Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank: Nağdsız əməliyyatların həcmi 5,7 dəfə artıb

Mərkəzi Bank: Nağdsız əməliyyatların həcmi 5,7 dəfə artıb

“Ölkədə dövriyyədə olan nağd pulun çəkisini müəyyən etmək üçün aparılan qiymətləndirmələr göstərir ki, 2016-cı il üzrə 180 milyard ümumi dövriyyənin 152 milyard manatını biznesin ümumi gəlirləri təşkil edib. Sahə üzrə araşdırmaların nəticələri bu gəlirlərin 109 milyard manatının (72 faiz) nağd gəlirlərdən ibarət olduğunu üzə çıxarıb”.
Bunu Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev “Azərbaycan” qəzetinə “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” ilə bağlı verdiyi müsahibədə deyib.

Mərkəzi Bank sədrinin birinci müavini bildirib ki, biznes subyektləri arasında nağd pulun çəkisinin azaldılması üçün ilk növbədə biznesin nağd puldan istifadə motivləri aradan qaldırılmalı, institusional mühitin nağdsız ödənişlərin inkişafına əlverişliyi təmin olunmalı, ədalətli rəqabətə əsaslanan bazar strukturu formalaşmalı, vergi sisteminin effektivliyi artırılmalı, vergidən yayınmağa imkan verən hallar aradan qaldırılmalıdır.

“Bu baxımdan dövlət proqramının əsas istiqaməti rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılmasıdır. Bu istiqamət çərçivəsində əlverişli biznes mühitinin inkişaf etdirilməsi, səmərəli vergi sisteminin təşviq olunması, sosial sığorta ayırmalarının diferensiallaşdırılması və təkmilləşdirilməsi prioritetləri nəzərdə tutulur. Əlverişli biznes mühitinin daha da inkişaf etdirilməsi məqsədilə rəqabət mühitinin gücləndirilməsi, kiçik və orta müəssisələrin rəqabət qabiliyyətinin artırılması, vergitutma mexanizminin sadələşdirilməsi, sadələşdirilmiş vergi sisteminin tədricən ƏDV sistemi ilə əvəzləşdirilməsi və ƏDV dərəcəsinin diferensiallaşdırılması, vergi auditinin və hesabatlılığının effektivliyinin artırılması, əməkhaqlarının rəsmiləşdirilməsinə işəgötürənlərin və işçilərin həvəsləndirilməsi kimi mühüm tədbirlər həyata keçiriləcək”.

A.Quliyev qeyd edib ki, elektron ticarətlə aparılan ödənişlərin həcminin aşağı səviyyədə olmasının əsas səbəbləri sırasına ölkəmizdə elektron ticarət platformalarının məhdudluğu, stimullaşdırıcı tədbirlərin lazımi səviyyədə təşkil edilməməsi, əhalinin nağd pulla ödəniş vərdişi, regionların, xüsusilə kənd yerlərinin müasir rabitə infrastrukturu ilə tam əhatə olunmaması kimi amillər daxildir.

“Lakin qeyd edilməlidir ki, son vaxtlar nağdsız ödənişlərin həcminin artırılması istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Nəticədə ölkədaxili elektron ticarət vasitəsilə aparılan əməliyyatların həcmi son üç il ərzində 5,7 dəfə, ödəniş kartları ilə aparılan nağdsız ödənişlərin həcmi isə 2,8 dəfə artıb. Dövlət Proqramının icrası bu sahədə əsaslı dönüşə gətirib çıxaracaq”. (AzVision.az)

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …