Şənbə , Yanvar 29 2022
Ana səhifə / İqtisadiyyat / Maliyyə və əmlak amnistiyası: İqtisadiyyata nə qazandıra bilər?

Maliyyə və əmlak amnistiyası: İqtisadiyyata nə qazandıra bilər?

Son 30 ildə maliyyə amnistiyalarına tez-tez rast gəlinir və bu sahədə müxtəlif ölkələri əhatə edən zəngin təcrübə mövcuddur.

Belə ki, ABŞ, Meksika və Kanada, Belçika, Fransa, Almaniya, İtaliya, Türkiyə kimi ölkələrlə yanaşı, Rusiya, Qazaxıstan və Gürcüstanda da maliyyə amnistiyaları həyata keçirilib.

Pandemiyanın dünya iqtisadiyyatında, o cümlədən Azərbaycan iqtisadiyyatında yaratdığı problemlərin həlli, dondurulmuş iqtisadiyyatın bərpası üçün çox böyük həcmdə investisiyaya ehtiyac var. Artıq dünyanın müxtəlif ölkələrində iqtisadiyyata maliyyə vəsaitlərinin cəlb edilməsi üçün axtarışlar aparılır, danışıqlar gedir və koronavirusla bağlı vaksinasiyanın kütləviləşməsindən, bu problemin həllini tapmasından sonra iqtisadiyyatın sürətli bərpa mərhələsi başlayacaq.

Ekspertlərin fikrincə, dünya iqtisadiyyatında münbit şərait bərpa olunduqdan sonra maliyyə və əmlak amnistiyasının tətbiqinə ehtiyac var. Hətta Maliyyə Nazirliyi açıqlamışdı ki, kapital və əmlakın amnistiyası kimi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur ki, bu da “kölgə iqtisadiyyatı” ilə mübarizənin davam etdirilməsində və ədalətli rəqabət mühitinin dəstəklənməsində mühüm rol oynayacaq.

Maraqlıdır, mütəxəssislər ölkədə maliyyə amnistiyasının tətbiqini necə dəyərləndirirlər?

İqtisadçı-ekspert Pərviz Heydərov Cebhe.info-ya bildirdi ki, pandemiyadan sonra hazırki ölkə iqtisadiyyatı demək olar ki, artıq tam bərpa olunmuş sayılır:

“Çünki cari ilin əvvəlində biz iqtisadi tənəzzüllə başladıq. Ötən ili 4,3 faiz tənəzzüllə başa vurduq, ancaq cari ilin birinci rübündə bu proses davam edirdi. Ancaq may ayının əvvəlində bu tənəzzül dayandı və cüzi artım müşahidə olunmağa başladı.

Bu proses o qədər sürətlə start götürdü ki, biz artıq hazırda ötən ilki iqtisadi tənəzzülü bərpa etmiş bir vəziyyətdəyik və ilin sonuna bizim iqtisadi göstərici ÜDM istehsalı üzrə ötən ilkindən yüksək olacaq. Yəni biz bu ili 4 faizdən yuxarı iqtisadi artımla yekunlaşdıracağıq. Növbəti ildə isə bu tendensiyanın davam edəcəyi gözlənilir. Əgər pandemiya ilə əlaqədar qeyri-adi nəsə baş verməsə, ölkəmiz bu iqtisadi yüksəlişi davam etdirəcək”.

Ekspert maliyyə amnistiyasının bilavasitə pandemiya şəraiti və ondan sonrakı, iqtisadiyyatın bərpa olunması dövrü ilə əlaqələndirilməsini düzgün hesab etmədiyini deyir:

“Çünki maliyyə amnistiyası məsələsi şəffaflıqla bağlı bir məsələdir və bu, pandemiyadan əvvəl də müzakirə mövzusu idi. İndi də bu məsələyə baxıla bilər. Ümumiyyətlə, maliyyə amnistiyası məsələsinə ölkədə gizli kapitalın, sərbəst maliyyə vəsaitlərinin üzə çıxarılmasının əhəmiyyətini nəzərə alaraq baxmaq olar”.

Ekspertin fikrincə, iqtisadiyyatın bərpa olunması üçün sərmayə, işgüzar fəallıq, dövlətin sahibkarlığın inkişafı üçün iqtisadi aktivliyin daha sürətli bərpası ilə bağlı müvafiq dəstəyi lazımdır:

“Maliyyə amnistiyası isə qeyri-leqal yolla müəyyən kapital toplamış bir qrup dairənin vəsaitinə qanuni don geyindirir, yəni onu leqallaşdırırsan. Məqsəd o vəsaiti iqtisadiyyata cəlb etmək, sərmayə qoyuluşuna nail olmaqdır. Bu, hər bir dövr üçün aktual bir məsələdir. Daha bir müsbət cəhəti ondan ibarətdir ki, gələcəkdə artıq qeyri-leqal vəsaitlər əldə etmiş dairələrin buna heç bir marağı qalmır.

Həmin dairə özünü hökumət qarşısında sərbəst hiss edir, öz vəsaitləri əgər ölkədən kənardadırsa, daxili iqtisadiyyata cəlb etmək üçün gətirə bilər, həm də ölkə daxilindədirsə müəyyən biznes məqsədləri üçün istifadə edə bilərlər. Məhz böyük maliyyə vəsaitinə malik qruplar nəinki Azərbaycanda, dünyanın bir çox ölkələrində mövcuddur. Həmin ölkələrdə də maliyyə amnistiyası aktual xarakter daşıyır”.

Həmçinin oxuyun

“Ərzaq məhsullarının qiymətinin artımı davam edəcək”

“Neftin qiymətinin bahalaşması Azərbaycana, əlbəttə ki, sərf edir, çünki dövlət büdcəsinə əlavə vəsaitlər daxil olur. …