Ana səhifə / İqtisadiyyat / Müdafiə Nazirliyinin şübhəli tenderi ləğv edildi

Müdafiə Nazirliyinin şübhəli tenderi ləğv edildi

Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 10 may 2023-cü il tarixli 3-21-1/2-7943/2023 nömrəli məktubuna əsasən ləğv olunub.
Məlumat üçün bildirək ki, ləğv olunan tenderin qalibi “Dijital-S” MMC (VÖEN – 1406253531) olub. Müabiqənin şərtlərinə görə, “Baner üzərində çap işlərinin, vinil üzərində çap işlərinin, laminatın, orqanik şüşənin, MDF materialının, diaqlaz materialının, L profilinin və forex materialının satın alınması” işlərinə görə Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi “Dijital-S” MMC-yə 41 min 970 manat vəsait ödəməli idi.
Qeyd edək ki, “Dijital-S” MMC 6 ay əvvəl – 05.12.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Məhərrəmov Sahil Məhərrəm oğludur. Şirkətin hüquqi ünvanı isə Nəsimi rayonu, Hüseyn Seyidxadə, 2 MKR, ev 23, m. 48-də yerləşir.
“Dijital-S” MMC barəsində açıq internet resurslarında heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var.
“Dijital-S” MMC-nin qeydiyyatda olduğu hüquqi ünvanda müxtəlif şirkətlər qeydiyyata alınıb. “Dijital-S” MMC kimi bu şirkətlər barəsində də heç bir məlumat mövcud deyil. Lakin, yarandıqdan qısa müddət sonra dövlət qurumlarının keçirdikləri tenderlərdə qalib ola bilirlər. Məsələn, qeyd olunan ünvanda 01.02.2023-cü il tarixində “Lord333” MMC (VÖEN- 1406329811) adlı şirkət dövlət qeydiyyatına alınıb. Qeydiyyata alındıqdan 20 gün sonra keçirilən 79 min manatlıq tender müsabiqəsində qalib olub.

Daha ətraflı aşağıdakı linkdən məlumat ala bilərsiniz:
20 günlük şirkət 80 minlik tenderi necə udur? – Müəmma

Onu da bildirək ki, Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqələrinin bir çoxunda müəmmalı məqamlar müşahidə olunub.

Aşağıdakı linkə daxil olaraq bu barədə geniş məlumat ala bilərsiniz:
Büdcə pullarını “Ceşmə” və “Alfons”a kimlər “axıdır”? – Adlar…

Yeniavaz.com

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …