Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / İqtisadiyyat / Maşın bazarında kəskin bahalaşma gözlənilir – ŞƏRH

Maşın bazarında kəskin bahalaşma gözlənilir – ŞƏRH

Yanvar ayının 1-dən etibarən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb. Bu, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə əksini tapıb.

Yeni qərara əsasən, mühərrikinin silindrlərinin işlək hissəsinin həcmi 1500-1800 və 1800-3000 kubsantimetr arası olan təzə minik avtomobilləri üçün rüsum hər kubsantimetrinə görə 0,70 dollar, istismar olunmuş avtomobillər üçün isə 1,2 dollar olacaq.

Bundan öncə isə bu rüsumlar müvafiq olaraq 0,40 və 0,70 dollar idi.

Mühərrikinin  silindrlərinin işlək hissəsinin həcmi 1000-1500 kubsantimetr arası olan avtomobillər üçün isə rüsum dəyişməyib. Bu kateqoriyalarda olan təzə minik avtomobilləri üçün gömrük rüsumu 0,40 dollar, işlənmiş avtomobillər üçün isə 0,70 dollar sabit qalıb.

Bəs görəsən bu yeni gömrük rüsumları avtomobillərin qiymətinə necə təsir edəcək? Avtomobil bazarında  vəziyyət necə dəyişəcək?

“Yeni Müsavat”a açıqlamasında mövzunu şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, yeni gömrük rüsumları bütün növ avtomobillərin qiymətinə təsir edəcək: “Azərbaycana ən çox gətirilən avtomobillər mühərrik həcmi 1.6 kubmetrdən yüksək olan avtomobillərdir. Bu qərar onların hamısının qiymətinə təsir edəcək. Həm yeni, həm də köhnə avtomobillər bahalaşacaq. Gömrük rüsumlarında təxminən 80 faizə yaxın artım müşahidə olunur. Bu qiymətlərə təxminən avtomobilin mühərrik həcmindən asılı olaraq qiymətlərin 1500-5000 manat arasında yüksəlməsinə gətirib çıxaracaq. Mühərrikinin həcmi daha yüksək olan lüks avtomobillər də var ki, onların qiymətinə təsiri daha çox olacaq. Lakin bu avtomobillər bazar seqmentində çox az yer tutduğu üçün, qiymətlərin  əsasən 1500-5000 manat arasında bahalaşması gözlənilir. Bu da bazarda bahalaşmaya gətirib çıxaracaq. Ancaq Azərbaycanda maraqlı bir situasiya yaranıb ki, qiymətlər arsa da, alıcılıq azdır, müştəri qıtlığı var. Bank kreditlərinin məhdudlaşdırılmasından və şərtlər çətinləşdikdən sonra avtomobil bazarında durğunluq müşahidə olunurdu. Bu qiymət artımı avtomobil bazarına daha ciddi zərbə olacaq. Qiymətlər qalxsa da, alıcı qıtlığı olacaq. Nə qədər ki, banklar normal fəaliyyətə başlamayıb, avtomobil kreditləri verilmir, o zamana qədər bazarda alıcılıq az olacaq”.

Natiq Cəfərli ile ilgili görsel sonucu

İqtisadçı hesab edir ki, əslində  qərarın özü yanlış qərardır: “Çünki Azərbaycan avtomobil istehsalçısı deyil. Heç olmasa köhnə avtomobillərin gömrük rüsumu qalxsa da, yeni avtomobillərin rüsumunu aşağı salmaq lazım idi ki, Azərbaycanın avtoparkı dəyişsin, ölkəyə daha yeni avtomobillər gətirilsin. Bu da  ekologiyaya müsbət təsir edə bilərdi. Ancaq  təəssüf ki, rüsumların artırılması qərarı yeni avtomobillərə də şamil olundu və onların da qiyməti qalxacaq. Paralel olaraq hökumət hibrid avtomobillərə və ya  elektriklə işləyən avtomobillərə ciddi güzəştlər tətbiq etsəydi, heç olmasa ekoloji baxımdan müasir maşınların ölkəyə gətirilməsinə nail olmaq mümkün olardı. Hökumətin əsas məqsədi rüsumları artırmaqla ölkəyə əlavə vəsairt cəlb etmək idi. Ancaq ölkəyə gətirilən maşınların sayının azalması müşahidə olunacaq və bu il avtomobillərdən gömrük rüsumları vasitəsilə  büdcəyə daxilolmalarda azalmalar müşahidə olunacaq. Qiymət artdıqca müştəri azalacaq, alıcı azaldıqca tələb azalacaq və ölkəyə gətirilən avtomobillərin sayında ciddi enmə olacaq”.

