qiymət artımının inflyasiyaya səbəb olacağı barədə deyilənlərə gəlincə, onu deyə bilərəm ki, inflyasiya o halda baş verir ki, neftin qiyməti aşağı düşsün, bu səbəbdən milli valyutalar zəifləsin, ucuzlaşsın. Bu durumda əks proseslər baş verir. Neft qiymətlərinin artmasından neft ölkələri daha çox valyuta əldə edə biləcəklərsə, bu, əksinə, həmin ölkələrin milli valyutalarının məzənnəsinin möhkəmlənməsinə, yaxud onun məzənnəsinin sabit qalmasına bir qarantiya olacaq. Hadisələrin yuxarıda dediyim tərzdə inkişafı gözlənilir”.

Həmçinin oxuyun

İkirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır – EKSPERT

Ərzaq qiymətlərinin artımı, ikirəqəmli inflyasiyaya qayıdış qaçılmazdır. Manatın devalvasiyası risklərin necə idarəolunmasından asılı olacaq. Bu …