Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Nazarbayevdən qorxulu proqnoz: “Dəhşətli böhran gəlir”

Nazarbayevdən qorxulu proqnoz: “Dəhşətli böhran gəlir”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 19-da “real böhran gəlir” deyəndə bu, qazax xalqının canına bir üşütmə saldı.

Qazaxıstanda əksəriyyət böhran vəziyyətinə hazırdır, dövlət məmurlarının iqtisadi vəziyyətlə bağlı çıxışlarını izləyir. Prezident deyir ki, “əsl dəhşətlər indən sonra başlayır”.

“Azadlıq” radiosunun qazax xidməti Qazaxıstanda iqtisadi vəziyyətin pisləşməsi barədə mütəmati olaraq reportajlar verib.

Orta məktəb müəllimi aylıq 100 min təngə (təxminən 400 manat) gəlirlə 6 uşaq böyüdür. Onun həyat yoldaşı sürücülük edir, amma qazandıqları pul evin gündəlik ərzaq ehtiyacını güclə ödəyir. Məktəb ləvazimatı və geyim almağa pul qalmır.

İki il əvvəl 100 min təngə təxminən 650 dollar dəyərində idi. 2014-cü il devalvasiyasından sonra 180 təngə 1 dollara düşdü. O vaxt hökumət vəd verdi ki, ikinci devalvasiya olmayacaq.

Nazarbayev 2016-cı ildə keçirilməli olan prezident seçkisini 2015-ci ilin aprelinə keçirəndə ikinci devalvasiyanın baş verəcəyi aydın göründü. Bir çoxları güman edirdi ki, Nazarbayev iqtisadi çətinliklər ölkəni vurmamış hakimiyyətdə yeni dönəmə başlamaq istəyir.

Qazaxıstanın Milli Neft Şirkəti

Qazaxıstanda iqtisadiyyat neftdən asılıdır. Neftin qiymətinin düşməsi ölkəyə zərbə vurur. Bir tərəfdən də Qazaxıstanın ən böyük ticarət tərəfdaşı Rusiya rublunun dəyərini itirməsi də ölkə iqtisadiyyatında itkilər yaradır.

Hökumət təngəyə olan təzyiqlərin qarşısını almağa çalışır. İyulda Qazaxıstanın Mərkəzi Bankı ticarət dəhlizini genişləndirib 1 dolları 198 təngə dəyərində qiymətləndirdi. Ancaq az sonra gözlənən ikinci devalvasiya başladı və 1 dollar 255 təngə oldu. Bəzi məmurlar deyirdilər ki, bu fərq qısa bir zaman üçündür və təngəni gücləndirmək nəzərdə tutulub.

Amma oktyabrın 22-də 1 dollar 277 təngə oldu. Bu da Qazaxıstanda üçüncü devalvasiyanın olacağı ilə bağlı söhbətləri daha da gücləndirdi.

Satıcılar deyirlər ki, 300 təngəlik günəbaxan yağı 440 təngə olub. Düyü 240 təngədən 280 təngəyə qalxıb. Südün qiyməti 20 təngə, şəkərinki 30 təngə qalxıb.

Satıcılardan biri deyir: “Biz südü Amerikadan almırıq, öz ölkəmizin istehsalıdır, ancaq anlamıram ki, niyə bu qədər bahalansın”.

Ölkədə işsizliyin artacağı ilə bağlı da narahatlıqlar var.

Səhiyyə və Sosial İnkişaf Nazirliyinin əmək, sosial müdafiə və miqrasiya komitəsindən bildiriblər ki, bu ilin 9 ayı ərzində 381 biznes strukturuna 11 mindən çox adam işdən uzaqlaşdırılıb. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə çoxdur.

Almatı sakini Gulbanu Orazaliyeva deyir ki, o, 10 ildən bəri çörək zavodunda işləyib, amma bu günlərdə heç bir ixtisar barədə xəbərdarlıq olmadan işdən azad edilib: “Əgər bu barədə eçitsəydik, əvvəldən bir iş axtarardıq. Dörd uşağım var, borcum var. Mən indi necə yaşayım?”

Orazaliyeva deyir ki, o, yaşına görə kafedə qabyuyan işi də tapmır.

17 ildir ki, yerli televiziya stansiyalarının birində çalışan Bektur da deyir ki, işdən azad ediləndən sonra digər televiziya stansiyalarında iş axtarıb, ancaq ona deyiblər ki, burda da ixtisarlar gözlənir və vakansiya yoxdur.

Müstəqil Sahibkarlar Assosiasiyasının rəhbəri Timur Nazhanov deyir ki, artıq ölkədə iqtisadi böhran başlayıb. O, bunda Rusiya amilini vurğulayır: “İndi biz Avrasiya İqtisadi Birliyindəyik. Bu, Avropadan ərzaq almağı çətinləşdirir. Rusiyanın məqsədi öz mallarını qorumaqdır. Qazaxıstan öz istehlak etdiyi malların böyük hissəsini idxal edir. Rusiya Qazaxıstana idxalda maneələr yaradıb”.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …

Bir cavab yazın