Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Nazirlər Kabinetinin qiymət artımı qərarının incəlikləri bəlli oldu – ŞƏRH

Nazirlər Kabinetinin qiymət artımı qərarının incəlikləri bəlli oldu – ŞƏRH

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Gömrük yığımlarının məbləğləri”ndə dəyişikliklər edib. Dəyişikliklə bağlı qərarı baş nazir Novruz Məmmədov Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq imzalayıb. Qərara görə gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımlarının tərkib hissəsi olan malların gömrük rəsmiləşdirilməsinə və müşayiətinə görə gömrük yığımlarında bəzi dəyişikliklər edilib. Nazirlər Kabinetinin 6 avqust 2018-ci il tarixli qərarı 30 gündən sonra qüvvəyə minəcək.

İqtisadçı-ekspert Rəşad Həsənov bu dəyişikliyi Sputnik Azərbaycan-a şərh edib. Ekspert burada söhbətin gömrük rüsumlarından deyil, gömrük yığımlarından getdiyini deyib: “Rüsumlar hər hansı bir məhsul növünə tətbiq edilən vergi növü hesab olunur. Burada əsas məsələ daxili bazarda tənzimləmənin həyata keçirilməsi, həmçinin büdcə daxilolmalarının təmin edilməsidir. Rüsum siyasəti, əsasən məhz ölkə daxili istehsal mühitinin qorunması, daxili bazarın xarici konyunkturadan asılılığının azaldılması, həmçinin, yerli istehsal üçün fəaliyyət mühitinin optimallaşdırılması məqsədilə həyata keçirilir. Rüsumlar bütün növ məhsul növlərinə tətbiq olunan konkret faiz dərəcəsi ilə müəyyənləşdirilmiş bir ödəmə növüdür”.

Onun sözlərinə görə, məhsulların keçid prosesini əhatə edən bütün növ fəaliyyətlər isə gömrük yığımlarının predmeti hesab olunur və gömrük orqanları göstərdiyi xidmətin əvəzində ticarət subyektindən haqq alır: “Bu haqlar gömrük yığımları sırasına daxildir. Gömrük yığımlarının artırılması rüsumların artırılması qədər birbaşa olaraq məhsulun maya dəyərinə təsir göstərmir. Amma son nəticədə idxal xərclərini artırmaqla məhsulun maya dəyərində cüzi də olsa əlavə xərc yükü formalaşdırır”.

“Rüsum birbaşa olaraq, gömrük yığımı isə dolayı və nisbətən aşağı səviyyədə məhsulun maya dəyərinə təsir göstərir. Adətən sahibkar tərəfindən bu xərc yükü də məhsulun maya dəyərinə daxil edilir və bu da son nəticədə qiymətlərlə bağlı cüzi də olsa inflyasiyaya gətirib çıxardır. Burada gömrük orqanları çoxlu xidmətlər təklif edir. Gömrük keçid məntəqəsindən keçən məhsulun yoxlanması, bəyannamələrin qəbul edilməsi, ekspertiza və s. bütün bu xidmətlərin hər biri üçün gömrük yığımları həyata keçirilir. Gömrük yığımları yerində ödənilir” — deyə R.Həsənov vurğulayıb.

Qeyd edək ki, dünən Dövlət Gömrük Komitəsi dəyişikliklərlə bağlı qərara aydınlıq gətirib. Gömrük Məcəlləsinin 231-ci maddəsinə əsasən, Nazirlər Kabinetinin “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə 26 aprel 2016-cı il tarixli 168 nömrəli qərarı ilə gömrük orqanları tərəfindən həyata keçirilən xidmətlərə və hüquqi hərəkətlərə görə alınan gömrük yığımları müəyyən edilir: “Gömrük yığımlarının tətbiqi daxili bazarın müdafiəsi və fiskal məqsədlər üçün nəzərdə tutulmur, onların məbləği gömrük orqanları tərəfindən göstərilən xidmətin təxmini dəyərini əks etdirir. Gömrük yığımlarına gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları, gömrük müşayiətinə görə gömrük yığımları, malların saxlancına görə gömrük yığımları və s. görə yığımlar daxildir”.

Komitə bu qərarın ölkədə qiymət artımına səbəb olacağı barədə səsləndirilən fikirləri əsassız adlandırıb: “Qərar layihəsi hazırlanarkən idxal-ixrac əməliyyatları aparan kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti nəzərə alınıb. Belə ki, 2017-ci il üzrə aparılan təhlillərə əsasən bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 45 faizinin gömrük dəyəri 50 min manatadək olub. Bu da malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının yeni məbləğləri ilə müqayisədə min manatadək olan hissədə 5 manat, 10 min manatadək olan hissədə 10 manat və 50 min manatadək olan hissədə 20 manat əlavə deməkdir”.

“Eyni zamanda, 50 min manatdan 100 min manatadək gömrük dəyəri olan malların gömrük rəsmiləşdirilməsinə görə alınan yığımların yeni məbləğləri 100 manat, 100 min manatdan 500 min manatadək olan hissədə isə 25 manat artıb. 2017-ci ilin göstəricilərində bir gömrük bəyannaməsi əsasında rəsmiləşdirilən mal partiyalarının 90 faizdən çoxu gömrük dəyəri 500 min manatadək olub. Belə olan halda bu dəyişikliklər daxili bazarda heç bir qiymət artımı ilə nəticələnə bilməz” — deyə Komitədən bildirilib.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …