Çərşənbə axşamı , May 30 2023
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bankdan ilin üçüncü faiz qərarı: Nə gözlənilir?

Mərkəzi Bankdan ilin üçüncü faiz qərarı: Nə gözlənilir?

Bu gün dünya maliyyə və biznes cameəsinin diqqəti ABŞ-a yönəlib: Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsi ilə bağlı ikigünlük müzakirələr yekunlaşacaq və FED qərarını açıqlayacaq. Analitik mərkəzlər uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 5-5,25 faizə çatdırılacağını proqnozlaşdırırlar. Mart ayında ABŞ-da illik inflyasiya 6 faizədək azalıb, lakin bu, FED-in hədəflədiyi 2 faizdən yüksək göstəricidir. Bu baxımdan, uçot dərəcəsinin artırılması siyasətinin bu dəfə də davam etdiriləcəyinə analitik mərkəzlərin inamı 90 faizdir. On faiz isə daha kəskin artım proqnozlaşdırır. Onlar aprel ayında ABŞ-da istehsal sektorunda işgüzar aktivlik indeksi olan İSM-in birdən-birə 49,2 faizdən 53,2 faizə yüksəlməsini əsas gətirirlər: bu indeksin yüksəlişi istehsal sektoruna qiymət təzyiqinin artdığını göstərir.

İqtisadi mərkəzlərin proqnozlarına əsasən, aprel ayında ABŞ-da martdakı 236 minə qarşı 180 min yeni iş yeri yaradılıb. İşsizlik səviyyəsinin isə 3,5 faizdən 3,6 faizə yüksəlməsi proqnozlaşdırılır. Bu göstəricilər ABŞ iqtisadiyyatının resessiyaya doğru getməsinin əsas əlamətləri kimi qiymətləndirilir və analitik mərkəzlərin 69 faizə yaxını bu qənaətdədir ki, FED uçot dərəcəsini artırmaq siyasətini dayandıracaq, iyunda onun dəyişməz saxlanması qərarını alacaq.

Mayın 4-də isə dünyanın ikinci böyük iqtisadi mərkəzində – Avropada Mərkəzi Bankın da depozit, marja və yenidən kreditləşmə dərəcəsi faizinə yenidən baxması nəzərdə tutulur. Proqnozlara əsasən Avropa Mərkəzi Bankı depozit faizini 3,25-ə, yenidən kreditləşmə dərəcəsini 3,75 faizə, marja kreditləşmə dərəcəsini isə 4 faizə qaldıracaq. Lakin apreldə Avropa Birliyində inflyasiyanın yenidən 0,1 faiz artmasını əsas gətirən bəzi analitik mərkəzlər faiz dərəcələrinin daha kəskin artımına gediləcəyini gözləyirlər.

Qeyd edək ki, bu gün – mayın 3-də Azərbaycan Mərkəzi Bankının (MB) İdarə Heyəti də uçot faiz dərəcəsinə dair qərarını elan edəcək. Qurum sonuncu dəfə uçot faiz dərəcəsinə dair qərarı martın 29-da verib. Həmin vaxt uçot dərəcəsi 8,50 faizdən 8.75 faizə, faiz dəhlizinin aşağı həddi 6,75 faizdən 7 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9,50 faizdən 9.75 faizə qaldırılıb. Beləliklə, Mərkəzi Bank 4 son iclasın hər birində 25 baza bəndi artıma getməklə 7.75 faizdən 8.75 faizə qədər yüksəldib.

Mərkəzi Bank son artım qərarını daxili və xarici mühitdə qiymət səviyyəsinə azaldıcı və artırıcı təsir göstərən amillərin dinamikasını nəzərə almaqla verdiyini açıqlayıb.

Xarici mühit amilləri dedikdə, ilk öncə dünya bazarlarındakı qiymət dəyişiklikləri nəzərdə tutulur. Burada isə əsas iki bazar – ərzaq və neft bazarındakı proseslər əhəmiyyət kəsb edir.

BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının məlumatına əsasən, mart ayında dünya ərzaq qiymətləri indeksi fevralla müqayisədə 2,1 faiz azalmaqla 126,9 bənd təşkil edib. Ötən ilin martı ilə müqayisədə indeks 32,8 bənd, yaxud 20,5 faiz azalıb.

Martda ərzaq qiymətləri indeksinin azalmasında əsas rolu taxıl, bitki yağı və süd məhsullarındakı ucuzlaşma oynayıb. Şəkər və ət qiymətləri isə artıb. Belə ki, taxıl qiymətləri indeksi fevralla müqayisədə martda 8,2 bənd və ya 5,6 faiz, ötən ilin martı ilə müqayisədə isə 31,6 bənd və ya 18,6 faiz aşağı olub. Mart ayında bütün növ taxıl məhsullarının qiymətində ucuzlaşma baş verib – ən çox ucuzlaşan isə 7,1 faizlə buğda olub. Bu ucuzlaşmaya səbəb dünyada buğda ehtiyatlarının ciddi artımı, ixracatçılar arasında rəqabətin güclənməsidir. Ukrayna taxılının dəniz yolu ilə dünya bazarına çıxarılmasına imkan verən İstanbul razılaşmasının müddətinin uzadılması da bazara müsbət təsir göstərib. Bundan əlavə, Avstraliya və Avropa İttifaqında yeni mövsüm məhsulu ilə bağlı gözləntilərin yaxşılaşması da qiymətlərə salıcı təsir göstərib.

Mart ayında dünya bazarında bitki yağlarının qiymətində fevralla müqayisədə 4,1 bənd, yaxud 3 faiz azalma qeydə alınıb – 131,8 bənd. Bu, ötən ilin eyni dövrünə nəzərən 47,7 faiz aşağıdır. Ən çox ucuzlaşma soya, raps, günəbaxan yağlarında qeydə alınıb. Bu ucuzlaşma palma yağındakı bahalaşmanı tam kompensasiya edib.

Süd məhsulları indeksi isə martda 1,1 bənd, yaxud 0,8 faiz azalaraq 130,3 bənd təşkil edib.  Ət qiymətləri indeksi fevralla müqayisədə 0,9 bənd  və ya 0,8 faiz artmaqla 113 bənd olub. Bu artıma ABŞ-da mal ətinin bahalaşması səbəb olub. Donuz əti Pasxa bayramı ilə əlaqədar alışların artması fonunda cüzi bahalaşsa da, quş əti tələbatın azalması fonunda ciddi qiymət itkisinə məruz qalıb.

Qlobal şəkər qiymətləri indeksi ikinci aydır artım nümayiş etdirir. Martda fevrala nisbətən 1,8 bənd və ya 1,5 faiz artmaqla 2016-cı ildən bəri ən yüksək həddə 127 bəndə çatıb. Bu artımın  səbəbi əsas ixracatçılar olan Hindistan, Tailand və Çində məhsuldarlıqda gözlənilən azalmalardır.

Aprel ayının nəticələri açıqlanmasa da, bazarlarda qiymətlərin ötən ay da azaldığı gözlənilir.

Azərbaycanın əsas gəlir mənbəyi olan neft bazarında isə aprel ayında proseslər kəskin təzadlı gedişatı ilə diqqəti cəlb edib. Martın sonları, aprelin əvvəli üçün əsas etalon markası olan Brent neftinin bir bareli 74 dollara qədər ucuzlaşıb. Lakin aprelin əvvəlində  OPEK+ ölkələrinin maydan etibarən hasilatı gündə 1,6 milyon barel daha azaltmaq qərarını açıqlamalarından sonra 86-87 dollara qədər yüksəlib. Aprelin sonlarına doğru dünyanın bir saylı iqtisadiyyatına malik ABŞ-da resessiya gözləntilərinin artması fonunda qiymətlər yenidən azalaraq 80 dollardan aşağı düşüb. Bu dövrdə Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşməyib. Bu isə o deməkdir ki, ölkəyə hər barel neft ixracından büdcədə nəzərdə tutulandan 30 dollar çox gəlir daxil olub. Dünya qaz bazarındakı konyukturun da əlverişli olması şəraitində yanvar-mart aylarında büdcəyə neft-qaz sektorundan nəzərdə tutulandan 1 milyard 726,5 milyon manat çox vergi gəliri daxil olub.

Uçot dərəcəsi barədə Mərkəzi Bankın qərarına təsir edən daxili amillər arasında ölkədə qeydə alınan inflyasiya əhəmiyyətli rol oynayır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin mart ayında Azərbaycanda inflyasiya səviyyəsi aylıq 1.5 faizdən 0.7 faizə, illik isə 13.9 faizdən 13.8 faizə düşüb. İnflyasiyaya təsir edən əsas amil ərzaq bazarındakı qiymətlərdir. Rəsmi statistika 2023-cü ilin mart ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının fevralla müqayisədə 1,3 faiz, 2023-cü ilin yanvar-mart aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 17,1 faiz artdığını qeydə alıb.

Bundan əlavə, 2023-cü ilin mart ayında əvvəlki ayla müqayisədə sənaye məhsullarının istehsalçı qiymət indeksi 3,6 faiz azalmaqla 96,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 5 faiz azalmaqla 95,0 faiz, emal sənayesi üzrə 0,7 faiz azalmaqla 99,3 faiz təşkil edib, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələrində isə istehsalçı qiymət indeksi dəyişməyib. Cari ilin mart ayında əvvəlki ayla müqayisədə istehsalçı qiymət indeksi neft-qaz sənayesi məhsulları üzrə 4,9 faiz azalmaqla 95,1 faiz, qeyri neft-qaz sənayesi məhsulları üzrə isə 0,4 faiz artmaqla 100,4 faiz təşkil edib.

Dünya bazarlarındakı ucuzlaşmaya baxmayaraq, Azərbaycana 2023-cü ilin fevral ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,4 faiz, 2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 21,1 faiz artıb.

Fevralda ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 12,3 faiz azalmaqla 87,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 15,6 faiz azalmaqla 84,4 faiz, 2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,8 faiz azalmaqla 95,2 faiz təşkil edib. İxrac olunan qeyri neft-qaz məhsullarının qiymət indeksi 2023-cü ilin fevral ayında əvvəlki ayla müqayisədə 2,8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 4,2 faiz, 2023-cü ilin yanvar-fevral aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3 faiz artıb.

2023-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi 2022-ci ilin IV rübü ilə müqayisədə 3,1 faiz, o cümlədən ilkin mənzil bazarı üzrə 2,6 faiz, təkrar mənzil bazarı üzrə 3,1 faiz təşkil edib.

Beləliklə, dünyada inflyasiyanın sürətinin kəskin azalması, qlobal bazarlarda qiymətlərin ucuzlaşması fonunda Azərbaycana həmin bazarlardan idxal olunan məhsulların qiymətində dəyişiklik baş vermir. Nəticədə ölkə üzrə inflyasiya səviyyəsi Mərkəzi Bankın bu il üçün hədəf götürdüyü 8 faizdən xeyli yüksək olaraq qalır. Bu isə uçot dərəcəsinin yenidən artırılacağını göstərir.

Həmçinin oxuyun

İrandan Azərbaycana dəmir yolu ilə yükdaşımalar 81 % artıb

Son 2 ayda İrandan Azərbaycana dəmir yolu nəqliyyatı ilə 120,125 min ton yük daşınıb. “Report” “Mehr” …