Cümə axşamı , May 26 2022
Ana səhifə / İqtisadiyyat / Manat “üzən məzənnə”yə hazırlanır: Açıqlamaların kodları

Manat “üzən məzənnə”yə hazırlanır: Açıqlamaların kodları

Prezident İlham Əliyev ötən həftə yerli telekanallara müsahibəsində manatın məzənnəsi ilə bağlı məsələlərə aydınlıq gətirib. Prezident deyib ki, hökumət bir neçə il bundan əvvəl çox ağır addımın atılmasına məcbur olub: “Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik. Onsuz da bu addımın gecikməsi ona gətirib çıxarmışdı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”.

Xatırladaq ki, AMB sədri Elman Rüstəmov 2021-ci ilin yekunlarına dair brifinqdə jurnalistlərin suallarını cavablandırarkən, – “biz manatı zorla tutub saxlaya bilmərik, manatın məzənnəsini inzibati yolla tənzimləmək mümkün deyil”, – açıqlamasını vermişdi. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə manatın əvvəl-axır üzən məzənnə rejiminə keçiriləcəyini deyib. Onun sözlərinə görə, uzun illərdir ki, manatın məzənnəsi inzibati yolla qorunub saxlanılır: “Ölkə daxilində baş verənləri, inflyasiyanı, idxalı, ixracı, pulun dövriyyəsi ilə bağlı prosesləri görürük. Manat inzibati yolla saxlanılır və qorunub saxlanılması üçün də kifayət qədər ehtiyat var. Məzənnənin inzibati yolla qorunub saxlanılması nə qədər davam edəcək, 6 ay, bir il – bilinmir. Amma gec-tez sərbəst buraxılacaq və ”tam üzən məzənnə”yə keçiləcək”.

AMB-nin 2022-ci ildəki pul siyasətinə dair açıqlamasından görünür ki, Azərbaycan hökuməti ən azı 2022-ci ildə dollar-manat məzənnəsini sabit saxlamaqda qərarlıdır. Hər kəsə aydındır ki, hazırkı məzənnə real vəziyyətin formalaşdırdığı məzənnə deyil. Manatın real məzənnəsi nə qədərdir? Hansı valyutaların məzənnəyə təsiri daha böyükdür?

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, 2021-ci ildə Azərbaycanın qeyri-neft xarici ticarətində ən yüksək paya (təxminən 82 faiz) mailk 14 valyutaya münasibətdə manatın nominal məzənnəsi müxtəlif cür dəyişib: “Manatın məzənnəsinin ucuzlaşdığı valyutalar: gürcü larisi 6.7 faiz, Ukrayna qrivnası 4 faiz, Belarus rüblu 1,6 faiz, Çin yuanı 1,4 faiz. Manatın məzənnəsinin bahalandığı valyutalar: türk lirəsi 43 faiz, yapon yeni 10,4 faiz, Koreya vonu 8,3 faiz, avro 8,1 faiz, Braziliya realı 6,9 faiz, İsveçrə frankı 4.1 faiz, ingilis funtu 0,9 faiz, rus rublu 0.4 faiz. 2 valyutaya – ABŞ dolları və İran rialına münasibətdə isə manartın nominal məzənnəsi sabit qalıb.

2021-ci ildə (11 ayın nəticələrinə görə) Azərbaycan manatının qeyri-neft xarici ticarət səbətinə əsaslanan nominal və real effektiv məzənnəsinin formalaşmasında 50 faizlik pay 3 ölkənin valyutasına aiddir – rus rublu, türk lirəsi və Çin yuanı. Rəsmi statistikanın məlumatına görə, ötən il Azərbaycanın qeyri-neft xarici ticarətinin (qeyri-neft ixracı+idxal) tam yarısı bu 3 ölkənin payına düşüb. Bu 3 ölkəni nəzərə almasaq, Azərbaycanın qeyri-neft xarici ticarətində 1 faiz və daha çox payı olan ölkələrin sayı 13-dür: Almaniya, Ukrayna, ABŞ, İtaliya, İran, İsveçrə, Britaniya, Gürcüstan, Yaponiya, Fransa, Braziliya, C. Koreya və Belarus.  Bu ölkələrin isə Azərbaycanın qeyri-neft xarici ticarətində ümumi xüsusi çəkisi 32 faiz təşkil edir. Yəni manatın qeyri-neft effektiv məzənnələrinin formalaşmasında 32 faiz pay da 13 valyutaya məxsusdur (təbiii ki, hər birinin öz fərdi payına uyğun)”.

Azərbaycan hökuməti devalvasiyaya hansı halda gedə bilər? Ölkədə üzən məzənnə rejiminə keçid üçün şərtlər varmı? Ekspert qeyd edir ki, ölkədə devalvasiya qərarı siyasi qərardır: “Çünki məzənnə siyasətini iqtisadi proseslər deyil, hökumətin üzləşdiyi siyasi məcburiyyətlər diqtə edir. Nədir bu məcburiyyətlər? Hökumətin xərcləri üçün qazandığı cari neft pullarından daha çox ehtiyatları xərcləmək zərurətinin yaranması. Varmı belə zərurət? Hazırda yoxdur və qısa müddətdə (məsələn, yaxın 3 ayda) gözləmirəm. Amma yaxın 1 ildə belə zərurətin yaranmayacağını da kimsə deyə bilməz. Yəni nisbətən uzunmüddətli dövrdə risk həmişə var – xüsusən də dünya neft bazarlarında qiymətlərin kəskin enəcəyi, FED-in sərt pul-kredit siyasətinə keçəcəyi halda.

Üzən məzənnə milli valyutanın məzənnəsinin Mərkəzi Bankın müdaxiləsi olmadan bazarda tələb və təklif əsasında formalaşdıran valyuta rejimidir. Ölkənin maliyyə sistemini xarici şokların təsirindən yaranan volatillikdn qorumaq üçün ideal rejimdir. Lakin bir qayda olaraq bu rejimə keçid təbii resurs ölkələrində mümkün olmur. Əsas səbəb odur ki, valyuta təklifi əsasən bir mənbədən formalaşır – hökumətin neft gəlirlərindən. Ona görə də, məsələn, Rusiya son 7 ildə sərbəst üzən məzənnəyə deyil, tənzimlənən üzən məzənnə rejiminə keçə bilib. Yəni Mərkəzi Bank rublun əvvəldən hədəflənməyən məzənnəsinə müdaxilə hüququnu özündə saxlayır. Konkret dövrdə ölkənin maliyyə sistemi üçün məzənnənin ciddi risk formalaşdırdığını görürlərsə, müdaxilə edirlər. Hərçənd ki, Rusiya iqtisadiyyatı təbii resurslar üzərində qurulan keçid ölkələri içərisində ixracı və ÜDM-i ən yaxşı diversifikasiya olunmuş ölkədir. Məhz bu diversifikasiya ona tənzimlənən üzən məzənnə rejiminə keçməyə imkan verməyib”.

R.Ağayev qeyd edir ki, üzən məzənnəyə keçid üçün ölkədə maliyyə bazarları inkişaf etməlidir: “Valyutaya tələbi yalnız əmtəə və xidmətlərə tələb yox, həmçinin maliyyə bazarlarındakı əməliyyatlar da formalaşdırmalıdır. Bu baxımdan ölkədə qiymətli kağızlar və borc bazarının formalaşması çox önəmlidir. Bu bazarların formaşaması isə iqtisadiyyatda köklü institusional islahatlar tələb edir. Milli şirkətlər öz aktivlərini səhmləşdirərək fonda bazarına çıxmağa, qiymətli kağızlar bazarı vasitəsilə aktiv şəkildə borclanmağa və investisiya tələbatlarını bazarın vasitəçiliyilə ”sandıq dollarları” hesabına ödəməyə hazır olmalıdırlar. Xarici kapital qiymətli kağızlar bazarı vasitəsilə Azərbaycanda valyuta təklfini formalaşdıran əsas oyunçulardan biri olmalıdır. Bunun üçün ölkədə xarici investoru qoruyan hüquq və məhkəmə sistemi olmalıdır. Hökumət valyuta bazarını liberallaşdırmağa, kapitalın sərbəst hərəkətinə hazır olmalıdır. İldə 1 vətəndaşın 11 min dollar valyuta almasına, aldığı hər 100 dollara görə şəxsiyyət vəsiqəsi tələb olunmasına, ölkədən valyuta çıxışına ən sərt bürokratik mexanizmlərin tətbiqinə yaşıl işıq yandıran hökumət heç vaxt üzən məzənnəyə keçə bilməz. Azərbaycan indiki şərtlərdə ən yaxşı halda aralıq məzənnə rejimi seçə, tənzimlənən rejimə keçə bilər. Amma bunun üçün yuxarıdakı islahatlardan savayı başqa addımlar da atılmalıdır. Mərkəzi Bank inflyasiyanın hədəflənməsi ilə yanaşı, pul kütləsinin də hədəflənməsini təmin etməlidir həmin aralıq dövr üçün. Pul kütləsinin dinamikasına neft pulları vasitəsilə fiskal genişlənmənin təsiri minimuma endirilməlidir. Bunun üçün dövlət büdcəsinin Neft Fondundan asılılığı hazırkı 50 faizdən maksimum 20-25 faizə endirilməlidir. Mərkəzi Bank son dərəcə şəffaf idarəetmə rejiminə keçməli, tənzimlənən üzən məzənnə rejiminin şərtlərini dəqiq müəyyən etməklə yanaşı, bunu ictimaiyyət üçün açıq elan etməlidir. Türkiyədə olduğu kimi öz balansını hər ay ictimailəşdirməli, müdaxilələr və onların səbəbləri barədə ictimaiyyətə dəqiq məlumatlar açıqlamalıdır. Azərbaycandakı hazırkı idarəetmə şərtlərində belə bir Mərkəzi Bank mümkün deyil. Prezident Administarasiyasının təlimatı ilə çalışan, hər hansı müstəqillyi olmayan Mərkəzi Bank nəinki sərbəst, hətta tənzimlənən üzən məzənnə rejiminə keçə bilməz. Bir nəfərin bütün dövlət institutlarından qat-qat güclü və üstün səlahiyyətlərə malik olduğu siyasi sistemlərdə azad bazar və institutları mövcud olmur. Üzən məzənə rejimi isə azad bazarın əsas elementlərindən biridir”.

Üzən məzənnə rejimi ölkənin maliyyə sistemini volatillikdən qorumaq, valyuta ehtiyatlarını əriməkdən qaçırmaq üçün ideal rejim hesab edilir: “Lakin bunun üçün ölkə iqtisadi və siyasi sistemi yuxarıda sadaladığım şərtlər çərçivəsində hazırlıqsız olanda, əksinə, çox ciddi şoklarla üzləşir. Bu şoklar əsasən valyuta bazarındakı volatilliklə iqtisadiyyata daxil olur, inflyasiyanın, kapital qaçışının ölkənin baş bəlasına çevrilməsinə səbəb olur. Məsələn, hazırda bunun canlı nümunəsi Türkiyədir. Yüksək inflyasiya, xalis valyuta rezervlərinin mənfiyə düşməsi, investorların və ev təsərrüfatlarının güvənsizliyi”.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, hətta 2015-2016-cı illərdəki situasiya təkrarlansa belə, dövlət bir daha valyuta ehtiyaclarını məzənnənin saxlanılmasına xərcləməyəcək: “Qısa-sual cavablarla vəziyyətə baxaq: Bu gün devalvasiya üçün əsaslar varmı? Yoxdur, nə qədər ki, neft 80-85 dollar civarındadır, tədiyyə balansında böyük müsbət saldo var, devalvasiya təhlükəsi görünmür.

Hökumət uzun müddət bu məzənnə rejimini saxlaya biləcəkmi? Təbii ki, yox, elə 2005-2015, 10 illik sabit-inzibati məzənnə dövrü subut etdi ki, sabit məzənnə rejimini daim saxlamaq olmur, günün birində daha sərt məzənnə dəyişikliklərinə getmək məcburiyyəti yaranır.  Bu gün sabit məzənnə rejimindən imtina etmək üçün şərait varmı? Yoxdur, ölkənin indiki primitiv iqtisadi sistemi üzən məzənnə rejiminə keçmək üçün yararlı deyil. Üzən məzənnə üçün hər gün birjada yüzlərlə valyuta alıb-satan oyunçu lazımdır, bu gün isə ölkədə satıcı kimi bir oyunçu var (Neft Fondunun dollarını Mərkəzi Bank satır), alıcı kimi isə 26 Bank var – vəssalam. Belə primitiv modeldə üzən məzənnəyə keçid mümkün deyil”.

Bəs nə vaxt devalvasiya ola bilər? N.Cəfərli deyir ki, bu, siyasi qərarla olacaq: “Amma günün birində mütləq olacaq, sadəcə, indiki dövrdə ancaq neft qiymətlərindən asılı olan bir məsələdir. Manat ”kağız neftdir”, arxasında neftdən başqa heç nə dayanmır, nə zaman neftin qiyməti kəskin düşüb aylarla 50 dollardan aşağı olacaqsa, o zaman devalvasiya təhlükəsi yaranacaq. Devalvasiya ilə bağlı cəmiyyətdə səngiməyən söhbətlərin, təlaşın olmasının səbəbi nədir? Səbəb qonşularda olan məzənnə dəyişiklikləri, əsas da Türkiyədəki vəziyyət, bir də Mərkəzi Bankın yarıtmaz siyasətidir – Mərkəzi Bank qeyri-qanuni olaraq valyuta satışlarına məhdidiyyətlər qoyub ki, bu da ajiotajın yaranmasının əsas səbəblərindən biridir (qeyri-qanuni olaraq hər vətəndaşa ildə 11500 valyuta almaq limiti kimi)”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

“Maxi.az”-ın iqrçiliyi təbliğ edən reklamı…

PR mütəxəssisi Vüqar Babanın sözlərinə görə, 25 may bir sıra Afrika ölkələrində Avropa müstəmləkəçiliyindən azad …