Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Manata “yaşıl işıq”: Dollar dövrü qapanır? – ŞƏRH

Manata “yaşıl işıq”: Dollar dövrü qapanır? – ŞƏRH

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. FED uçot dərəcəsini 0,1-1,25 faiz səviyyəsində saxlayıb. Qeyd edək ki, sonuncu dəfə FED iyunun 14-də uçot dərəcəsini 0,75-1 faizdən  1-1,25 faizədək artırıb. Bundan əvvəl FED martın 15-də uçot dərəcəsini illik 0,5-0,75 faiz səviyyəsindən 0,75-1 faizədək artırıb. 2016-ci ilin dekabrın 14-də isə tənzimləyici uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0,5-0,75 faiz artırılması barədə qərar qəbul edib.
Eyni zamanda sərt valyuta siyasətinin tərəfdarı olan FED sədri Cannet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevral ayında başa çatır. Artıq Cerom Pauell Federal Ehtiyat Sisteminin (Federal Reserve System, FED) yeni rəhbəri olacağı barədə xarici nəşrlərdə məlumatlar yer alıb. Cerom Pauell hazırda FED-in İdarəedicilər Şurasının üzvüdür. Xarici mənbələrə görə, Ağ Ev Cerom Pauelli xəbərdar edib ki, Donald Tramp onun namizədliyini FED rəhbəri vəzifəsinə irəli sürəcək. FED-in yeni rəhbərinin adı cümə axşamı açıqlanacağı da bildirilir.
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, FED-in uçot dərəcəsini artırmayacağı barədə məlumat öncədən məlum idi:
“Növbəti toplantı dekabrın ortalarına təsadüf edir. O zaman faiz artımının olacağı heç kimdə şübhə doğurmur. Hətta mətbuatda dekabrda faiz dərəcəsinin artırılacağı ilə bağlı eyhamlar var. Fövqəladə bir hal baş verməsə, çox güman ki, FED dekabr ayında növbəti 0.25 faiz artımına gedəcək. Bakı vaxtı ilə noyabrın 2-də axşam saatlarında FED-in yeni sədrinin təqdimatı olacaq. Böyük ehtimalla Cannet Yellen namizədliyini irəli sürməyəcək.Prezident Donald Trampın masasında bir neçə namizəd var. Demək olar ki, onların əksəriyyəti Cennet Yellendən də daha sərt kredit siyasətinin aparılmasının və faizlərin artımının tərəfdarıdır.Demək olar ki, həmin komandada namizədlər siyahısında Cennet Yellenin əksini söyləyən namizəd yoxdur.Bu, çox vacib bir detaldır.Fevral ayında Yellenin sədrlik səlahiyyəti bitir.Konqres təsdiq etdikdən sonra yeni sədr fəaliyyətə başlayacaq.Açığı, Konqresin təsdiq etməmə kimi bir səlahiyyəti də var. ABŞ tarixində belə presedentlər olub. O zaman Tramp yeni namizəd təqdim etməyə borcludur. Yeni namizəd də təsdiq olunana qədər Cennet Yellen öz səlahiyyətlərini davam etdirəcək”.
Ekspert hesab edir ki, namizədlər arasında sərt pul siyasətinin yürüdülməsi tərəfdarları çoxluq təşkil edir:
“Bu isə onu deməyə əsas verir ki, kim seçilsə də FED-in siyasətinə birbaşa ciddi təsir göstərməyəcək. Çünki oturuşmuş bir qrafik var. FED 2018-ci ildə 3 dəfə faiz artımına gedəcəyini öncədən bəyan edib. Çox güman ki, belə də olacaq. Təbii ki, dolların dünyada bahalaşmasının siqnalları ola bilər. Son zamanlar əsasən siyasi səbəblərdən qaynaqlanan dolların zəifləməsi, FED-in siyasəti nəticəsində yenidən güclənəcək”.
Gedən proseslərin Azərbaycana təsirlərinə gəlincə, Natiq Cəfərli qeyd edib ki, dünyada gedən proseslər gec-tez ölkəyə təsir edir:
“Azərbaycan dünyadan kənarda qalmış bir ada deyil. Azərbaycanda məzənnə siyasəti sərt inzibati qaydada tənzimlənir.Buna görə də manatın məzənnəsi FED-dən daha çox daxili hədəflərə görə müəyyənləşir. Amma gələn il üçün Mərkəzi Bankla hökumətin hədəfləri nə olacaq, təəssüf ki, öncədən proqnozlaşdırmaq mümkün deyil. Məsələn, Rusiyada, Qazaxıstanda ayda iki dəfə canlı yayımda müzakirələr təşkil olunur. Ölkənin hədəfi ilə bağlı Mərkəzi Bank rəhbərləri, eləcə də iqtisadi bloka cavabdeh nazirlərin mütəmadi çıxışları olur.Amma Azərbaycanda belə bir praktika yoxdur.Müzakirələr bağlı qapılar arxasında gedir, ictimaiyyətə ciddi məlumatlar verilmir.Amma gələn ilin büdcə parametrlərinə baxdıqda xərcləmələrdə 4 milyarddan yuxarı artım müşahidə olunur.Bu da onu deməyə əsas verir ki, manatın ciddi şəkildə möhkəmlənməsini gözləməyə dəyməz.Əgər Azərbaycan doğrudan da qeyri-neft sektorunu inkişaf etdirmək və bu sektorun ixracatını artırmaq istəyirsə, manat ucuzlaşmalıdır.Manat möhkəmləndiyi təqdirdə bu yöndə atılan addımların effekti minimuma enəcək.Hazırda manatın möhkəmlənməsi ilə bağlı ciddi gözləntilər yoxdur.Azərbaycanda gedən proseslərə paralel olaraq dekabrın sonu, növbəti ilin əvvəlində manata basqıların artma ehtimalı çox yüksəkdir. Artıq qonşularda bu proses gedir. Türk lirəsi kifayət qədər dəyər itirib.Əvvəllər dollar qarşısında 1.40 lirəyə qədər möhkəmlənən TL, indi 3.80 lirəyə qədər dəyişilib.Rusiyada da eyni prosesi görürük.Neftin son zamanlar bahalşmasına baxmayaraq rublun məzənnəsində də zəifləmə müşayiət olunur.Əvvəllər 54 rubl 1 dollara qədər möhkəmlənmişdi, hazırda isə 58-59 rubl 100 dollardır.Yəni, neft bahalaşsa da, rubl da dəyərdən düşüb.Qonşularda gedən proseslər sonda mütləq Azərbaycana da təsir edir.Ona görə də hədəflərin necə olacağını indidən söyləmək çətindir.Təəssüf ki, Azərbaycanda iqtisadi qanunlardan çox inzibati tənzimləmə önə keçir.Amma dünyada dolların bahalaşması sürəti gələn ilin əvvəlində Azərbaycan manatına mütləq təsir göstərməyə başlayacaq”.
Natiq Cəfərlinin sözlərinə görə, dünya bazarında, o cümlədən, neftin qiymətləri ilə FED siyasəti arasında birbaşa korrelyasiya yoxdur:
“Uzun illərdir dünyada bir formul özünü doğruldub və həmişə işlək  olduğunu sübut edib. Son 50 ildə dollar ucuzlaşarkən neft bahalaşdığını, dolların çəkisi artdıqca da neftin ucuzlaşmasına şahid olmuşuq. Əgər doğrudan da FED-in siyasəti daha da sərtləşəcəksə və faizlərin artım tempi sürətlənəcəksə, bu, neftə neqativ təsir göstərəcək. FED institusional bir qurumdur.Toplantıda qərarlar səs verənlərin səs çoxluğu ilə qəbul olunur.FED  kollegial bir orqandır, buna görə də rəhbərinin kim olmasından asılı olmayaraq qarşısına qoyduğu hədəflərə çata biləcək. Hesab edirəm ki, FED rəhbəri kim olsa da sərt pul siyasəti davam edəcək. 2018-ci ildə 2-3 dəfə faiz artımının şahidi olacağıq”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …