Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / İqtisadiyyat / “Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – EKSPERT

“Manatla bağlı ehtiyat tədbirləri görməliyik” – EKSPERT

Dünyada gedən iqtisadi proseslərin fonunda region ölkələrinin milli valyutaları dollar nisbətdə dəyər itirməkdədir. Nəticədə həmin ölkələrdə makroiqtisadi göstəricilər də mənfiyə doğru dəyişir ki, bütün bu proseslər həm də xarici borclanmaya gətirib çıxarır. 

Cənubi Qafqazda hazırda Gürcüstanın xarici borcu 17 milyard dolları ötüb. Məlumatı bu ilin aprel ayında Gürcüstanın Milli Bankı yayıb. 2017-ci il dekabrın 31-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 17,2 milyard ABŞ dolları olub. Bu, ölkənin ümumi daxili məhsulunun 113,5 faizini təşkil edir. Gürcüstan Milli Bankı həmçinin bildirib ki, hesabat dövründə dövlətin birbaşa xarici borcu 7,3 milyard dollar olub. Bu da ÜDM-in 48,3 faizinə bərabərdir. Qalan borc isə Milli Bankın, özəl sektorun və hüquqi şəxslərin payına düşür.

Bu ilin yanvar ayında yayılan məlumatda qeyd olunurdu ki, 2017-ci ilin sonunda Ermənistanın dövlət borcu 6,776 milyard dollara çatıb. Bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. Qəzet bu borcun 6,173 milyard dollarının hökumətin payına düşdüyünü bildirmişdi. Ümumi borcun 4,893 milyard dollarını xarici borc təşkil edib: “2016-cı ilin sonunda ölkənin borcu 5,942 milyard dollar olub. 2017-ci il ərzində borc 832,5 milyon dollar artıb”. Hazırda isə bu borcun 7 milyarddan yuxarı olması ilə bağlı məlumatlar var.

Fikrət Yusifov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan iqtisadçı alim Fikrət Yusifov bildirib ki, Azərbaycanda xarici borcların vəziyyəti ilə bağlı durum fərqlidir: “İlk növbədə adambaşına düşən xarici borcun səviyyəsinə görə qabaqcıl ölkələr sırasındayıq.  Bizim ümumi daxili məhsula nisbətdə xarici borcumuz 20 faizdən bir qədər artıqdır. Yəni bu, böyük rəqəm deyil. Məsələn, Amerikada dövlət borcu ümumi daxili məhsulun həcmindən çoxdur. Yaponiyada, İngiltərədə, İtaliyada da bu, belədir. Azərbaycanda isə xarici borcun həcmi elə səviyyədə deyil ki, bu, narahatlıq yaratsın. Digər tərəfdən, nəzərə alaq ki, bizim valyuta ehtiyatlarımız ümumi daxili məhsulumuzun həcmindən də çoxdur. İlin sonuna doğru isə valyuta ehtiyatlarımızın 50 milyard ABŞ dolları səviyyəsinə çatması gözlənilir. Çünki neftin qiymətlərində artım var. Bu gün Azərbaycan qeyd olunan səviyyəyə görə tam sabit durumdadır. Ona görə də xarici borcla bağlı göstəricinin bizi narahat edəcək heç bir tərəfi yoxdur”.

Ekspert hazırda dünyanın maliyyə bazarında baş verən proseslərdən də danışıb: “Milli valyuta ilə bağlı biz ehtiyat tədbirləri görməliyik. Qonşu dövlətlər olan Rusiya və Türkiyə  ilə bizim ticarət əlaqələrimiz çox genişdir.  İranla da iqtisadi əlaqələrimiz var və bu, günü-gündən inkişaf edir. Ancaq əlaqələrinin çəkisi baxımından Rusiya ilə Türkiyə bizim ticarət əlaqələrimizin dörddə birini əhatə edir. Hər birində 2 milyarddan artıq ticarət dövriyyəmiz var. İxracımızın da ən geniş bazarı Rusiya və Türkiyəni əhatə edir. Bu mənada qonşu ölkələrdə baş verən hadisələrin bizə təsirsiz ötüşəcəyini söyləmək olmaz. Hazırda türk lirəsi və rus rublu məzənnədə itkiyə məruz qalır. Bu proses davamlı hal alırsa, biz də təxirəsalınmaz tədbirlər görməliyik. İlk növbədə bu ölkələrdə baş verən ucuzlaşma həmin ölkə daxilində qiymətlərin dollar ifadəsində aşağı düşməsi səbəb olur. Belə bir durumda biz öz məhsullarımızı milli valyutaların ucuzlaşmasından öncə satdığımız qiymətə satıb, daha az valyuta əldə edəcəyik. Ziyanla üz-üzə qalmamaq üçün müəyyən tədbirlər görülməlidir. Eyni zamanda həmin ölkələrdən ucuz mal gətirib daxili bazarda sata bilərik. Təbii ki, belə meylləri daha da güclənəcək. Çünki əvvəllər 10 dollar qazanan adam, indi 20 dollar qazanacaq. Bütün bunlar isə yerli məhsulların istehsalına təsir edər, rəqabət qabiliyyəti aşağı düşər. Bu baxımdan proseslərin həm ixrac, həm də idxalda mənfi cəhətləri ola bilər. Təcrübə göstərir ki, valyutalar kəskin ucuzlaşsa belə, daşınmaz əmlakların qiyməti milli valyutada dəyişmir. Bu hal Azərbaycandan Rusiya bazarına külli miqdarda vəsait axınına səbəb ola bilər. Bu da bir təhlükədir ki, bunu da çözmək lazımdır. Eyni zamanda Türkiyə, Rusiya, İranın milli valyutasının dollara nisbətdə ucuzlaşması davam edərsə, biz də manatın məzənnəsinə yenidən baxıb, onu bir qədər yumşaltmaq istiqamətində addımlar atmalıyıq. Texniki baxımdan yanaşanda region ölkələrinin milli valyutasının ucuzlaşması Azərbaycanda o ölkələrdən gətirilən məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxarmalıdır. Ancaq düşünmürəm ki, bu, baş verəcək. Ən yaxşı hal odur ki, satıcılar qiymətləri sabit saxlasınlar”.

Həmçinin oxuyun

Ölkəyə gətirilən avtomobillərin orta gömrük dəyəri 30 faiz artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana 247 milyon 612,6 min dollar dəyərində 13 min 299 ədəd …