Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankın bu qərarı ölkədə iqtisadi aktivliyi azaldacaq

Mərkəzi Bankın bu qərarı ölkədə iqtisadi aktivliyi azaldacaq

2023-cü ilin əvvəli banklar və əmanət sahibləri üçün heç də yaxşı start hesab olunmur. Belə ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 28 dekabr 2022-ci il tarixli qərarı ilə məcburi ehtiyat normalarnı artırılıb. Qurum bəyan edir ki, pul təklifinin daha effektiv tənzimlənməsi, faiz dəhlizinin maliyyə sistemindəki faizlərə təsirinin gücləndirilməsi, bank sistemində likvidliyin təmərküzləşməsinin məhdudlaşdırılması, habelə de-dollarlaşma meyillərinin stimullaşdırılması üçün məcburi ehtiyat normalarına və onun diferensiallaşdırılmasına yenidən baxmaq zərurəti yarandığına görə bu addımı atıb.

Mərkəzi Bankın qərarına əsasən bu ayın 1-dən banklar

– milli valyutada cəlb edilmiş fiziki şəxslərin və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin (bundan sonra – fərdi sahibkarlar) depozitləri üzrə 5 faiz;

– xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6 faiz;

Milli valyutada hüquqi şəxslərin depozitləri üzrə:

– milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 1 milyard manata qədər olan hissəsi üzrə 5 faiz;

– milli valyutada hüquqi şəxslərin depozitlərinin 1 milyard manatı üstələyən hissəsi üzrə 10 faiz;

Xarici valyutada hüquqi şəxslərin depozitləri üzrə:

– xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 750 milyon manat ekvivalentinə qədər olan hissəsi üzrə 6 faiz;

– xarici valyutada hüquqi şəxslərin depozitlərinin 750 milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12 faiz;

– qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5 faiz.

Qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər və beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat normaları dəyişməz olaraq sıfır səviyyəsində saxlanılıb.

Mərkəzi Bankın qiymətləndirmələrinə görə, məcburi ehtiyatlarla bağlı qeyd olunan dəyişikliklər bank sektoru üzrə manatla və xarici valyutada öhdəliklərin maya dəyərinə orta hesabla müvafiq olaraq cəmisi 0,16 faiz və 0,01 faiz artırıcı təsir göstərir.

Qurum qərara alıb ki, bu aydan bütün banklar məcburi ehtiyatları yeni normalara uyğun hesablamalı və növbəti saxlama dövründən (yəni 2023-cü ilin 15 fevral tarixindən) başlayaraq məcburi ehtiyatları yeni normalara uyğun saxlamalıdırlar.

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişikliklər və yeni məcburi ehtiyat normaları barədə banklar müvafiq qaydada məlumatlandırılıb.

Qeyd edək ki, məcburi ehtiyatlar əmanət qəbul edən bankların bu əmanətlərə əvəz olaraq Mərkəzi Bankda saxlamaq məcburiyyətində olduqları əmanətlərin nisbətidir və bu nisbət Mərkəz Bank tərəfindən müəyyən edilir.

Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Məsələn, bir fərd kommersiya bankına 1000 manat məbləğində əmanət qoyur və məcburi ehtiyat norması 5 faizdir. Bu halda kommersiya bankı cəlb etdiyi məbləğin 5 faizini, yəni 50 manatını Mərkəzi Bankda saxlamalıdır. Nəticədə kommersiya bankı cəlb etdiyi 1000 manatlıq əmanətin hamısını deyil, 950 manatını kredit resursu kimi istifadə edə bilər. Mərkəzi Bank məcburi ehtiyat normasını qaldırdığı təqdirdə kommersiya bankı cəlb etdiyi əmanətin daha az hissəsini kredit kimi verə bilir.

Məcburi ehtiyatlar depozitlərin valyutasında (manat və xarici valyuta) Mərkəzi Bankda bankın müvafiq müxbir hesablarında saxlanılır. Mərkəzi Bank bu ehtiyatların saxlanılması üçün faiz ödəmir. “Məcburi ehtiyat normaları” qaydasına əsasən, AMB kommersiya banklarını onların resurslarının müəyyən faizini mərkəzi bankın hesabında “dondurulmuş” vəziyyətdə saxlamağa məcbur edir. Banklar bu vəsaitlərdən kredit kimi istifadə edə bilmir. Deməli, Mərkəzi Bank məcburi ehtiyat normasını yüksəltdikdə bank kreditləri və pul kütləsi azalır, bankların borcları üzrə faizlər yüksəlir. Bu məcburi normanın azaldılması isə banklara əlavə likvidlik verməklə kreditlərin və pul kütləsinin genişlənməsinə, bazar faizinin aşağı düşməsinə gətirib çıxarır.

Məcburi ehtiyat normaları artırılan zaman bankların kredit faizi dərəcələrində artım müşahidə olunur.

Mərkəzi banklar məcburi ehtiyat normalarını adətən dövriyyədə olan pul kütləsini azaltmaq və inflyasiya təzyiqini cilovlamaq məqsədilə artırırlar. Bu kimi alətlər bir qayda olaraq iqtisadiyyatda aktivliyin azalmasına gətirib çıxarır.

Oxu.az - Əkrəm Həsənov: Vəkillər Kollegiyasında ciddi islahatlar qaçılmazdır

Əkrəm Həsənov

Bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənovun “Yeni Müsavat”a dediyinə görə, bankların məcburi ehtiyat normalarının artırılması gözlənilən addımdır: “Belə alətlər Mərkəzi Bankın pul siyasətinin əsasını təşkil edir. İnflyasiya təhlükəsi artıqda Mərkəzi Bank ehtiyat normalarını artırırlar ki, I dövriyyədəki pul kütləsi azalsın. Normalar yüksək olanda banklar əhalidən yığdıqları əmanətlərin daha az hissəsini kredit kimi iqtisadiyyata buraxa bilirlər. Mərkəzi Bank əmanətlərin bir hissəsini bu məqsədə yönəldilməsinin qarşısını alır. Hesab edirəm ki, məcburi ehtiyat normalarının artırılması hazırda Azərbaycan Mərkəzi Bankının əlində olan ən təsirli alətlərdən biridir. Hətta uçot dərəcəsindən daha təsirlidir. Bu baxımdan, Mərkəzi Bankın bu addımının özünü məcburi addım kimi qiymətləndirmək olar”.

Ekspert bildirir ki, əmanətlər üzrə ehityat normalarının artırılması inflyasiyanın qarşısını almağa kömək etsə də, ölkədə iqtisadi aktivliyin də azalmasına gətirib çıxarır: “Bu alətin əsas mənfi təsiri iqtisadiyyatda kreditləşmənin azalması, bunun isə son nəticədə iqtisadi aktivliyi aşağı salmasıdır. Lakin hazırkı şərtlər daxilində mərkəz bankların çoxu məhz iqtisadi aktivliyi azaldan alətlərlə inflyasiyaya qarşı mübarizə aparırlar”.

Qeyd edək ki, gələn aydan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb edilə bilər. Bu gəlirlər 2015-ci ildəki kəskin devalvasiyalardan sonar əhalinin banklardakı əmanətlərini geri çəkməsinin qarşısını almaq üçün 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilib.

Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddətinin artırılması ilə bağlı hələ ki heç bir yenilik yoxdur, Milli Məclisə müvafiq qanun layihəsi daxil olmayıb. Bu isə müvafiq müddətin uzadılmayacağı ehtimalını artırır.

Xatırladaq ki, faiz gəlirlərinin vergidən azad olunması ilə yanaşı, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.

Bir çox mütəxəssislər hesab edirlər ki, əmanətlərin vergiyə cəlb olunması müddəti uzadılmasa əhali banklardakı pullarının mühüm bir qismini geri götürəcək. Bəzi ekspertlər isə verginin bütün əmanətlərə eyni həcmdə tətbiq olunmasını doğru hesab etməyərək, 10 min manata qədər olan məbləğ üçün 2-3 faizlik verginin tətbuq olunmasını təklif edirlər.

Ə.Həsənov bildirir ki, fevralın 1-də Vergi Məcəlləsinin 102.1.22-ci maddəsi ilə əmanətlər üzrə faiz gəlirinin 7 il müddətinə (2016-cı ildən) vergidən azad olunması haqda müddəası qüvvəsini itirəcək: “Həmin gəlir üzrə məcəllənin 123-cü maddəsinə əsasən 10 faiz vergi tutulacaq. Bu gün manat əmanətçiləri banklardan təxmini 10 faiz illik gəlir götürürlər. Vergi ödədikləri halda 10 faiz deyil, 9 faiz gəlir əldə edəcəklər. Elə də böyük fərq deyil. Buna görə də əmanətərin ciddi azalması üçün əsas yoxdur. Əslində 10 faiz vergi azdır, heç olmasa 20 faiz tutmaq lazımdır!

Ümumən isə illər boyu əmanətçilərin faiz gəliri üzrə vergi ödəməməsinin özü düzgün deyildi. Necə olur ki, kasıb vətəndaş gəliri üzrə 14 faiz, xərci üzrə 18 faiz (ƏDV), üstəlik əmlak və torpaq vergisi ödəyir, amma artıq pulu olan əmanətçi 10 faizlik vergini ödəmir? Ailələr var ki, banklarda milyonlarla vəsait saxlayır. Xeyir ola vergi vermirlər?

Hesab edirəm ki, bütövlükdə vergi sisteminə yenidən baxılmalıdır! Varlılar daha çox vergi ödəməlidir. Xüsusən də torpaqları və malikanələri üzrə. Kasıbın daxması və zənginin villasından eyni verginin tutulması ədalətsizliyin pik həddidir! Varlılardan toplanılan verginin ilk təyinat yeri kasıblara uşaq pulunun verilməsi ola bilər”…

Mərkəzi Bankın rəsmi məlumatına əsasən əhalinin banklardakı əmanətlərinin məbləği 2022-ci ilin yanvar-oktyabrında 29,4 faiz artaraq 2022-ci il noyabr ayının 1-nə milli valyuta ekvivalentində 11 milyard 500,0 milyon manat təşkil edib. Əmanətlərin 61,4 faizi milli, 38,6 faizi xarici valyutada olub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 40,0 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 15,5 faiz artıb. Nəticədə  banklardakı dollar əmanətlərinin ümumi əmanət portfelindəki payı 2021-ci ilin müvafiq dövrünə nəzərən 4.6 faiz bəndi azalıb.

Əmanətlərin həcmi  2022-ci il dekabrın 1-nə isə 11 milyard 588.6 milyon manata çatıb. Bu, oktyabrla müqayisədə 0,7 faiz çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə isə əhalinin banklardakı depozitləri 28 faiz artıb. 2021-ci ilin yanvar-oktyabr aylarında bu əmanətlərin həcmi 9 milyard 51.7 milyon manat təşkil etmişdi.

Həmçinin oxuyun

Azərbaycanda daha bir bank bağlanır – RƏSMİ

“Naxçıvan Bank” ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 …