Ana səhifə / İqtisadiyyat / “Mal aylarla, illərlə gömrükdə qala bilməz“

“Mal aylarla, illərlə gömrükdə qala bilməz“

Azərbaycanda malların gömrük dəyərinin müəyyən edilməsi qaydaları sadələşdiriləcək. Bununla bağlı “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı layihə Milli Məclisə təqdim olunub və artıq birinci oxunuşdan keçib.

Layihəyə görə, malların gömrük dəyərinin müəyyən edilməsi sadə, ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov “Turan”a bildirib ki, hazırda gömrükdə tariflərin düzgün müəyyənləşdirilməməsi ən ciddi problemlərdən biridir.

Onun sözlərinə görə, qanuna dəyişikliyinin əsas məqsədi gömrük dəyərinin düzgün müəyyənləşdirilməsi və gömrük mallarının vaxtlı-vaxtında buraxılmasıdır: 

“Gömrük dəyərinin müəyyənləşdirilməsi ilə əlaqədar şəffaflığın təmin edilməsi əsas məsələlərdən biridir. Həm də gömrük qaydaları Nazirlər Kabineti tərəfindən təsdiq edilib. O qaydalara da müəyyən dəyişikliklər təmin ediləcək. Mal gətirən şəxs verdiyi bəyannaməyə artıq bir gün ərzində cavab alacaq. Artıq aylarla, illərlə mal gömrükdə qala bilməz”.

O qeyd edib ki, malların dəyərinin düzgün müəyyənləşməsindən çox şey asılıdır: “Ona əsasən vergilər müəyyən edilir”.

Həmçinin oxuyun

“Kredit faizləri artacaq” – EKSPERT

“Depozit faizlərini artırırlarsa, biz bunun geridönüşünü kredit faizlərinin artması ilə müşahidə edəcəyik”. Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert …