Ana səhifə / İqtisadiyyat / Maliyyə amnistiyası niyə düyünə düşüb? – ŞƏRH
Financial accounting stock market graphs analysis

Maliyyə amnistiyası niyə düyünə düşüb? – ŞƏRH

Koronavirus pandemiyasının yaratdığı iqtisadi böhranın təsirlərindən tez çıxmaq, ölkə iqtisadiyyatını mümkün qədər qısa müddətdə bərpa etmək üçün Azərbaycana böyük investisiyaların cəlb olunması zərurətə çevrilib. Ölkə rəhbərliyi bu istiqamətdə ciddi addımların atılmasını planlaşdırır.

Bundan əlavə, Prezident İlham Əliyev həm Azərbaycanda, həm də Azərbaycandan kənarda biznes fəaliyyəti ilə məşğul olan sahibkarlara, iş adamlarına müraciət edərək onları ölkə iqtisadiyyatına investisiya qoymağa çağırıb. Prezidentin fərmanı ilə yaradılan İqtisadi Şuranın qarşısına qoyulan əsas vəzifələrdən biri məhz investisiya mühitini radikal yaxşılaşdırmaqdır.

Düzdür, bu ilin ötən dövrü ərzində Azərbaycana birbaşa xarici investisiyaların həcmində ciddi artım qeydə alınıb. Mərkəzi Bankın açıqladığı məlumata görə, 2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana xaricdən 2,1 milyard dollar həcmində birbaşa investisiyalar cəlb olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz çoxdur. Lakin bu investisiyaların tərkibində neft-qaz sektoruna yatırılanlar əsas paya malikdir. Belə ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 84,4 faiz təşkil edib.

2020-ci ilin 6 ayında tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (-65,6 milyon dollar) azalması cəlb olunmuş investisiya ilə (1,8 milyard dollar) kapitalın repatriasiyası (1,8 milyard dollar) arasındakı fərqdən formalaşıb. Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 328,6 milyon dollar olub.

Lakin rəsmi rəqəmlər göstərir ki, bu ilin birinci yarısında ölkədən kənara çıxarılan vəsaitlərin həcmində də kəskin artım baş verib. Belə ki, yanvar-iyun aylarında Azərbaycandan kapital axınının həcmi 1,8 milyard dollar təşkil edib. Bu göstərici isə ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 faiz çoxdur. Ölkədən uçota alınması mümkün olmayan valyuta çıxışı 599 milyon dollar olub.

Bu ilin yanvar-avqust ayları ərzində əhali tərəfindən Azərbaycandan Gürcüstana 29,9 milyon dollar həcmində pul köçürmələri həyata keçirilib ki, bu da illik ifadədə 2,2 dəfə çoxdur. Gürcüstan Milli Bankının hesabatına əsasən ötən ilin ilk 8 ayında Azərbaycandan Gürcüstana pul köçürmələri 13,9 milyon dollar təşkil etmişdi.

Əhalinin Türkiyəyə yatırımlarında da ciddi artım var. Türkiyənin Statistika İdarəsinin məlumatına görə, bu ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 154 mənzil alıb. Bu, ötən ilin avqust ayı ilə müqayisədə 66 mənzil və yaxud 75 faiz çoxdur.

Göründüyü kimi, hökumət yerli və xarici investorları ölkəyə cəlb etmək üçün addımlar atdığı bir vaxtda Azərbaycandan xaricə külli miqdarda vəsaitlər çıxarılır. İrihəcmli neft gəlirlərinin axını ilə eyni vaxtda başlayan bu prosesin qarşısını illərdir ki, almaq mümkün olmur. Məmur biznesinin mövcudluğu şəraitində Azərbaycanda müxtəlif qanunsuz yollarla əldə olunan milyardlarla manat vəsait ötən illər ərzində xarici ölkələrə daşınıb. Son illərdə hətta vəzifədə olan məmurların belə xarici ölkələrdə böyük biznes fəaliyyətləri aşkarlanır.

Pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirlərinin getdikcə artması gözlənilir. Dünya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlanın hesablamalarına əsasən ilin sonuna Azərbaycanda ümumi daxili məhsulun həcmində 4-5 faiz arasında azalma qeydə alınacaq. Bu şəraitdə ölkə iqtisadiyyatının çox kəskin ehtiyac duyduğu investisiyaların elə Azərbaycandan kənara çıxarılmış vəsaitlərin geri qaytarılması yolu ilə əldə olunması mümkün hesab olunur. Bu fikirdə olan ekspertlər hesab edirlər ki, ən qısa müddətdə Azərbaycanda maliyyə amnistiyası tətbiq olunmalı, daha sonra dövlət xərcləmələri üzərində sərt nəzarət yaradılmalıdır ki, ictimai vəsaitlərin əldə olunaraq xaricə çıxarılmasının qarşısı alınsın.

Qeyd edək ki, pandemiyanın təsirlərinin yumşaldılması tədbirləri hazırlanarkən hökumət kapital amnistiyasının hazırlanması istiqamətində də müəyyən addımlar atacağını elan etmişdi. Lakin 5 aydan çox vaxt keçsə də, bu sahədə hər hansı addımın atılması müşahidə olunmur. Hökumət maliyyə amnistiyasına niyə getmir? Hansı amillər bu addımın atılmasına imkan vermir?