Ramil Osmanlı ile ilgili görsel sonucu

İqtisadçı  ekspert Ramil Osmanlı da “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, yeni qəbul olunan qanun büdcə daxilolmalarını artırmaq məqsədi daşısa da, əks effekt verə bilər: “Aksiz vergisi avtomobilin gömrük rəsmiləşməsində əsas yük daşıyan vergilərdən biridir. Bu baxımdan avtomobillərin qiymətinin artmasına təsir göstərən əsas amillərdən biri hesab olunur. ƏDV əgər sadəcə avtomobilin xaricdən alış qiymətinə tətbiq olunursa, aksiz vergisi avtomobilin real bazar dəyərinə tətbiq olunur. Ona görə də bahalaşmaya səbəb olacaq, ancaq büdcə daxilolmalarının nə qədər artacağı ciddi müzakirə mövzusudur. Bu cür qərarlar idxalı azaldır, ölkədə avtomobilləşmənin qarşısını alır”.

Maraqlı məqamlardan biri də odur ki, avtomboillərin idxal üçün gömrük rüsumları aşağı olduğu vaxtlarda da idxalçılar təxminən indiki qədər vəsait ödəməli olurdular. Kiçik bir hissəsi rəsmi şəkildə dövlət büdcəsinə, önəmli hissəsi isə qeyri-rəsmi şəkildə ayrı-ayrı məmurların cibinə axırdı. Bəs görəsən, yeni gömrük rüsumlarının tətbiqi idxal prosesindəki qeyri-rəsmi ödənişləri aradan qaldırarsa, bu qiymətlərin müəyyən qədər sabit qalmasına gətirib çıxara bilərmi? Yəni, bu qərarı gömrükdə mövcud olan qeyri-rəsmi ödəniş məbləğinin rəsmiləşdirilməsi və büdcəyə yönləndirilməsi kimi qəbul etmək olarmı?

Bu sualı cavablandıran Ramil Osmanlı bu qərarın qeyri-rəsmi ödənişləri aradan qaldıracağına ümid etdiyini vurğuladı:“Qeyri-rəsmi ödənişlərin büdcəyə yönəldilməsi bir sıra sahələrdə həyata keçirildi. Məsələn, bir neçə il əvvəl xarici pasportu qısa müddətdə, məsələn 3 günə  almaq üçün vətəndaşlar  məmurlara  rüşvət verməli idilər. Sonradan belə nəticəyə gəlindi ki, bunu rəsmiləşdirmək daha yaxşı olar. Artıq rəqəmlər kimlərinsə cibinə yox, dövlət büdcəsinə daxil olsun. Kimsə 3 günə pasport almaq istəyirsə, rüşvət olaraq verdiyi  pulu rəsmi qaydada büdcəyə ödəyir və tez də alır. Daşınmaz əmlakın qeydiyyatında və digər sahələrdə də həmçinin. Hesab edirəm ki, aksiz vergisinin artması da avtomobil idxalı ilə bağlı gömrükdəki qeyri-rəsmi ödənişləri aradan qaldıracaqsa,  bu müsbət bir haldır və bahalaşmanın qarşısını da müəyyən qədər alacaq. Hər halda ümid edək ki, qeyri-rəsmi ödənişlər aradan qalxacaq və yalnız rəsmi rüsumlar alınacaq”.

Həmçinin oxuyun

Azərbaycan düyü idxalını 17 % artırıb

Ötən il Azərbaycan 38,9 milyon ABŞ dolları dəyərində 56,9 min ton düyü idxal edib. “Report” Dövlət …