Ana səhifə / İqtisadiyyat / Naxçıvandan Türkiyəyə ixrac olunan məhsullar…

Naxçıvandan Türkiyəyə ixrac olunan məhsullar…

Lirə ilə olacaq alver regionun mövcud potensialını inkişaf etdirməyə stimul olacaq

Xəbər verdiyimiz kimi, Türkiyə hökuməti Naxçıvandan ixrac ediləcək xeyli sayda məhsulu idxal rüsumlarından azad edib. Bu barədə İqdır şəhərində keçirilən Türkiyə-Azərbaycan biznes forumuna çıxışı zamanı qardaş ölkənin iqtisadiyyat naziri Nihat Zeybekci verib.

Nazir bildirib ki, Türkiyə Nazirlər Kabinetinin qərarı ilə Naxçıvan Muxtar Respublikasında istehsal edilən və ya istehsal potensialı olan 43 adda məhsulun (13 kənd təsərrüfatı, 30 sənaye məhsulu) Türkiyənin bütün ərazisinə idxal rüsumu ödəmədən, güzəştli şərtlərlə daxil olmasına razılıq verilib. Qərara əsasən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan illik təqribən 100 milyon ABŞ dolları məbləğində məhsullar Türkiyəyə rüsum ödəmədən ixrac ediləcək.

Türkiyəli nazirin dediklərindən aydın olur ki, ötən il muxtar respublika ilə Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 27 milyon dollar təşkil edib. Bu ilin 8 ayında isə bu göstərici 20 milyon dollar olub: “Bu, son dərəcə aşağı bir göstəricidir. Xüsusilə Naxçıvandan idxal az qala sıfıra yaxınlaşır. Buna görə də hərtərəfli fədakarlıq edib Naxçıvanda istehsal olunan və istehsal potensialını yüksək qiymətləndirdiyimiz 43 adda məhsulun heç bir vergisiz Türkiyəyə idxalına şərait yaradırıq. Bu, təkcə Qars və İğdır üçün deyil, bütün Türkiyə ərazisində qüvvədə olacaq bir qərardır. Bununla da, Naxçıvanla qarşılıqlı ticarətin həcminin 120 milyon dollar artıb 200 milyon dollara çatmasına nail olacağıq.”

Türkiyəli nazir onu da deyib ki, Naxçıvanla alqı-satqını türk lirəsi ilə həyata keçirəcəklər: “Aldığımız və satdığımız məhsullar türk lirəsi ilə hesablanacaq ki, araya başqa şeylər girməsin, ticarətimizi istədiyimiz şəkildə, sərbəst həyata keçirə bilək”.

Qeyd edək ki, Naxçıvan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin  yanvar-sentyabrında muxtar respublikanın ixracının həcmi 306 milyon 27,3 min manat, idxalının həcmi  isə 23 milyon 794,1 min manat təşkil edib. Komitədən ixracın strukturu açılanmasa da, Naxçıvanın İqtisadiyyat Nazirliyindən mətbuata verilən məlumatda hazırda muxtar respublikada 366 növdə məhsul istehsal olunduğu bildirilib. Bu məhsulların 107-si ərzaq, 237-si qeyri-ərzaq məhsuludur.

Image result for Əli Əlirzayev

Keçmiş YAP funksioneri, əslən Naxçıvandan olan iqtisadçı-alim Əli Əlirzayev Türkiyə hökumətinin qərarının muxtar respublikada istehsalın artması baxımından böyük təkan olacağı qənaətindədir: “Naxçıvanda çoxlu sayda keyfiyyətli kənd təsərrüfatı məhsulu istehsal olunur: ərik, heyva, nar, qoz və sair. Naxçıvan quru meyvələri vaxtilə çox böyük həcmlərdə dünyanın onlarla ölkəsinə ixrac olunurdu. Bundan əlavə, bölgədə duz, mineral sular, tikinti məhsullarının istehsalı var. Digər sahələr də var ki, istehsal, ixrac potensialı böyükdür. Türkiyənin qərarı bu potensialı reallaşdırmaq üçün stimul rolunu oynayacaq”.

Image result for Fazil Mustafa

Əslən Naxçıvandan olan deputat, Böyük Quruluş Partiyasının rəhbəri Fazil Mustafa isə qərarı Türkiyənin Naxçıvanı qorumaq istəyinin nümunəsi hesab edir: “Bu onu göstərir ki, Türkiyə Naxçıvana özgə torpağı kimi baxmır, onun inkişafında maraqlıdır. Həm Naxçıvandan  olan bir millət vəkili kimi, həm də bir Azərbaycan vətəndaşı kimi Türkiyə hökumətinə minnətdarlığımı bildirirəm”.

F.Mustafa deyir ki, Naxçıvan Türkiyəyə aqrar məhsullarla yanaşı, tikinti, trikotaj məhsulları, həmçinin müxtəlif texnoloji avadanlıqlar ixrac edə bilər: “Əsas odur ki, Naxçıvanın mövcud potensialını inkişaf etdirməyə stimul olacaq”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …