Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankın pul siyasəti: Manatı nə gözləyir? – ŞƏRH

Mərkəzi Bankın pul siyasəti: Manatı nə gözləyir? – ŞƏRH

“Növbəti il dünya iqtisadiyyatı üçün çətin ola bilər”

Neftin kəskin ucuzlaşmasının manatın məzənnəsinə təsir edəcəyi ilə bağlı narahatlıq yaransa da, dövlət rəsmiləri, eləcə də deputatlar bunu təkzib edirdi. Amma Mərkəzi Bankın 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında manatın məzənnəsinin sabit qalacağı vəd edilmir. 

Bəyanatda bildirilir ki, 2019-cu ildə manatın məzənnəsi dövlətin valyuta satışı və idxal, xarici borc, kapital axınları, beynəlxalq vəziyyətin balansından asılı olacaq. Həmçinin qeyd olunur ki, manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq:

 

“Hesablamalar göstərir ki, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin “lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir. Valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq. Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcək. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi fundamentallar müəyyən edir”.

Bəyanatda manatın bu il ərzində olan vəziyyətindən də bəhs olunub. Qeyd edilib ki, 2018-ci ildə xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib:

“Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olmuş, valyuta bazarında təklif tələbi üstələyib. Yalnız aprel və avqust aylarında xarici valyutaya tələbin artması bəzi tərəfdaş ölkələrdə milli valyutanın kəskin ucuzlaşmasının məzənnə gözləntilərinə təsiri ilə əlaqədar olub. Bu aylarda valyutaya tələbin artması fundamental makroiqtisadi amillərdən irəli gəlmədiyindən onun məzənnəyə təsiri neytrallaşdırılıb. Sonrakı aylarda bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları maliyyə bazarlarını stabilləşdirib”. 

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Mərkəzi Bankın bəyanatındakı məqamlar birmənalı deyil:

“Bir tərəfdən Mərkəzi Bankdan bildirilir ki,  növbəti ildə inflyasiya dərəcəsi 4, maksimum isə 6 faiz təşkil edəcək. Digər tərəfdən isə milli valyutanın məzənnəsinə dair isə nədənsə proqnoz vermir. Buna baxmayaraq ki, bəyanatda qeyd edir ki, inflyasiyanın səviyyəsi manatın məzənnəsindən asılı olacaq. Bu  o deməkdir ki, Mərkəzi Bankdan bildirilir ki, məzənnə dəyişərsə, inflyasiya ilə bağlı proqnozuna cavabdeh deyillər. Azərbaycan əksər məhsulları xaricdən gətirdiyinə görə, aydındır ki, devalvasiya olarsa, inflyasiya yüksək olacaq. Mərkəzi Bank isə buna təminat vermir”.

Əkrəm Həsənov Mərkəzi Bankın mövqeyinin anlaşılan olduğunu deyir:

“Çünki Azərbaycanda milli valyutanın məzənnəsi neftin qiymətindən asılıdır. Neftin qiymətinin necə olacağını isə proqnozlaşdırmaq mümkün deyil. Son ayda baş verənlər, xüsusilə dekabrın 25-də ABŞ fond birjalarında indekslərin düşməsi onu göstərir ki, növbəti il ümumiyyətlə dünya iqtisadiyyatı üçün çətin il ola bilər”. 

Bununla yanaşı, Əkrəm Həsənov deyir ki, Mərkəzi Bankın inflyasiyaya dair verdiyi proqnozun real olacağına şübhə etməyə əsas verən başqa bir məqam isə Vergi Məcəlləsinə edilən dəyişikliklərdir:

“Dəyişikliklərin sistemli təhlili onu göstərir ki, sahibkarların vergi yükü artacaq. Sahibkarın vergisi artacaqsa,  o da təbii ki, satdığı malların və göstərdiyi xidmətlərin qiymətini artıracaq. Bu da ümumilikdə inflyasiya deməkdir”.

Bank məsələləri üzrə ekspert gələn ilin manat üçün çətin, hətta ağır il ola biləcəyini deyir:

“Bütün bunların hamısı baş verərsə, neftin qiyməti kəskin düşsə, dünya bazarlarındakı vəziyyət ağırlaşsa, daxildə qiymət artımı baş versə manata təzyiqlər yüksək olacaq. Hesab edirəm ki, bunlarda hansısa biri mütləq baş verəcək və Mərkəzi Bankın proqnozunun doğrulacağı ehtimalı azdır”.

“Manatın məzənnəsinin son illər ərzində hökumət tərəfindən inzibati yollarla saxlandığı sirr deyil. Bəs bundan sonra məzənnənin inzibati yollarla saxlaması mümkündürmü?” sualına cavabında Əkrəm Həsənovun cavabı belə olub:

“Bu neftin qiymətin ucuzlaşmayacağı təqdirdə mümkündür. Manatın məzənnəsinin Mərkəzi Bankla Dövlət Neft Fondu valyuta gəlirlərin hesabına saxlayır. Yəni xaricə neft satılır, valyuta əldə edilir, onun vasitəsilə saxlanılır. Neftin qiyməti kəskin düşməsə, hələlik bu yolla məzənnəni saxlamaq mümkündür. Amma neftin qiyməti davamlı düşərsə, bunu icra etmək çətin olacaq. Necə ki, 2015-2016-cı illərdə mümkün olmamışdı”.

“Neftin hansı qiymət aralığında olması manat üçün təhlükə yaradır?” sualına cavab olaraq ekspert bildirib ki, neft 40 dollardan satılarsa, təhlükə ehtimalını xeyli yüksək edəcək.

Həmçinin oxuyun

BVF 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu yaxşılaşdırıb

Beynəlxalq Valyuta Fondu (BVF) 2021-ci ildə qlobal ÜDM artımı proqnozunu keçən ilin oktyabr ayı ilə …