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

İqtisadçı-ekspert Natiq Cəfərlinin dediyinə görə, maliyyə amnistiyası hakimiyyətdə olan qrup tərəfindən elan olunduqda effektsiz olur: “Ona görə ki, onun şərtlərinə heç kim etibar etmir. Məsələn, 2016-cı ildə Rusiya hakimiyyəti maliyyə amnistiyası elan etdi, ondan heç kim istifadə etmədi. Çünki etimad yoxuydu ki, bəyan olunan vəsaitləri tutub əllərindən almayacaqlar. Nəticədə cəmi 40 milyard rubl – 500-600 milyon dollar bəyanetmə baş verdi. Bu isə Rusiya kimi dövlət üçün, trilyonlarla dövriyyəsi olan iqtisadiyyat üçün çox cüzi bir məbləğdir. Buna görə də Azərbaycanda maliyyə amnistiyasında uğurlu nəticə əldə etmək üçün siyasi və maliyyə etimadı yaradacaq şərtləri olmalıdır. Bunun da iki yolu var: ya koalisyon hökumət formalaşdırılır və amnistiyanı onun verdiyi zəmanətlərlə elan edirlər. Yaxud da yeni seçkilərlə xalqın, biznesin etimadını qazanan parlament formalaşdırılır və vəsaitini üzə çıxaranlara həmin parlament tərəfindən zəmanət verilir. İndiki halda, mövcud şərtlərlə maliyyə amnistiyası elan olunsa belə, heç bir effekt əldə olunmayacaq”.

Ekspertə görə, maliyyə amnistiyası iqtisadiyyatın investisiya ehtiyaclarını qarşılamaq üçün son dərəcə vacib tədbirdir: “İqtisadi-sosial islahatların yeni çərçivəsinin müəyyənləşməsi, iqtisadiyyatda qeydə alınan böhranın aradan qaldırılması üçün ehtiyac duyulan vəsaitləri real və effektiv maliyyə amnistiyası ilə əldə etmək mümkündür. Belə amnistiya ölkədə yeni iqtisadi modelə keçilməsi üçün son dərəcə zəruridir. Hesab edirəm ki, ölkədə yeni və sağlam iqtisadi münasibətlərə keçid bu amnistiyadan başlaya bilər”.

https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/67/V%C3%BCqar_Bayramov.jpg/800px-V%C3%BCqar_Bayramov.jpg

Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və energetika komitəsini üzvü Vüqar Bayramov hesab edir ki, Azərbaycanda maliyyə amnistiyası zəruridir: “Düşünürük ki, kapitala amnistiya ilə bağlı müzakirələrin davam etdirilməsi lazımdır. Bu, həm xaricdəki vəsaitlərin ölkəyə cəlb edilməsinə, eləcə də ölkə daxilində passiv olan kapitalın aktiv şəkildə iqtisadiyyata investisiya edilməsinə gətirib çıxarar. Bu baxımdan, maliyyə amnistiyası ilə bağlı sənədin hazırlanması və təsdiqlənməsi məqsədəuyğun olardı. Güman edirik ki, bu, ölkə iqtisadiyyatına investisiya qoyuluşlarının artmasına gətirib çıxara bilər”.

V.Bayramovun sözlərinə görə, Azərbaycanda pandemiyadan zərərçəkən sahibkarlara dövlət müxtəlif dəstək mexanizmləri işə salıb: “Əmək haqqı ödənişlərinə yardım edildi. Bundan əlavə, vergi və sosial ödənişlərdə güzəştlər tətbiq olundu. Vergi güzəştlərinin miqyası baxımından Azərbaycan postsosialist ölkələri arasında ən çox güzəşt verənlərdən biri oldu. Bunun özü də imkan verəcək ki, postpandemiya dövründə sahibkarlıq subyektləri fəaliyyətlərini daha sürətlə bərpa edə bilsinlər. Düşünürük ki, bunlarla yanaşı, qeyri-leqal iqtisadiyyatın həcminin azaldılması istiqamətində də addımlar davam etdirilməlidir. Həm iqtisadiyyatın leqallaşdırılması, həm kapitala amnistiya verilməsi fonunda maliyyə amnistiyasının da tətbiq olunması sərmayə qoyuluşlarının artmasına gətirib çıxara bilər. Postpandemiya dövründə xüsusilə qeyri-neft sektoru üçün sərmayə qoyuluşları çox vacibdir. Bu baxımdan, kapital amnistiyası qeyri-neft sektoru üçün irihəcmli sərmayə kanalı yaratmış olar. Buna görə də biz maliyyə amnistiyasının verilməsinin tərəfdarıyıq. Hesab edirik ki, belə amnistiya hazırda passiv olan böyük miqdarda vəsaitin aktiv şəkildə ölkə iqtisadiyyatına yatırılmasına səbəb ola bilər”. Musavat.com

Həmçinin oxuyun

Manata təhlükə varmı? – ŞƏRH

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot faiz dərəcəsini sabit saxlayıb. Bu barədə faiz dəhlizinin parametrlərinə dair …