Çərşənbə , İyun 19 2019
Ana səhifə / İqtisadiyyat / Narazılıqdan sığortalanmayan sığorta sistemi: Əhali nə zaman razı qalacaq?

Narazılıqdan sığortalanmayan sığorta sistemi: Əhali nə zaman razı qalacaq?

Azərbaycanda sığorta işinin təşkili hələ XIX əsrin ortalarına, neft sənayesinə xarici investorların cəlb edildiyi dönəmə təsadüf etsə də, milli sığorta bazarı 1992-ci ildən etibarən formalaşmağa başlayıb.

Ölkəmizdə sığorta könüllü və icbari qaydada həyata keçirilir.Könüllü sığorta – sığortaçı ilə sığortalı arasında bağlanan müqavilə əsasında müəyyən olunur.İcbari sığorta – vətəndaşların sosial maraqlarının və dövlət maraqlarının təmin edilməsi məqsədilə icbari sığorta qanunları əsasında həyata keçirilir.Hazırda Azərbaycanda 22 sığorta şirkəti fəaliyyət göstərir.

Dünyada çox sayda sığorta növləri mövcud olsa da, əfsuslar olsun ki, ölkəmizdə ən çox müraciət edilən sığorta növləri səyahət və avtomobillərin icbari sığortasıdır.Hazırkı sığorta sisteminin aşağı səviyyəsindən isə hər kəs narazıdır.Çoxlarına məlumdur ki, sığorta şirkətləri öncədən bir çox vədlər versələr də, bədbəxt hadisə baş verdikdən sonra ödəniş etməkdən müxtəlif bəhanələrlə boyun qaçırırlar.

İqtisadçı-ekspert Vüsalə Əhmədova “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanın sığorta bazarı nəinki inkişaf etmiş ölkələrin, hətta bəzi postsovet ölkələrinin sığorta bazarları ilə belə müqayisəyə gəlmir: 

“Tibbi və aqrar sahələr üzrə sığorta vəziyyəti isə heç də ürəkaçan deyil. Məsələn, ABŞ-nın yalnız aqrar sahələrin sığortasından əldə etdiyi sığorta haqları 3 milyard dolları keçir.Ölkəmizdə isə sığorta haqlarından daxil olmalar bütün sığorta sinifləri üzrə cəmi 373736.0 min manat təşkil edir.Qəbul edilən yeni aqrar sığorta qanununa müvafiq olaraq kənd təsərrüfatı məhsullarının və heyvanlarının, atların, balıq və meşə təsərrüfatlarının və istixanaların dolu, sel-daşqın, yanğın, donvurma, fırtına və quraqdan sığortalanması nəzərdə tutulur.Azərbaycanda daha çox sadalanan risklərdən dəyən faktiki zərərə görə təminata üstünlük verilir.Sığorta ödənişlərinin məbləği, o cümlədən, sığortalamaq üçün qiymətlər məhsuldarlıq səviyyəsi, ayrı-ayrı regionlar, sahələr və məhsullar üzrə fərqli müəyyən edilir. Məsələn, ən yüksək tariflər (6,93%) çiyələk, moruq, qarağat, qaragilə, kivi, xurma, feyxoa, qarpız və yemiş üçün müəyyən edilib. Zəlzələ, sürüşmələr, nəqliyyat vasitələri ilə qəza, vəhşi heyvanların hücumu, müharibə, terror, iğtişaş, qiyam, partlayış, xəstəlik və həşəratların vurduğu zərər, kimyəvi maddələrin və gübrələrin vurduğu zərər, elektrik, su və qaz təchizatında yaranan problemlər və istixananın isitmə-soyutma sistemində olan qüsurlar nəticəsində yaranan zərərlər, eləcə də məhsul yığımından sonra baş vermş zərərlər qarşılanmır”.

İqtisadçı hesab edir ki, İspaniyada tətbiq edilən aqrar sığorta modeli dünyanın ən uğurlu modellərindən biridir: 

“Dünyanın müxtəlif ölkələrində tətbiq edilən aqrar sığorta sistemləri ölkələrin iqtisadi inkişaf səviyyəsi, kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı payı və önəmi, yetişdirilən məhsulların təbii risklərə məruz qalma dərəcəsi, təbii risklərin meydana gəlmə tezliyi və zərərin miqdarı kimi faktorlara bağlı olaraq dəyişməkdədir. Məsələn, İspaniyada tətbiq edilən aqrar sığorta modeli dünyada ən uğurlu modellərdən biri sayılır.İspaniya təcrübəsində mənfəət güdməyən bir “hovuz sistemi” mövcuddur ki, fermerlər tərəfindən sığorta şirkətlərinə ödənilən sığorta haqları bu hovuzda toplanmaqda və zərər yarandığı zaman hovuzdan fermerlərə birbaşa ödəniş edilməkdədir.Dövlət isə öz növbəsində məhsullarını sığortalayan fermerlərin ödədikləri sığorta haqlarının 50 faizini qarşılayır, təbii fəlakətlərin vurduğu ziyanı isə kompensasiya etmir.Bu sistemdə sığorta şirkətləri yalnız sığorta polisi tərtib etmə, marketinq və satış fəaliyyəti həyata keçirirlər.Ümumilikdə İspaniyada aqrar sığorta çərçivəsində fermerlər, fermer birlikləri, özəl sığorta şirkətləri və dövlət birgə fəaliyyət göstərir.Burada təbii fəlakətlərdən meydana gələn zərərləri kompensasiya etmək üçün “Sığortaların Təzminat Konsorsiumu” (CCS) adlı bir dövlət qurumu təsis edilmişdir ki, hüquqi şəxs statusuna malik olan bu qurum Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirliyi nəzdində xüsusi hüquq müddəalarına müvafiq fəaliyyət göstərir.Sığorta tarifləri isə dövlət tərəfindən müəyyən edilir və riayət olunması məcburi sayılır.Sığorta haqlarını isə konsorsium adından sığorta edən sığorta şirkətləri toplayırlar.Konsorsium fövqəladə risklərin birbaşa səbəb olduğu maddi itkiləri kompensasiya edir.İspaniyanın aqrar sığorta sisteminə, həmçinin yerli və xarici şirkətlərin iştirakı ilə birgə yaradılmış “Birləşmiş Aqrar Sığorta Şirkətləri Birliyi” (AGROSEGURO) daxildir.Sığorta haqqı, eləcə də sığorta ödəmələri bu birliyi təşkil edən üzvlər arasında ortaq razılıq əsasında bölünür.Sığortanın texniki tərəflərini və tarifləri birliyə daxil olan şirkətlər birgə müəyyən etdikləri halda, sığorta xidmətləri hər bir şirkət tərəfindən müstəqil müəyyənləşdirilir.Dövlət tərəfindən isə birliyə maliyyə və inzibati dəstək verilir.Yenə İspaniya sığorta sisteminə daxil olan “ENESA” adlı muxtar qurum kənd təsərrüfatı sığortası ilə əlaqədar təkliflər irəli sürür, məhsullar üçün minimum texniki şərtləri müəyyən edir, sığorta ediləcək məhsulun qiymətlərini proqnozlaşdırır, sığorta polisləri ilə əlaqədar prosesləri icra edir.İqtisadiyyat Nazirliyi nəzdində yaradılan “Sığorta Təştiş Qurumu” (DDS) isə zərərin müəyyənləşdirilməsi normalarını qiymətləndirir və təkrar sığorta ilə bağlı şərtlər və təkliflər irəli sürür”.

“Azərbaycanda tibbi xidmətlər üzrə tariflər 3 manatla 9600 manat arasında dəyişir”

Tibbi sığortaya gəlincə, Vüsalə Əhmədova hazırda Azərbaycanın 4 rayonunda pilot layihə kimi icbari tibbi sığortanın həyata keçirildiyini deyib: 

“Prezidentin fərmanına əsasən, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati əraziləri pilot ərazilər olaraq müəyyən edilib. İcbari tibbi sığorta, sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir. İcbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərə gəlincə, bunlar: ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti, ambulator xidmət, stasionar xidmət, laborator xidmət, fizioterapiya, həyati vacib və dəyəri yüksək olan xidmət sahələridir. 

Baza zərfinə daxil olan tibbi xidmətlər üzrə tariflər 3 manatla 9600 manat arasında dəyişir. Məsələn, qardaş ölkə Türkiyədə yerli əhali ilə yanaşı, xarici ölkə vətəndaşlarının tibbi xidmətlərdən pulsuz yararlanmaları üçün onlara iki seçim təqdim edilməkdədir: ümumi tibbi sığorta və özəl tibbi sığorta. Ümumi tibbi sığorta 100 faiz dövlət tərəfindən ödənilir.Özəl tibbi sığorta isə hər hansı bir şəxsin sığorta şirkətinə aylıq müəyyən bir məbləğ ödəməsi ilə əldə edilir.Türkiyə vətəndaşları, o cümlədən, bu ölkədə yaşamaq üçün icazəsi olan xaricilər, Türkiyədən başqa hər hansı bir ölkədə tibbi sığortası olmayan xaricilər və Türkiyədə bir ildən çox yaşayan xaricilər ümumi tibbi sığortadan istifadə edə bilirlər. Sığorta haqlarına gəlincə, ailədə adambaşına düşən gəlir səviyyəsi minimum əməkhaqqının 1/3 hissəsindən, az isə həmin şəxslər sığorta haqqı ödəmədən tibbi xidmətlərdən pulsuz faydalana bilirlər. Adambaşına düşən gəliri minimum əməkhaqqının 1/3 hissəsi ilə minimum əməkhaqqı həddində olanlar, minimum əməkhaqqının 1/3 hissəsinin 12 faizi nisbətində sığorta haqqı ödəməklə tibbi xidmətlərdən yararlanırlar.Gəliri minimum əməkhaqqı səviyyəsindən iki dəfə çox olanlar isə 243 TL sığorta haqqı ödəməklə tibbi xidmətlərdən faydalanırlar.Xarici vətəndaşlar üçün isə sığorta haqqı minimum əməkhaqqının 24 faizi, xarici tələbələr üçün 4 faizi nisbətindədir. Türkiyədə ümumi tibbi sığorta və həmçinin özəl tibbi sığorta həkim müayinəsi, dializ, kimyaterapiya, angioqrafiyadan tutmuş, buynuz qişa, böyrək, mədəaltı vəz, qaraciyər, ürək və ağciyər transplantasiyasınadək A-dan Z-yə qədər demək olar ki, bütün tibbi xidmətləri əhatə edir”.

Həmçinin oxuyun

Maaş artımı bahalaşmaya səbəb ola bilər? – Deputat

Azərbaycan tarixində nə müstəqillik illərində, nə də müstəqillikdən öncə heç vaxt bir ilin içində əmək …