Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Merkelin Bakı səfərinin iqtisadi əhəmiyyəti – ŞƏRH

Merkelin Bakı səfərinin iqtisadi əhəmiyyəti – ŞƏRH

“Almaniya kansleri Angela Merkelin Azərbaycana səfəri yalnız siyasi deyil, həmçinin iqtisadi baxımdan da diqqəti cəlb edir. Əvvəlla, Almaniya Avropa Birliyində və o cümlədən avrozonada aparıcı dövlət hesab olunur”

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, 3 trilyon 684 milyard dollar nominal Ümumi Daxili Məhsulu olan Almaniya iqtisadiyyatının həcminə görə Avropada birinci, dünyada isə dördüncüdür:

“1.4 trilyon dollarlıq ixracla isə Almaniya dünyada üçüncüdür. Dünya ikincisi olan Amerika Birləşmiş Ştatları ümumi ixracatda Almaniyanı cəmi 175 milyard dollarlıq artıqlıqla qabaqlayır. İkincisi, Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşlarından hesab olunur. Doğrudur, 2014-cü ildə 2.67 milyard dollarlıq ümumi ticarət dövriyəmiz ötən il 894 milyon dollaradək azalıb. Amma bunun əsas səbəbi enerji məhsullarımızın son ixrac trayektoriyasının dəyişdirilməsi ilə bağlıdır. Üçüncüsü, təxminən yarım milyard dollarlıq sərmayə qoyluşu ilə Almaniya şirkətləri son illər Azərbaycan iqtisadiyyatında aktivdirlər”.

İqtisadçı qeyd edib ki, Almaniya kanslerinin səfəri zamanı müzakirə ediləcək iqtisadi məsələlər içərsində mavi qazın Avropaya çatdırılması və eləcə də ölkəmizin Avropa Birliyi ilə aparılan danışıqlar üstünlük təşkil edəcək:

“Cənubi Qaz Dəhlizi əsasən Cənubi Avropaya hədəflənsə də Almaniya bu təşəbbüsü fəal dəstəkləyənlərdəndir. Avropa aparıcısı bununla qitədə enerji asılılığını mərhələli şəkildə azaltmağa çalışır. Xəzərin statusunun razılaşdırılmasından sonra isə Qərb Türkmənistanın da Cənub Qaz Dəhlizinə qoşulacağına ümid edir. Almaniyanın Qafqaz siyasəti üçün Avropa Birliyi ilə Azərbaycan arasında müzakirə edilən və imzalanması gözlənilən yeni strateji tərəfdaşlıq sazişi də ciddi əhəmiyyət daşıyır. Çünki bu anlaşmalar sadəcə siyasi deyil, eyni zamanda iqtisadi əməkdaşlığı təşviq edir. Bütövlükdə, Almaniya kanslerinin Qafqaz və o cümlədən Bakı səfəri qısa müddətli olsa da region üçün əhəmiyyətli hesab oluna bilər”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …