Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / MHP-də ciddi ayrılıq – Bahçelinin sağ qolu istefa verdi

MHP-də ciddi ayrılıq – Bahçelinin sağ qolu istefa verdi

Partiyanın parlament fraksiyasının rəhbəri Oktay Vural vəzifəsindən istefa verərək “müxaliflərin” tərəfinə keçib

Milliyyətçi Hərəkat Partiyasından millət vəkili, partiyanın parlament fraksiyasına rəhbərlik edən Oktay Vural vəzifəsindən istefa edərək partiya daxili müxalifətə qatılıb. O.Vural Doğan Xəbər Agentliyinin müxbirinə verdiyi açıqlamada partiyada baş verən prosesi dəyərləndirdikdən sonra belə bir addım atdığını bildirib.
Yerli mətbuat isə Vuralın hələ bir müddət əvvəldən belə bir planı olduğunu, partiyada dəyişiklik olması ilə bağlı təkliflər irəli sürdüyünü yazır. Hətta MHP dəhlizlərində bir müddət öncədən Vuralın hazırkı vəzifəsindən istefa verərək“müxaliflərə” qatılacağı haqqında iddialar vardı. Hətta son olaraq MHP millət vəkillərinin hazırkı partiya sədri Dövlət Bahçeliyə dəstək müraciətinə O.Vural imza atmamışdı. Lakin həmin vaxt D.Bahçeli Vuralı müdafiə edərək, onun müxaliflərə yaxın olması iddialarını təkzib etmişdi. Ancaq eyni zamanda bir qədər əvvəl partiya sədrliyinə əsas iddiaçı Meral Akşener də mətbuata verdiyi açıqlamada O.Vural və bir neçə il əvvəl dünyasını dəyişmiş həyat yoldaşı ilə yaxın dostluğunun olduğunu demiş, ancaq buna baxmayaraq Oktay bəyi “rahat buraxdığını”, partiyadan ayrılması üçün təzyiq etmədiyini bildirib.
Gələn iddialara görə, Vurala yaxın olan bəzi yerli təşkilat rəhbərləri də “müxaliflər” tərəfə keçəcək. Yeri gəlmişkən, iyulda MHP-nin növbədənkənar qurultayı keçiriləcək və partiyaya yeni sədr seçiləcək. İyunun 19-da keçirilən nizamnamə dəyişikliyi qurultayı partiyanın hazırkı rəhbərliyinin bütün müqavimətinə baxmayaraq baş tutub. Müşahidəçilərə görə, iyulda keçiriləcək qurultayda Bahçeli də öz namizədliyini irəli sürəcək. 
Müxalif qanaddan əsas namizəd isə keçmiş vitse-spiker Meral Akşener olacaq. Digər iddiaçıların isə şansları daha azdır. Bu səbəbdən də gözlənilir ki, Bahçeli və Akşener arasında mübarizədə digər namizədlərin dəstək verəcəyi təqdirdə Akşenerin qalib gəlmək şansları çoxdur. Lakin bəzi ekspertlərə görə, son anda Bahçelinin geri çəkilib namizədlərdən birini (Akşener deyil) dəstəkləməsi də mümkündür. Bütün bunlar qurultay öncəsi məlum olacaq.
Qeyd edək ki, həftənin ikinci günü istefa ərizəsini partiya sədrinə təqdim edən Oktay Vural MHP-də ən parlaq şəxslərdən biri hesab olunur. Partiyanın parlament fraksiyasının lideri olan Vural sərt çıxışları ilə məşhurdur. Siyasətə akademik həyatdan gələn O.Vural 1956-cı ildə Diyarbəkirdə anadan olub. İstanbul universitetində hüquq təhsili alıb, Ege Universitetində magistr dərəcəsi alıb, 1984-85-ci illərdə ABŞ-da doktorluq təhsilini davam etdirib. İzmir Dokuz Eylül Universitetində müəllim kimi fəaliyyət göstərib.
Bir müddət dövlət enerji şirkətlərində fəaliyyət göstərib. 1992-ci ildə Enerji və Təbii Ehtiyatlar Nazirliyində müşavir vəzifəsinə təyinat alıb. 1995-ci ild MHP-dən parlament seçkilərinə qatılıb. 1997-ci ildə Türkiyə Gübrə Sənayesi şirkətinə rəhbər təyin olunub. Bir il sonra isə Sənaye və Ticarət Nazirliyində nazir müşaviri təyin olunub. 1999-cu ildə MHP-dən deputat seçilib. 2001-ci ildə bir müddət Nəqliyyat naziri postunu tutub. 
musavat.com 

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın