Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Maliyyə Nazirliyindən açıqlama, deputatdan ittihamlara cavab

Maliyyə Nazirliyindən açıqlama, deputatdan ittihamlara cavab

Azərbaycanda manatın məzənnəsinin aşağı salınması ehtimalı yenidən gündəmin əsas mövzusuna çevrilib. Maliyyə naziri Samir Şərifovun manatın məhkəmlənməsinin iqtisadiyyata mənfi təsirləri barədə söylədiyi fikirlər və onun ətrafında gedən müzakirələr biznes dairələrində dərhal reaksiyalara səbəb olub. Belə ki, kreditlə mal satan bir çox şirkətlərdən müştərilərə mesajlar gəlməyə başlayıb ki, dekabrın sonunadək borclarını tamamilə bağlayacaqları təqdirdə ümumi məbləğdə ciddi güzəştlər əldə edəcəklər. Bu isə əhali arasında yeni devalvasiyanın olacağına dair rəyin daha da möhkəmlənməsinə səbəb olub.

Maliyyə Nazirliyi deputatı ittiham etdi

“Maliyyə naziri Samir Şərifovun dekabrın 4-də dövlət televiziyasına müsahibəsi zamanı manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlər tam aydın və başadüşüləndir və bu açıqlamanı devalvasiya anonsu kimi yozmaq ya düşünülmüş təxribatdır və ya diletant yanaşmadır”. Bunu isə bunu isə jurnalistlərə Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev deyib. O bildirib ki, deputat Vahid Əhmədov kimi təcrübəli siyasətçinin, Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü olan bir adamın 2019-cu ilin büdcə müzakirələrindən bir neçə gün sonra maliyyə nazirinin manatın möhkəmlənməsi ilə bağlı səsləndirdiyi fikirlərə ziddiyyətli və təxribat xarakterli münasibət bildirməsi yalnız təəssüf doğurur: “Nazir çıxışı zamanı bildirib ki, manatın məzənnəsinin kəskin, ifrat möhkəmlənməsi daxili istehsalçıların fəaliyyətinə mənfi təsir göstərir, idxal üçün cəlbedici vəziyyət yaradır ki, bu da Azərbaycan dövlətinin marağında deyil. Məhz buna görə də son illərdə Azərbaycan prezidentinin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü iqtisadi islahatların tərkib hissəsi kimi yeni Büdcə Qaydası qəbul edilib ki, bu qayda ilə neft sektorundan xarici valyutada daxilolmaların dövlət tərəfindən dövlət büdcəsində müəyyən edilən çərçivədə daxili valyuta bazarında satışı tənzimlənsin. Çünki neft daxilolmalarının artıqlığı zamanı onların daha çox istifadəsi manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiq yaradır. Bu isə maliyyə nazirinin qeyd etdiyi kimi, ixraca mənfi təsir edir, idxalın isə artmasına səbəb olur ki, bu da milli istehsal üçün, o cümlədən ixracla məşğul olanlar üçün faydalı deyil. Ona görə də bu mənfi təsirləri aradan qaldırmaq üçün dövlət büdcəsinin xərcləri qeyd olunan münbit çərçivədə saxlanılmalıdır”.

Vahid Əhmədov ile ilgili görsel sonucu

Vahid Əhmədovdan reaksiya

V.Əhmədov isə bakupost.az-a bildirib ki, maliyyə nazirinin fikrinə də hörmətlə və müsbət yanaşır: “Mənim isə analizim o olub ki, bu gün ümumiyyətlə, Azərbaycanda devalivasiyaya ehtiyac yoxdur”.

Millət vəkili deyib ki, neftin qiyməti yüksəkdir, idxal-ixrac əməliyyatlarında müsbət saldo var, pul kütləsinə də Mərkəzi Bank tərəfindən nəzarət edilir: “Bunlara əsaslanaraq devalivasiyaya ehtiyac olmadığını demişəm. Bu açıqlamanı ona görə vermişəm ki, cəmiyyətdə sakitlik yaransın ki, devalvasiya olmayacaq. Çünki insanlar bankdan vəsaitləri çıxara bilərlər. Bu açıqlamada başqa məqsəd yoxdur”. V.Əhmədov maliyyə naziri S.Şərifovla münasibətlərinin normal olduğunu da vurğulayıb.

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynov ile ilgili görsel sonucu

YAP üzvü də polemikaya qoşuldu

Vahid Əhmədovun şərhi eyni komitənin və hakim Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Aydın Hüseynovun da etirazına səbəb olub: “Azərbaycanda manatın devalvasiyasından söhbət gedə bilməz. Milli valyutanın məzənnəsinin sabitliyi qorunub-saxlanılacaq, hətta möhkəmləndirilməsi istiqamətində addımlar atılacaq”.

O, qeyd edib ki, manatın məzənnəsinin enməsinin iqtisadi əsası yoxdur: “Əsas məqdəsimiz Azərbaycanda qeyri-neft sektorunun inkişafını, qeyri-neft ixracının artırılmasını stimullaşdırmaqdır. Bu ilin 10 ayında qeyri-neft ixracı 12 faiz, ümumi ixrac isə 37 faiz artıb. İxrac potensialının yüksəlməsi makroiqtisadi sabitliyə, manatın məzənnəsinə müsbət təsir göstərir. Bundan başqa, xarici ticarət dövriyyəsində müsbət saldo Azərbaycanın valyuta ehtiyatlarının artmasına səbəb olub. Maliyyə naziri Samir Şərifov deyib ki, manatın məzənnəsinin möhkəmlənməsi idxalın artmasına səbəb olur. Bu da Azərbaycanı cəlbedici ölkəyə çevirir. Ona görə də biz bir sıra məsələlərin həllinə çalışmalıyıq. O bildirib ki, aparılan siyasətin prioritet istiqaməti məhz makroiqtisadi balansın qorunub-saxlanması, eyni zamanda iqtisadi artım üçün lazım olan təkanların verilməsi üzərində qurulub. Nazirin bu fikri yanlış mülahizələrə yol açıb, düzgün təhlil edilməyib”.

Deputatın fikrincə, S.Şərifovun fikirləri qlobal iqtisadiyyata, Azərbaycanda və dünyada gedən iqtisadi proseslərə və təcrübələrə söykənir: “Yəni əslində fikir ondan ibarətdir ki, manatın məzənnəsi daha da möhkəmlənir və məzənnəsinin möhkəmləndiyi ərəfədə ixracın stimullaşdırılmasıdır. Burada söhbət manatın məzənnəsinin enməsindən getmir. Bəzi ekspertlər və deputat Vahid Əhmədovun təhlili yanlışdır, süni maliyyə gərginliyi yaratmağa hesablanıb. Milli Məclis 2019-cu ilin dövlət büdcəsi qəbul edilib. Büdcədə bununla bağlı risklər nəzərə alınıb”.

İqtisadçı-ekspert Pərviz Heydərov ile ilgili görsel sonucu

Ekspert: “Manatın dəyərsizləşməsi hökumətə qətiyyən sərf etmir”

İqtisadçı-ekspert Pərviz Heydərov  isə hesab edir ki, maliyyə nazirinin açıqlaması növbəti devalvasiya xəbərdarlığı demək deyil: “Əvvəla, bundan sonra rəsmi şəkildə bəyan edilməklə, heç bir devalvasiya hadisəsi baş verəsi deyil. 2016-cı ildən bu məsələ valyuta bazarının öhdəsinə buraxılıb. Cəmi 2 dəfə rəsmi olaraq elan edilməklə, manatın devalvasiyası baş verib ki, bu da 2015-ci ilin fevral və dekabr aylarında olub. Sonrakı, yəni 2016-cı il ərzində isə 15 faizlik devalvasiya qeydə alındı ki, bu, tədricən baş verdi. Odur ki, qarşıdakı zamanda da nə vaxtsa yenidən rəsmi olaraq elan edilməklə manatın ABŞ dolları qarşısında filan qədər ucuzlaşdığını eşitmək mümkün olmayacaq. Manatın hər hansı bir formada və səviyyədə devalvasiyası baş verəcəksə, bunu Azırbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi məlum ənənəvi valyuta hərraclarının nəticəsində biləcəyik.  Bu hərraca valyuta çıxaran isə dünən olduğu kimi, bu gün də hələlik yalnız Dövlət Neft Fondudur. Yəni ölkəyə xarici valyuta gətirən başqa şirkətlərimiz yoxdur. Söhbət daxili valyuta bazarında manata mübadilə etmək üçün xarici valyuta çıxara biləcək şirkətlərdən gedir. Buna nail olmaq üçün hələ uzun vaxt tələb olunur. Ona görə də S.Şərifov xatırladıb ki, xarici məhsullar ixrac üçün daha az rəqabətə davamlı olur və digər tərəfdən, yerli istehsalçılar daxili bazarda da rəqabətdə uduzmağa başlayırlar, o səbəbdən ki, idxal malları ucuz xarakter daşıyır”.

Ekspertin fikrincə, manat dollara görə ucuz olduğu müddətdə idxal stimullaşmış olacaq: “Çünki mövcud ixrac gücümüz bu vəziyyəti aradan qaldırmağa imkan vermir. Bu şəraitdə əlinə pul keçən sahibkar istehsal qurmağa deyil, ucuz idxal malını gətirib satıb qısa müddətdə gəlir əldə etməyə yönəldəcək. İxrac etdiyimiz məhsullar sırasında xam neft 95-98  faiz təşkil edir. Tutarlı qeyri-neft məhsulumuz yoxdur. Bu sahədə çox işlər görülür. Amma hələ vaxt lazımdır. Manatımızın dəyəri neftin ixrac qiymətindən asılıdır. Bu asılılıq hələ ən azı 2024-2025-ci illərədək davam edəcək”.

P.Heydərov deyir ki, manatın dəyərsizləşməsi hökumətə qətiyyən sərf etmir: “Çünki bu, ardınca ciddi problemlər yaradacaq. Hökumət məcbur olacaq ki, sosial xərcləri qarşılamaq üçün büdcədən əlavə vəsaitlər ayırsın. Bu isə aparılan iqtisadi siyasətin həyata keçirilməsinə, nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına imkan verməyəcək.  Buna görə də hansısa hökumət nümayəndəsinin manatın möhkəmlənməsindən şikayətlənməsi hələ onun ucuzlaşdırılması demək deyil. Bildiyiniz kimi, Azərbaycanda manatın məzənnəsi ”qarmaq”da saxlanılır. O “qarmaq” o zaman çəkilə bilər ki, neftin qiyməti 50 dollara düşsün. Bu halda müəyyən qədər ucuzlaşmaya imkan verilə bilər. Kəskin ucuzlaşma isə qiymətlər 40 dollardan aşağı düşərsə mümkündür. Qeyd edim ki, ən azı 2019-cu ildə bu iki variantdan heç birinin baş verməsi real deyil. Çünki ən bədbin proqnozlarda belə növbəti ildə neftin qiymətinin 50 dollardan yuxarı olacağı qeyd olunur. Bundan aşağı düşməsi üçün şərtlər görünmür. 2020-ci ildən isə Azərbaycana qaz ixracından da valyuta daxil olmağa başlayacaq”.

Qeyd edək ki, noyabr ayından ölkədə dollara olan tələbat yenidən artmağa başlayıb. Belə ki, noyabr ayı ərzində Dövlət Neft Fondu valyuta hərraclarında 654,1 milyon dollar məbləğində vəsait satılıb. Bu, oktyabr ayında satılmış 489,6 milyon dollardan 33,6 faiz çox valyutanın satılması deməkdir.

Beləliklə də bu ilin 11 ayında ümumilikdə Fond tərəfindən hərraclarda satılan dolların həcmi 5 milyard 783,3 milyon dollar təşkil edib. Xatırladaq ki, 2017-ci ildə hərraclarda cəmi 3 milyard 597,8 milyon dollar satılmışdı… (Musavat.com)

Həmçinin oxuyun

Naxçıvanın Maliyyə Nazirliyi səlahiyyət həddini aşdı, qanunu pozdu, Səlahiyyətli Nümayəndəlik isə… – FOTO

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində satınalma predmetini satın alan dövlət orqanları, büdcədənkənar dövlət fondları, dövlət …