Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Müsəlmanlara nifrət edən Le Pen Fransa prezidentliyi yolunda

Müsəlmanlara nifrət edən Le Pen Fransa prezidentliyi yolunda

Qərbdə radikal millətçi təmayüllərin önə çıxması dünyaya nə vəd edir?

Fransada Milli Cəbhənin lideri, ifrat sağçı Marine Le Pen aprel və may aylarında keçiriləcək prezident seçkisində iştirak edəcək. Le Pen İslam əleyhinə çıxışları ilə, radikal millətçiliyi ilə seçilir.
Qeyd edək ki, keçən il ABŞ-da prezident seçkiləri kampaniyası öncəsi milyarder Donald Tramp seçkilərə milli və dini ayrı-seçkilik yayan çıxışlar etməklə qatılmışdı. İlk vaxtlar çoxları belə bir şəxsin prezident seçilməsini mümkünsüz hesab edirdilər. Ancaq bu proqnozların hamısı heç oldu və Tramp dünyanın superdövlətinə rəhbər seçildi. İndi Fransada millətçi, islam əleyhinə radikal çıxışları ilə məşhur siyasətçi prezidentlik uğrunda mübarizə aparır. Fransada da “Tramp hadisəsi” yaşana bilərmi? Ümumiyyətlə, son zamanlar Qərbdə radikal millətçi təmayüllərin önə çıxması, hakimiyyətə yiyələnməsi prosesi gedir. Bunun dünyaya təsiri necə ola bilər?
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Fransada Milli Cəbhənin lideri Marine Le Penin yazda olacaq prezident seçkilərində qələbə qazanacağı inandırıcı deyil. Doğrudur, son 7-8 ildə Avropada millətçi partiyaların aktivliyi, seçkilərdə gözlənilməz nəticələr göstərməsi təcrübəsi var. Məsələn, İsveçdə, Böyük Britaniyada, İspaniyada və digər ölkələrdə millətçi partiyalar ilk dəfə olaraq az sayla da olsa parlamentdə fraksiya ilə təmsil olunmaq hüququ qazanıblar, bələdiyyə seçkilərində müəyyən səslər əldə ediblər. Buna da əsas səbəb Avropa ölkələrinin miqrasiya siyasətində olan bir sıra boşluqlar, sosial problemlər oldu və millətçilər də əhalinin aztəminatlı hissəsindən, miqrantlara olan narazı münasibətlərindən istifadə edərək seçicilərinin saylarını artırdılar. Halbuki 10-15 il öncə heç kim bunu təsəvvür belə etmirdi: “Bunlara baxmayaraq, millətçilər bunu uğur kimi qarşılasalar da Avropada hələ heç bir millətçi partiya hakimiyyətə gələ bilməyib, hətta ikinci partiya belə ola bilmir. Bunun da səbəbi Avropada seçicilərin çoxunun millətçiliyə olan neqativ münasibətidir. Eyni zamanda Avropa ölkələrinə son 40-50 il ərzində miqrasiya etmiş seçicilərin də sayı kifayət qədərdir. Söhbət tək müsəlmanlardan getmir, əslən Çindən, Şərqi Avropadan olan seçicilər də millətçilərin əleyhinə səs verənlərdir. Avropada hər hansı millətçi partiya sədrinin prezident seçkilərində uğur qazanmasının şahidi olmamışıq. Marine Le Pen də prezident seçkilərində maksimum üçüncü nəticə göstərə bilər ki, bu da ciddi təhlükə yaratmayacaq”.
Ekspert qeyd etdi ki, 2015-ci ilin sonlarında Fransada keçirilən bələdiyyə seçkilərində Le Penin partiyası heç bir bölgədə qələbə çala bilməmişdi. Qarşıdakı isə prezident seçkiləridir. Bu seçkilərdə həmişə olduğu kimi Fransanın ənənəvi partiyaları olan mühafizəkar Xalq Hərəkatı İttifaqı və Sosialistlər Partiyası aralarında rəqabət olacaq. Əgər Le Pen və ya onun kimi digər bir ifrat millətçi namizəd bu iki partiyadan birinin namizədi olsaydı, o zaman məsələ daha ciddi olardı: “ABŞ-da da Tramp hər hansı millətçi partiyanın namizədi yox, ölkədə iki əsas partiyadan biri olan Respublikaçıların namizədi idi. Onun seçilməyinə şans yaradan əsas amil də bu idi. Digər partiyada olsaydı, Trampın şəxsi keyfiyyətləri, seçki kampaniyasında verdiyi vədlər ona kömək etməyəcəkdi”.

musavat.com

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …

Bir cavab yazın