Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankla Neft Fondu birləşdirilsinmi? – ŞƏRH

Mərkəzi Bankla Neft Fondu birləşdirilsinmi? – ŞƏRH

Azərbaycanda həyata keçirilən struktur islahatları çərçivəsində reallaşdırılması gözlənilən dəyişiklik kimi Dövlət Neft Fondunun Mərkəzi Banka birləşdirilməsi qeyd olunur. Ötən günlərdə hətta mətbuatda Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun istefa ərizəsi yazdığı və kollektivlə vidalaşdığına dair məlumat da yayılmışdı.

E.Rüstəmov dünən keçirdiyi mətbuat konfransında bu məlumata münasibətini bildirib: “Mən bu gün qarşınızda Mərkəzi Bankın sədri kimi çıxış edirəm. Bu postdayam, öz fəaliyyətimi davam etdirirəm. Media nümayəndələrinə məsləhətim odur ki, belə xarakterli informasiyaları həmişə rəsmi mənbələrdən götürsünlər”.

Lakin maraqlıdır ki, bu məsələ ilə bağlı sosial şəbəkələrdə də müzakirələr aparılmaqdadır. Bir sıra ekspertlər Neft Fondu ilə Mərkəzi Bankın birləşdirilməsini səmərəsiz hesab etsələr də, digər qrup belə təcrübənin bir sıra ölkələrdə effektiv şəkildə tətbiq olunduğunu deyirlər. Belə ölkələr qismində isə Norveç və Qazaxıstanın adı daha çox hallanır. Hər iki ölkədə gəlir fondları Mərkəzi Bankın tabeliyində fəaliyyət göstərir. Hər iki ölkədə belə fondların səmərəli fəaliyyəti diqqəti cəlb edir.

Sabiq maliyyə naziri, maliyyəçi-professor Saleh Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, hazırda dövlət aparatının ixtisarı günün ən vacib tələblərindəndir: “Xüsusilə elektronlaşmanın yüksək səviyyəyə çatdığı indiki zamanda dövlət aparatının ixtisarı, kompaktlaşdırma zərurətə çevrilib. Bizdə bir prinsip formalaşıb ki, dövlət qurumlarını ayrı-ayrı şəxslərə görə qururlar. Bu, səmərəli bir yol deyil. Reallıqda kadrlar sistemə uyğunlaşdırılmalıdır, sistem kadrlara görə yox. Bu baxımdan son dəyişiklikləri alqışlayıram, hesab edirəm ki, davamlı olmalıdır. Dünyanın heç bir ölkəsində vergini, gömrük rüsumunu yığan qurum müstəqil nazirlik, komitə şəklində fəaliyyət göstərmir. Biz də müasir dünyayla ayaqlaşmalı, dövlət idarəetmə aparatını mümkün qədər çevik formaya gətirməliyik”.

S.Məmmədov hesab edir ki, ARDNF-in Mərkəzi Bankla birləşdirilməsi vacib məsələdir: “Hər iki qurum Azərbaycanın dövlət rezervlərini idarə edir. Bu idarəetməni vahid mərkəzdən həyata keçirmək daha məqsədəuyğun olar. Dünyada belə təcrübələr, özü də uğurlu təcrübələr çoxdur. Məsələn, Sinqapurda 900 milyard dollarlıq maliyyə aktivlərinin idarə olunmasını bir departament həyata keçirir. Bizdə isə 50 milyard dollara çatan aktivlərin idarə olunması ilə iki böyük qurum məşğul olur. Hər ikisinin rəhbərliyinə, işçilərinə, binasına, saxlanmasına nə qədər vəsait sərf olunur. Həm bu baxımdan, həm də daha səmərəli idarəetmə mexanizmi formalaşdırmaq baxımından Neft Fondunun Mərkəzi Bankla birləşdirilməsi düzgün addım olar”.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …