Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / “NANKOR SAHİBKAR” VƏ “VİCDANLI XƏBƏRÇİ” – Vergilər Nazirliyi yeni “iş yerləri” açır…

“NANKOR SAHİBKAR” VƏ “VİCDANLI XƏBƏRÇİ” – Vergilər Nazirliyi yeni “iş yerləri” açır…

Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayevanın son açıqlaması Azərbaycanın vergi sisteminin “inqilabi dəyişikliklərin” astanasında olduğunu bir daha təsdiqlədi.

Nazirliyin xanım sözçüsü deyib ki, Azərbaycanın vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub: “Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər…”

“Nankor sahibkar” və “vicdanlı xəbərçi”

Məlum olduğu kimi, 2019-cu il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər qüvvəyə minəcək. Ancaq əvvəllər də qeyd etdiyimiz kimi, sahibkarların olduqca böyük əksəriyyətinin bu dəyişikliklərin mahiyyətindən xəbəri yoxdur. Və Vergilər Nazirliyi də bu dəyişiklikləri geniş şəkildə izah etməkdə, bir-bir sahibkarlara çatdırmaqda həvəsli görünmür. Əvəzində, çox böyük həvəslə qadağalar, hədə-qorxular və cərimələr təşviq olunur. Elə Samirə xanımın “vergi xəbərçiliyi” barədə dedikləri də bu prosesin tərkib hissəsidir.

Deməli, belə çıxır ki, vergi orqanı sahibkara təzyiq vasitələri axtarışını davam etdirir. Və təəssüf ki, bunu hətta vətəndaşları üz-üzə qoymaq vasitəsilə də həyata keçirməyə hazırdır. Deməli, bundan sonra onsuz da qeyri-müəyyənlik, səksəkə içərisində işləyən, banklardan 78 qəpiyə götürüb, bugün 1.70 manata dollar krediti qaytaran, hər yeni dəyişiklikdən yalnız təhlükə gözləyən, istənilən an hansısa icra strukturunun tələbilə işindən, biznesindən məhrum olunan, hətta obyektinin sökülə biləcəyini anlayan sahibkar, bir tərəfdən də özünü “vergi xəbərçilərindən” qorunmalıdır!

Vergi orqanının mövqeyindən belə anlaşılır ki, guya vergi qanunvericiliyi mükəmməldən də mükəmməl vəziyyətdədir, qanunun qarşısında bütün sahibkarlıq subyektlərinin bərabərliyi təmin edilib, heç kim imtiyazlara sahib deyil, sahibkarlara olduqca komfort vergi və iş mühiti yaradılıb və sair. Kefindən vergidən yayınan sahibkarlar isə kütləvi şəkildə “qaz vurub, qazan doldururlar”! Ancaq bunun qarşılığında həmin bizim “nankor” sahibkarlar qazandıqlarından dövlətin “qəpik-quruş” təşkil edən vergisini ödəmək istəmirlər, elə buna görə də, Vergilər Nazirliyinin “vicdanlı vergi xəbərçiləri”nə böyük ehtiyacı yaranıb. Doğrusu, bu yerdə məşhur filmdə deyildiyi kimi, “adamı gic gülmək tutur…” Axı guya vergi orqanı bilmir ki, bugün böyüklü-kiçikli ticarət obyektlərinin böyük əksəriyyətində real dövriyyə gizlədilir? Guya bilmir ki, muzdlu işçilərin də böyük hissəsinin əmək müqaviləsi yoxdur, olanlarda da əmək haqları aşağı məbləğlərdə göstərilir və sair? Buna “xəbərçi” nə lazım?

Vergilər Nazirliyi yeni iş yerləri açır?

vergiler-nazirliyi-vergiler-nazirliyi

Məlumat üçün qeyd edək ki, vergi orqanının bütün ərazilər üzrə kuratorları var. Və bu əməkdaşlar onlara həvalə olunan ərazidəki ən kiçik mağazadan tutmuş böyük restoranlara qədər, kimin hansı məbləğdə real dövriyyəsinin, neçə işçisinin olduğunu, nə qədər icarə haqqı ödədiyini və yeri gələndə nə qədər aylıq gəliri, yaxud ziyanı olduğunu çox gözəl bilirlər.Bu sistem hələ özü və ətrafı “yedikcə şişən” və “şişdikcə” bütün əndazələri aşan Fazil Məmmədovun vaxtında qurulub. Görün vəziyyət nə yerə çatmışdı ki, F.Məmədovun iri çaplı məmurları o vaxtkı MTN-ə sahibkarlara dair məlumatlar ötürürdülər. Yəni demək istədiyimiz odur ki, Vergilər Nazirliyi özü boyda məlumat bazasıdır və onun hansısa “vergi xəbərçisinin” xəbəri əsasında yoxlama aparması olduqca absurd görünür!

Məsələnin ən çox təəssüf doğuran məqamı isə xanım məmur tərəfindən sahibkar barədə “xəbər satan” vətəndaşın “mükafatlandırılması” anonsunun verilməsidir. Əgər doğrudan da xəbərçiliyə görə mükafat veriləcəksə, kim təminat verə bilər ki, onsuz da son zamanlar satıb-satılmağa xeyli meyllənən bir toplumun bu formada “həvəsləndirilməsi” sabah Vergilər Nazirliyinin qapısında qazanc naminə qardaşını da satmağa hazır olanlardan ibarət böyük bir növbənin yaranmasına səbəb olmayacaq?! Bəlkə nazirlik öz qarşısına bu yolla “yeni iş yerləri” açmaq məqsədi qoyub?

Doğrudur, hər bir kəsin aldığı mala görə çek, yaxud hansısa maliyyə sənədi istəmək haqqı, yaxud istənilən muzdlu işçinin sahibkardan onunla əmək müqaviləsi bağlamasını tələb etmək hüququ var. Bunlar təmin edilmədikdə, təbii ki, vətəndaşın vergi orqanına müraciət etməsi normal haldır. Ancaq belə müraciətlərin mükafatlandırılması Azərbaycan reallıqlarında biraz anormal görünmürümü?

Onu da xatırladaq ki, yeni məcəllənin sahibkarlar üçün “sürprizləri” sırasında sadələşdirilmiş vergi ödəyicisi olmaq imkanlarının məhdudlaşdırılması, bununla da hesabatların, mühasibatlıq işlərinin çoxaldılması, cərimələrin və maliyyə sanksiyalarının 2, bəzi hallarda isə 5 dəfə artırılması kimi “novatorluq nümunələri” var. Göründüyü kimi, bunlara “mükafatlı vergi xəbərçiliyi” də əlavə olunmaqdadır.

Və bütün bu “həngamələrdən” sonra hörmətli nazir müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilən dəyişikliklər barədə danışarkən deyib ki, “məcəllədə bütün dəyişikliklər sahibkarların xeyrindədir…”

AzPolitika.info

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …