Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Mikrokreditlərin sadələşdirilməsinin üstünlüyü olacaqmı?

Mikrokreditlərin sadələşdirilməsinin üstünlüyü olacaqmı?

Azərbaycan Mərkəzi Bankında (AMB) mikrokreditlərin verilməsinin sadələşdirilməsi barədə müzakirələr aparılıb.

Bu barədə qurumun tviter hesabında bildirilir. 

Məlumatda deyilir ki, AMB-də “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdindəki Ekspert Qrupları ilə görüş keçirilib. 

Görüşdə Banklararası Kart Mərkəzinin inkişaf hədəfləri, bank-fintex mühitinin tənzimlənməsi, mikrokreditlərin verilməsinin sadələşdirilməsi, məsafədən bank hesabının açılması, kiber risklərlə bağlı tənzimlənmə çərçivəsinin təkmilləşdirilməsi və digər məsələlər müzakirə edilib, sadalanan sahələrin hüquqi tənzimlənməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, mikrokreditlər qısa müddətə verilən kiçik məbləğlər hesab edilir. Kredit götürənlər üçün mikrokreditlərin əsas üstün cəhəti kreditin tez alınmaması olub. Üstün cəhətləri ilə yanaşı mikrokreditlərin mənfi cəhətləri də var.

Mikrokreditlərin verilməsinin sadələşdirilməsi prosesi əlavə problemlərə yol açacaq?

İqtisadçı-ekspert Cebhe.info-ya bildirdi ki, mikrokreditlərin sadələşdirilməsi ilə bağlı məsələnin iki tərəfi var:

“Yəni banklar sadələşdirilməsini istəyəcək. Ancaq Mərkəzi Bank əksini düşünür. Çünki sadələşdirilmiş kredit, risklərin artmasına aparır. Burada ortaq yol tapmaq lazımdır. Nə dərəcədə sadələşdirmək olar? Bu baxımdan kreditlərin sərt tərəfi var. 

Bank deyir ki, kredit verdiyi şəxsin mütləq gəliri olmalıdır. Yəni rəsmi maaşı olmalıdır. Burada heç bir istisna qoymayıb, amma qoymaq olar. Məsələn, mən gəlib lombardda olduğu kimi qızılımı girov qoyuramsa, girovun qiyməti kreditin qiymətindən kifayət qədər çoxdursa, bank niyə verməsin. Yəni  niyə o krediti lombard verə bilər, bank isə yox. Orada risk yoxdur. Sabah vətəndaş borcu vermirsə, onun qızılı girov kimi tutulacaq. Ancaq bugünkü qaydalar buna icazə vermir. 

Ümumiyyətlə, bu yolla sadələşdirmək olar, ancaq ucdantutma yox. Verilən kreditlərin risklərinin artmaması şərti ilə olar. Ancaq Mərkəzi Bankın bəzi tələbləri çox formaldır və onları aradan qaldırmaq olar. Vətəndaşlar onsuzda kredit üçün müraciət edirlər. Sadələşdirmə dedikdə  söhbət ondan gedir ki, bəzi tələblər çox sərtdir. Ümumilikdə sadələşdirmək olar. 

Gəlirin yoxdursa, yoxdur. Ancaq verdiyi girovun qiyməti yüksəkdirsə niyə də olmasın. Bununla yanaşı kimə gəldi kreditin verilməsi üçün sadələşdirilsə, sabah həm vətəndaşlar, həm də banklar üçün problem olacaq”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …