Çərşənbə , Dekabr 19 2018
Ana səhifə / İqtisadiyyat / Mərkəzi Bank: “Üzən məzənnəyə tam keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır”

Mərkəzi Bank: “Üzən məzənnəyə tam keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır”

Azərbaycanda üzən məzənnəyə tam keçmək üçün ilk növbədə onun şəraitini yaratmaq lazımdır, Mərkəzi Bank bildirir.

Qurumdan BBC News Azərbaycancaya verilən məlumata görə, bunun üçün ixrac daha da şaxələndirilməli və bu əsasda şaxələnmiş valyuta bazarı mövcud olmalıdır.

“Son dövrlərdə ölkədə aparılan irimiqyaslı diversifikasiya işləri nəticəsində orta müddətli dövrdə şaxələnmiş valyuta bazarı yarana bilər. Buna uyğun şəkildə paralel digər tədbirlərin reallaşdırılması üzən məzənnəyə keçidə şərait yarada bilər”, qurum bildirir.

Üzən məzənnəyə keçidlə bağlı bu, Mərkəzi Bankın ilk açıqlaması deyil. İlk belə açıqlama 2015-ci dekabrında edilmişdi.

İqtisadi təhlilçilər qeyd edir ki, Azərbaycanda üzən məzənnəyə keçid mümkün deyil.

Üzən məzənnəyə keçid üçün tələblər

Mərkəzi Bankın BBC News Azərbaycancaya verdiyi məlumatda deyilir ki, Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına yönəlmiş kompleks tədbirlər, bu istiqamətdə qəbul edilmiş qərarlar 2017-ci ildə məzənnə rejiminin çevikliyinin artırılmasına əlverişli zəmin yaradıb.

Buna misal olaraq, bankın məlumatında xarici valyutanın nağd və qeyri-nağd satış məzənnəsinə rəsmi məzənnəyə nəzərən qoyulmuş limitin (+4%) 12 yanvar 2017-ci il tarixindən aradan qaldırılması göstərilir.

Mərkəzi Bank bildirir ki, üzən məzənnə rejiminə tam keçid pul siyasətinin alternativ lövbərinin formalaşdırılmasını da tələb edir.

Yəni məzənnə bazarın ixtiyarına verilirsə, monetar şəraiti xarakterizə edən və pul siyasəti qərarlarını iqtisadiyyata transmissiya edən, Mərkəzi Bank tərəfindən tənzimlənə bilən başqa bir indikator olmalıdır.

“Hazırda pul bazası belə alternativ lövbər rolunu oynayır. Lakin, beynəlxalq təcrübəyə əsasən banklararası bazarda qısamüddətli faiz dərəcələri optimal alternativ lövbər rolunu oynaya bilər. Bunun üçün isə banklararsı bazarın inkişafı tələb olunur”.

Qurum pul bazarlarının inkişafı istiqamətində işlər aparıldığını deyir.

“Qəbul edilmiş “Pul bazarının inkişafı proqramı”na uyğun olaraq mütəşəkkil təminatsız banklararası kredit bazarının yaradılması, qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası REPO bazarının formalaşdırılması, habelə banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı istiqamətində tədbirlər nəzərdə tutulmuşdur”, Mərkəzi Bank deyir.

Keçid “mümkün deyil”

İqtisadi təhlilçi Toğrul Vəliyev hesab edir ki, Azərbaycanda üzən məzənnə valyutanı bazarda bir neçə subyekt satmağa başladıqda mümkün olacaq:

“Ölkədə cəmi bir subyekt valyuta satır, valyuta neftdən qazanılır və Dövlət Neft Fondu vasitəsilə satılır. Üzən məzənnə bazarı formalaşdırmaq istəyirlərsə, ölkədə onlarla belə subyekt olmalıdır”.

Cənab Vəliyev hesab ki, ölkədə banklar bir-birinə valyuta sata bilməlidir:

“Bizdə banklar valyutanı ya Mərkəzi Bankdan, ya da Dövlət Neft Fondundan alırlar. Deyirlər edəcəklər, reallıqda isə bir tədbir görülmür. Görək nə edirlər elə bir tədbir yoxdur ki bunu stimullaşdırsın”.

Hüquqşünas Əkrəm Həsənov Mərkəzi Bank artıq 3-cü dəfə “üzən məzənnəyə keçidlə” bağlı açıqlama verdiyini qeyd edir.

“Bu haqda ilk dəfə ikinci devalvasiyadan sonra deyilmişdi. Hamıya bəllidir ki, Azərbaycanda üzən məzənnə yoxdur, heç vaxt olmayıb.

Milli valyutamızın məzənnəsini mərkəzi bank inzibati qaydada müəyyənləşdirir, əks halda valyutamız il yarımdır sabit qalıb”.

Əkrəm Həsənov hesab edir ki, bu qədər vədlərdən sonra bu bəyanat etimad doğurmur.

“Azərbaycan kimi valyutasının məzənnəsi bir tək resursdan – neftdən aslıdır. Burada yaxın illərdə üzən məzənnəyə keçmə ehtimalını görmürəm. Neft bahadır, valyuta isə sabit, neft ucuzlaşsa valyuta da ucuzlaşacaq.

“İşlər görülür”

Təhlilçilərin bu şərhinə cavab olaraq Mərkəzi Bank bildirir ki, ölkənin valyuta gəliri mənbələrinin və valyuta bazarında təklif mənbələri çoxdur.

Qurum buraya qeyri-neft mal və xidmət ixracı ilə yanaşı xaricdən pul baratları, qeyri-neft sektoruna birbaşa və portfel investisiyalar, xaricdən alınan borcların aid olduğunu deyir.

“Son vaxtlar ölkədə de-dollarizasiyanın getməsi də faktiki olaraq valyuta bazarında təklifi genişləndirən amildir. Bununla belə təbii ki, valyuta bazarında təklif mənbələrinin daha da diversifikasiya olunması üzən məzənnə rejiminin uğurlu tətbiqinin vacib şərtlərindən biridir. Bu istiqamətdə də ölkədə oratmüddətli və uzunmüddətli dövrü əhatə edən iri miqyaslı işlər görülür”, Qurum BBC News Azərbaycancanın sorğusuna cavabında deyib.

VIPedu.BIZ

Həmçinin oxuyun

Dolların sabaha olan məzənnəsi

Mərkəzi Bankdan verilən məlumata görə, 20.12.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə …